Bakıda ABŞ-ın Müstəqillik
Günü qeyd edilib
İyulun 1-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 246-cı ildönümü ilə əlaqədar tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və ABŞ-ın Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ölkəsinin müstəqillik tarixindən danışıb. O xatırladıb ki, 1776-cı il iyulun 4-də ABŞ-ın müstəqillik bəyannaməsinin imzalandığı gündür.
Diplomat bildirib ki, son 30 ildə ölkələrimiz arasındakı əlaqələrdə böyük irəliləyiş baş verib. Vurğulayıb ki, bu tədbir ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə keçirilir və iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
Maliyyə naziri Samir Şərifov tədbirdə çıxış edərək ABŞ xalqını və hökumətini Azərbaycan hökuməti adından təbrik edib. O, bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd edildiyini bildirib.
Azərbaycan və ABŞ arasındakı əlaqələrdən danışan nazir bu əlaqələrin hər iki dövlətin maraqları və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri çərçivəsində bir çox sahələrdə, xüsusilə energetika və qlobal terrorizmlə mübarizə sahələrində olduqca fəal inkişaf etdiyini qeyd edib.
"Son zamanlar Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə təmaslarda canlanma müşahidə olunmaqdadır. ABŞ-ın dövlət katibinin müavininin və köməkçisinin ölkəmizə səfərləri, Azərbaycan Prezidentinin köməkçisinin isə ABŞ-a səfəri, keçirilən görüşlər iki ölkə arasında münasibətlərin yeni müstəvidə inkişafının göstəricisidir", - deyə S.Şərifov diqqətə çatdırıb.
O vurğulayıb ki, bu ilin payızında Vaşinqtonda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının beşinci iclası keçiriləcək. Azərbaycan artıq bu iclasa hazırlıq işlərinə başlayıb.
Tədbirdə
rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici
ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq
təşkilatların təmsilçiləri, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Azərbaycan.-2022.- 2 iyul.- S.1;6.