Şarl Mişel İlham Əliyevə zəng
etdi
Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin
təmin olunması Avropa
İttifaqı üçün vacibdir
İyulun
4-də Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə zəng edib.
Söhbət
zamanı Brüssel gündəliyinə aid məsələlər
müzakirə olundu.
Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğuladı. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirdi.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə etdi.
Dövlətimizin
başçısı işğaldan azad edilmiş ərazilərdə
Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd etdi və birinci Ermənistan-Azərbaycan müharibəsindən
etibarən itkin düşmüş
hesab olunan 4000 nəfərə
yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən
aydınlıq gətirilməsinin vacibliyini
vurğuladı.
Azərbaycan.-2022.- 5 iyul.- S.1.