Xəzərin dayazlaşması ciddi ekoloji fəlakətdir

 

 

İlham Əliyev Aşqabadda bu qlobal problemin həlli istiqamətində xüsusi ekspert qrupunun yaradılmasının vacibliyini bəyan etdi

 

 

 

Əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik Azərbaycan bu gün artıq qlobal əhəmiyyətli enerji layihələrinin müəllifi kimi tanınıb.

Ölkəmiz həmçinin coğrafi üstünlüyündən faydalanaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəzə çevrilib. Əlverişli geostrateji mövqeyimiz keçən 20 ilə yaxın dövr ərzində irimiqyaslı layihələrin həyata keçirilməsinə, nəqliyyat-kommunikasiya infrastrukturunun müasir tələblərə cavab verən səviyyəyə çatmasına imkan verib.

Xəzərin yaratdığı imkanlardan istifadə etməklə regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycanın ərazisindən keçən "Şərq-Qərb" nəqliyyat dəhlizi Avrasiyanı birləşdirən ən qısa nəqliyyat marşrutudur. Bununla yanaşı, ölkəmiz Çin-Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin çəkilən xərclərə qənaət etməyə imkan yaradır.

 

 

 

Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri

 

 

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir. Bununla bağlı imzalanan bütün sazişlərdə, konvensiyalarda Azərbaycanın təşəbbükarlığı deyilənlərin bariz təcəssümüdür.  İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında da bu məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Toplantıda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın mövcud imkanları və potensialından söz açaraq qeyd edib ki, Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olan ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizlərinin inkişafında mühüm rol oynayır, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Faktlar və rəqəmlər təsdiq edir ki, "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutları üzrə Azərbaycan ərazisindən keçən yükdaşımalar hər il artır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi isə imkanları daha da genişləndirib. Yeni limanın istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafına Azərbaycanın daha bir mühüm töhfəsi olub. Hazırda limandan keçən tranzit yüklərinin həcminin getdikcə artması da müşahidə olunur.

Qeyd edək ki, Rusiya və Ukrayna istiqamətində hərəkətin məhdudlaşdırılması səbəbindən Azərbaycan üzərindən yükdaşımaların həcmi artıb. Bu ilin təkcə 4 ayında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 milyon 124,6 min ton, yük dövriyyəsi isə 3 milyard 671,9 milyon ton/km olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,02 və 13,85 faiz artım deməkdir.

 

 

 

Dənizin səviyyəsinin enməsi ən narahatedici problem olaraq qalır

 

 Prezident İlham Əliyev Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini söyləyərək qeyd edib ki, bu prosesdə dənizin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Son illərdə Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası da möhkəmlənir. Prezidentin söylədiyi kimi, qarşılıqlı maraq doğuran mühüm sahələr üzrə sazişlər imzalanıb qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində işə başlanıb. Bu layihələr müzakirə prosesindədir hazır olduqca imzalanmaq üçün təqdim ediləcək.

Bundan əlavə, dənizin dibinin sərhədləri barədə ikitərəfli çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB İƏT çərçivəsində ikitərəfli çoxtərəfli əməkdaşlıq dənizində sabitliyin təhlükəsizliyin mühüm amilidir.

İlham Əliyev həmçinin Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətini dəyərləndirərək vurğulayıb ki, əməkdaşlığın əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir: "Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq regional layihələrin mühüm tərkib hissəsidir".

Prezident Xəzərin ekoloji probleminə də toxunaraq bu məsələdə Azərbaycanın sahilyanı dövlətlərin narahatlığına şərik olduğunu diqqətə çatdırıb. Ümumiyyətlə, Azərbaycan bütün dövrlərdə dənizin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlı olub. Çünki Xəzərin dayazlaşması son dövrlər ən narahatedici problem olaraq qalır. Bu qlobal problemin həlli istiqamətində xüsusi ekspert qrupunun yaradılması və həlli yolları ilə bağlı təkliflərin hazırlanması başlıca şərtlərdən biridir. Çünki ekoloji fəlakətin səbəblərinin aşkar edilməməsi ciddi fəsadlar verə bilər.

Qeyd edək ki, 2005-ci ildən Xəzərin səviyyəsində davamlı enmə müşahidə olunur. Ötən ilin məlumatına əsasən, dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,19 metr aşağı düşüb. Ən çox enmə isə 2021-ci ildə qeydə alınıb - 30 santimetr. Ekspertlər hesab edirlər ki, bu proses təxminən 2050-60-cı illərə qədər 1-2 metr düşmə ilə davam edəcək.

Təbii ki, səviyyənin aşağı düşməsi fonunda dəniz ekosistemi, biomüxtəlifliyi üçün risklər yaranır. Buna dünyada gedən iqlim dəyişmələri və qlobal istiləşmənin, eyni zamanda antropagen amillərin təsir etdiyiqeyd olunur. Bu səbəbdən də İlham Əliyev Aşqabad toplantısında məsələnin ciddiliyinə diqqət çəkərək xüsusi ekspert qruplarının yaradılmasının prioritet məsələ olduğunu hər kəsin diqqətinə çatdırıb.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 2 iyul.- S.6.