"Zubrları
təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji
yay düşərgəsi keçirilib
Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə start verilən "Azərbaycanda zubrların
reintroduksiyası” proqramının gənclərin maarifləndirilməsi
və inkişafı istiqaməti üzrə "Zubrları təbiətimizə
qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi
keçirilib.
AZƏRTAC
xəbər verir ki, IDEA İctimai Birliyi, Azərbaycan
Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyi və
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan
nümayəndəliyinin təşkilatçılığı,
Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
keçirilən düşərgəyə Qəbələ
rayonundan 60-a yaxın məktəbli qoşulub.
Yay düşərgəsinin əsas məqsədi reintroduksiya olunmuş zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.
Düşərgənin ilk günündə məktəblilər zubrların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, bu nadir canlı növünün təbiətimizə qaytarılması üzrə görülən işlər haqda təqdimatlarda iştirak edib, zubrların populyasiyasının məhvinə səbəb olan amillərlə bağlı təlimlərə, o cümlədən müxtəlif ekoloji müsabiqələrə, biomüxtəlifliklə bağlı əyləncəli bilik yarışmalarına qoşulublar.
Düşərgənin ikinci günündə iştirakçıların Şahdağ Milli Parkına ekskursiyası təşkil olunub. Burada məktəblilər Milli Parkın zəngin bioloji müxtəlifliyi ilə tanış olub, eyni zamanda, reintroduksiya proqramı çərçivəsində Azərbaycana gətirilən zubrları canlı izləmək şansı əldə ediblər. Məktəblilərə ölkəmizə gətirilərək uğurlu adaptasiya dövrü keçmiş zubrlar, layihənin icra mərhələləri və uğurları haqda məlumatlar verilib. Bununla yanaşı, uşaqlar heyvan izlərinin və bitki növlərinin təyin edilməsi, ərazinin xəritəsinin hazırlanması, meşədə sığınacaq yerlərinin təşkili və təhlükəsizlik qaydaları, ərazinin bitki və heyvan növlərinin təyini üzrə təlimlərdə iştirak ediblər. Düşərgənin son günü komandalar arasında rollu oyunlar keçirilib, əhalinin müxtəlif sosial qruplarının ekosistem xidmətlərindən istifadəsinin və nadir heyvanların qorunmasına münasibəti mövzusunda müzakirələr təşkil olunub. Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Qafqaz zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı proqram çəçivəsində IDEA İctimai Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirir. Layihə çərçivəsində 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 baş, 2020-ci ildə isə daha 5 baş zubr gətirilərək təbiətə buraxılıb. Ölkəmizə gətirilən zubrlarda təbii artımın müşahidə edilməsi onların adaptasiya dövrünü uğurla tamamladığını göstərir.
IDEA
İctimai Birliyinin təşəbbüsü ilə ətraf
mühit və biomüxtəliflik mövzusunda düşərgələr
mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər
il təşkil edilir. Sözügedən
düşərgələr müvafiq fauna növlərinin məskunlaşdığı
regionlarda və həmin ərazilərdə
yaşayan məktəblilər üçün təşkil olunur.
Ötən illərin yay aylarında
Masallı, Lerik, Salyan,
Qax, Qəbələ və
İsmayıllı rayonlarında keçirilmiş
3 günlük yay düşərgələrində
600-ə yaxın məktəbli iştirak
edib.
Azərbaycan.-2022.- 1 iyul.- S.11.