Azərbaycanın növbəti tarixi töhfəsi

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təsis olunması təşkilata üzv dövlətlər tərəfindən təqdir olunur

 

 

Bakı daha bir beynəlxalq tədbirə evsahibliyi etdi. Heydər Əliyev Mərkəzində keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı Konfransında 40-dan çox ölkənin parlamenti və 9 beynəlxalq parlament təşkilatı təmsil olundu. Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani göstəricisi olan konfrans vacib müzakirələrlə yadda qaldı.

 

 

 

Etimadın göstəricisi

 

 

 

Qoşulmama Hərəkatı (QH) BMT-dən sonra dünyanın ikinci böyük təşkilatıdır. 120 ölkəni birləşdirən QH dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur.  Azərbaycanın üzv olduğu digər təşkilatlarla müqayisədə QH-də iştirakı nisbətən yenidir. Belə ki, milli maraqlarımızı qətiyyətlə təmin edən xarici siyasət kursu yürüdən respublikamız QH-yə cəmi 11 il əvvəl - 2011-ci ildə tamhüquqlu üzv olmaq barədə qərar verib.

Azərbaycan ilk gündən hərəkatın ruhuna və prinsiplərinə  hörmətlə yanaşıb. Bu da ondan irəli gəlir ki, rəsmi Bakı bütün dövlətlərlə bərabər əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş siyasət həyata keçirir. Ona görə hərəkata üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuzetimad qazanıb.

2019-cu ildən isə Azərbaycan QH-yə sədrliyi həyata keçirir. Ötən dövr ərzində hərəkatın sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm tədbirlər həyata keçirilib. Xüsusən Prezident İlham Əliyevin təşəbbüsləri ilə QH-nin pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olunubböyük razılıqla qarşılanıb. Bu tədbirlər pandemiya ilə mübarizədə beynəlxalq  həmrəyliyin, o cümlədən COVID-19 əleyhinə peyvəndlərə əlçatanlığın təmin edilməsində böyük rol oynayıb. Ötən ilin dekabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib.

Ümumiyyətlə, Azərbaycanın QH-yə sədrliyi səmərəli olmaqla, hərəkatın fəaliyyətinin daha da canlandırılmasına, onun qlobal proseslərdə iştirakına böyük töhfələr verib. Respublikamızın hərəkata sədrliyinin bir il uzadılması da bundan irəli gəlir. Bu, qlobal miqyasda ölkəmizə göstərilən etimadın növbəti nümunəsidir. Respublikamız isə bundan sonra QH-nin fəaliyyətini qlobal problemlərin həlli uğrunda qətiyyətlə və layiqincə səfərbər edəcək.

 

"Azərbaycan həmişə regional mövzularqlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının Sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik", - bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zamanı bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin QH-nin qlobal səviyyədə gedən proseslərdə rolu barədə fikirləri təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

 

Azərbaycan nümunəsi

 

 

 

Xatırladaq ki, ötən il QH-də Azərbaycan təşəbbüsü əsasında Hərəkatın üzv dövlətlərini təmsil edən gənclərin iştirakı ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi təsis olunub. Azərbaycanın irəli sürdüyüüzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bunlar QH-nin institusional inkişafı üçün atılmış mühüm addımlardır.

Azərbaycanın QH-yə uğurla sədrlik etməsinin başqa bir nümunəsi təşkilatın Parlament Şəbəkəsinin yaradılmasıdır. QH-nin prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin noyabr ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışında Azərbaycanın bu təşəbbüsünün dəstəklənməsinə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib: "Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda dünyanın müxtəlif parlament təşkilatları ilə sıx münasibətləri quracaq".

QH Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın bu təşkilatın fəaliyyətinə tarixi töhfəsidir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə təsis olunan Parlament Şəbəkəsi təşkilata üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki bir sıra mövcud problemləri yalnız beynəlxalq səylər nəticəsində birgə həll etmək mümkündür. Təbii ki, bu işdə parlamentlər də öz sözünü deməli, qlobal problemlərə qarşı səylərini birləşdirməlidirlər.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 2 iyul.- S.1;5.