Liviya
nümayəndə heyətinin Azərbaycana səfəri
parlamentlərarası əlaqələrə öz töhfəsini
verəcək
İyulun
1-də Milli Məclis sədrinin birinci müavini, parlamentin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsinin Bakı Konfransında
iştirak etmək üçün ölkəmizdə səfərdə
olan Liviya parlamenti sədrinin 1-ci müavini Fouzi Salimin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan birinci vitse-spiker Azərbaycanın ev sahibliyi ilə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Liviya nümayəndə heyətinin iştirakını yüksək dəyərləndirib. O, Azərbaycanla Liviyanın beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında əməkdaşlığına toxunub, Ermənistanın işğalına məruz qalan Azərbaycanın ərazi bütövlüyünü Liviyanın dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. Əli Hüseynli hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının nüfuzunun artdığını vurğulayıb və Azərbaycanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə sədrliyinin də uğurlu olacağına əminliyini bildirib.
Birinci vitse-spiker Azərbaycanın Liviya ilə münasibətlərin, eyni zamanda, parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, Milli Məclisdə Liviya ilə bağlı dostluq qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Liviya parlamentinin nümayəndə heyətinin Azərbaycana səfərinin parlamentlərarası əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Liviya parlamenti sədrinin 1-ci müavini Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransına dəvətə, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, torpaqlarını işğaldan azad etməsi münasibətilə Azərbaycanı bir daha təbrik etdiyini söyləyib. Fouzi Salim Liviyadakı mövcud vəziyyət, yeni konstitusiyanın qəbulu və parlamentarizmin möhkəmləndirilməsi prosesləri barədə məlumat verib.
Söhbət
zamanı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin
təsis olunmasının əhəmiyyətindən
danışılıb, ölkələrimiz arasında ikitərəfli
səviyyədə, o cümlədən parlament səviyyəsində
əlaqələrin inkişafı barədə fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-2022.- 2 iyul.- S.4.