Bakı-Tbilisi-Ərzurum kəməri Azərbaycanı qaz ixracatçısı kimi tanıtdı

 

 

Boru xəttinin istifadəyə verilməsindən 15 il keçir

 

 

 

2006-cı ildən Cənubi Qafqaz Boru Kəməri (CQBK) Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından çıxarılan qazı Gürcüstana çatdırır. Ölkəmizin və Gürcüstanın ərazisində CQBK Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə eyni marşrut boyu uzanır. Azərbaycan-Gürcüstan sərhədində bu iki kəmərin yolu ayrılır. BTC nefti Ceyhana, CQBK-ya qoşulan yeni xətt isə qazı Ərzuruma daşıyır.

Ümumi uzunluğu 691 kilometr olan CQBK-nın Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi 248 kilometrdir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri birləşdirilib. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. Məhz BTƏ sayəsində Azərbaycan həm də qaz ixrac edən ölkə kimi tanınmağa başladı. Bu kəmər bütövlükdə 2007-ci il iyulun 3-də istifadəyə verilib.

2001-ci il martın 12-də Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalandı. Həmin il sentyabrın 29-da isə Gürcüstan Prezidentinin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan respublikaları arasında saziş"in imzalanması baş verdi. 6 il sonra "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacağın Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olması bunların uğurlu nəticəsi idi. Başqa sözlə, BTƏ Azərbaycan qazının daha uzaq ünvanlara çatmasına yol açdı.

Əslində, Bakı-Tbilisi-Ərzurum kəməri "Cənub qaz dəhlizi"nin bünövrəsi, başlanğıcı rolunu oynamışdır. Prezident İlham Əliyev bunu öz çıxışlarında dəfələrlə qeyd etmişdir. Dövlət başçısı 2014-cü il sentyabrın 20-də "Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimindəki çıxışında demişdir: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisitarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır. Bu kəmərin yeni xəttinin tikintisi, əslində, bu gün başlayır. Azərbaycan artıq "Cənub qaz dəhlizi"nin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir".

 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi"nin açılış mərasimində Prezident bu fikri yenidən vurğulamışdır: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan "Şahdəniz" yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da, bunlar tarixi nailiyyətlərdir. "Şahdəniz" yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, "Cənub qaz dəhlizi"nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı".

İndi bu dəhliz artıq gerçəkliyə çevrilib. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əlavə hasilat həcmlərini qəbul etmək, ildə Türkiyəyə 6 milyardAvropaya 10 milyard kubmetr mavi yanacaq ötürmək məqsədilə CQBK sisteminin genişləndirilməsi həyata keçirilib. Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə yanaşı, yeni xətt tikilib. Buradan Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometrdir. Onun başlanğıcında 1 ərsinləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyası mövcuddur. CQBK-nın Gürcüstandakı genişləndirmə işlərinə isə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqi azaldan və ölçən stansiyaların tikintisi daxil idi. Bununla da genişləndirilmiş CQBK "Cənub qaz dəhlizi"nin güclü bir qoluna çevrildi.

CQBK "Cənub qaz dəhlizi"ni təşkil edən üç kəmərin birincisidir. Boru kəmərinin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayından Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlayıb. "Şahdəniz-2" çərçivəsində çıxarılan qaz TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) ixrac edilir. Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşən TAP (Trans-Adriatik Qaz Boru Kəməri) isə 2020-ci il dekabrın 31-dən Azərbaycan qazını Avropaya çatdırır.

Bu gün istər Bakı-Tbilisi-Ərzurum kəməri, istərsə də onun ayrılmaz hissəsi olan CQBK, eləcə də "Cənub qaz dəhlizi" - genişləndirilmiş CQBK, TANAP və TAP ahəngdar və təhlükəsiz şəkildə fəaliyyət göstərirlər. Başqa sözlə, Azərbaycan qazının ixracı uğurla davam edir. Ayrılıqda Bakı-Tbilisi-Ərzurum kəmərinə gəldikdə isə, Türkiyənin ölkəmizdən idxal etdiyi mavi yanacağın yarıya qədərini bu boru xətti daşıyır.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 3 iyul.- S.6.