Nazir Ceyhun Bayramov İraq Parlamentinin sədr
müavini ilə görüşüb
İyulun 1-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) sədr müavini Şaxvan Abdullah Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tərəflər
Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin
uğurlu inkişafından məmnunluq ifadə edib və
ölkələrimizin bütün sahələrdə əməkdaşlığı
genişləndirmək əzmində olduğunu
vurğulayıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın İraq ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. İki ölkə arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. İraqın hər zaman beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına göstərdiyi dəstək minnətdarlıqla qeyd edilib.
İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən nazir Ceyhun Bayramov, İraq parlamentini təmsil edən yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimizin parlamentləri arasında və ümumilikdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən İraq parlamentinin sədr müavini Şaxvan Abdullah Əhməd ölkələrimiz arasında mövcud olan müsbət əlaqələri qeyd edərək, Azərbaycanın İraqa göstərdiyi dəstəyi, o cümlədən Azərbaycan tərəfindən göstərilən humanitar yardımı məmnunluqla qeyd edib. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafının hər iki ölkənin marağına uyğun olduğu və parlamentlərarası dostluq qruplarının bu inkişafa töhfə verdiyi qeyd edilib.
Tərəflər, həmçinin
ikitərəfli əlaqələrin inkişaf
etdirilməsi perspektivləri, o cümlədən
iqtisadi, humanitar, turizm, təhsil və digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi
imkanları üzrə fikir mübadiləsi
aparıblar.
Azərbaycan.-2022.- 2 iyul.- S.5.