Şəhid mayorun doğum günü qeyd edilib

 

 

Düşmən üzərində qazanılan qələbədə canından keçən şəhidlərimizdən biri mayor Rəhim Hüseynovdur.

Bu günlər Abşeron Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının üzvləri,  şəhid ailələri, şəhidin döyüş yoldaşları qazilər  II Fəxri xiyabanda Rəhim Hüseynovun məzarını ziyarət etmişlər.

Vətənimizin bütövlüyü uğrunda canından keçmiş  şəhidlərin xatirəsi yad olunmuş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür. Sonra şəhid mayor R.Hüseynovun keçdiyi ömür yolu, hərbi xidmətdə əldə etdiyi peşəkarlıq xatırlanmışdır. Bildirilmişdir ki, müharibənin ilk günlərindən döyüşə atılan mayorun fədakarlığı nümunə olmuşdur. "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medallarına layiq görülən mayor  Rəhim Hüseynovun xatirəsi onu tanıyanların yaddaşında əbədi qalacaq.

38-ci doğum günündə göstərilən diqqətə görə şəhid mayorun yaxınları iştirakçılara təşəkkürlərini bildirmişlər. Anım tədbiri şəhidin evinin ziyarət edilməsi ilə yekunlaşmışdır.

 

 A.ƏLİYEV,

Azərbaycan.-2022.- 5 iyul.- S.10.