Burundi
Azərbaycanla münasibətlərin inkişafında
maraqlıdır
İyulun
1-də Milli Məclisin sədri Sahibə Qafarova Burundi
Respublikası Milli Assambleyasının spikeri Gelase Daniel
Ndabirabe ilə görüşüb.
Milli
Məclisin sədri qonağı salamlayaraq, Azərbaycanın
bütün dövlətlərlə qarşılıqlı
faydalı əlaqələrin qurulmasında maraqlı
olduğunu bildirib, bu əlaqələrin genişləndirilməsində
qarşılıqlı səfərlərin əhəmiyyətindən
danışıb.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, Spiker dövlətlərarası
münasibətlərin möhkəmlənməsində
parlamentlərin rolundan bəhs edərək bildirib ki, Milli Məclisdə
dünyanın bir çox ölkələrinin parlamentləri
ilə əlaqələr üzrə işçi qrupları
fəaliyyət göstərir. O, beynəlxalq parlament
qurumlarında Azərbaycan deputatlarının fəal
iştirak etdiyini diqqətə çatdırıb, Milli Məclisin
fəaliyyəti haqqında qonağa ətraflı məlumat
verib.
Söhbət
zamanı Sahibə Qafarova Burundi Respublikasının
Qoşulmama Hərəkatının işində
iştirakını yüksək dəyərləndirib,
qurumun Parlament Şəbəkəsinin Bakı
Konfransının əhəmiyyətindən söhbət
açıb. Milli Məclisin sədri bu tədbirin Azərbaycan
Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının
sədri qismində irəli sürdüyü təşəbbüs
çərçivəsində həyata keçirildiyini diqqətə
çatdırıb. Qeyd edib ki, ötən ilin noyabrında
Madriddə Parlament Şəbəkəsinin təsis iclası
keçirilib. Spiker Konfransda qaldırılan məsələlərin
dünya miqyasında vacibliyini vurğulayıb.
Burundi
Milli Assambleyasının spikeri Gelase Daniel Ndabirabe səmimi
görüşə görə təşəkkürünü
ifadə edib. O, ölkəsinin Azərbaycanla hərtərəfli
əlaqələrin inkişafında maraqlı olduğunu, Azərbaycan
parlamenti ilə əməkdaşlığı dərinləşdirmək
niyyətində olduqlarını deyib. Qonaq ölkəmizin
bütün sahələrdə əldə etdiyi uğurlardan
bəhs edərək, bu təcrübənin öyrənilməsinin
əhəmiyyətli olduğunu qeyd edib.
Burundi
parlamentinin sədri Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin Bakı Konfransının
yüksək səviyyədə təşkil olunmasına
görə Azərbaycan tərəfinə minnətdarlığını
ifadə edib. O, Azərbaycanın bu təşəbbüsünü
bəyəndiklərini bildirib və konfransda müzakirə
olunan məsələlərin əhəmiyyətindən
danışıb.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2022.- 2 iyul.- S.4.