"Gədəbəy,
Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd,
Şəkərdərə, Kələki), Söyüdlü,
Qızılbulaq və Vejnəli perspektiv
qızıl filiz yataqlarının kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan
Respublikasının "Azərqızıl" Dövlət
Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ
arasında bağlanmış Sazişdə Dəyişiklik"
sənədinin qəbul və təsdiq edilməsi, həyata
keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
"Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında Saziş (bundan sonra - Saziş) 1997-ci il avqustun 20-də bağlanmış və Azərbaycan Respublikasının 1998-ci il 17 mart tarixli 456-IQ nömrəli Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir.
Sazişin
müvafiq şərtlərinə uyğun olaraq, Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında
2022-ci il iyunun 20-də Bakı şəhərində "Gədəbəy,
Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə,
Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli
perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında Azərbaycan Respublikasının "Azərqızıl"
Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC
ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik"
imzalanmışdır.
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
1. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında
imzalanmış "Gədəbəy, Qoşa, Ordubad qrupu
(Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki),
Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv
qızıl filiz yataqlarının kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü haqqında
Azərbaycan Respublikasının "Azərqızıl"
Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC
ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik"
(bundan sonra - "Dəyişiklik") qəbul və təsdiq
edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
Sazişdə iştirak edən Podratçıya verilən Azərbaycan
Respublikası Hökumətinin təminatı və öhdəlikləri
(bundan sonra - "Hökumət təminatı") qəbul
edilsin və onların həyata keçirilməsinə icazə
verilsin.
3. Bu Qanun qüvvəyə mindikdən sonra Dəyişiklik Qanun olur. Dəyişiklik, onun qüvvəyə minməsindən irəli gələn bütün hüquqi nəticələri ilə Sazişin ayrılmaz hissəsi olur.
4. Saziş, Dəyişiklik ilə əlavə və dəyişiklik edilmiş şəkildə tam hüquqi qüvvəyə malik olmağa davam edir və Azərbaycan Respublikasının Qanunu olaraq tam qüvvəsini saxlayır.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Hökumət təminatı Qanun olur. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Hökumət təminatı Sazişin qüvvədə olduğu müddət ərzində Hökumət təminatına uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Hökumət təminatı üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyun
2022-ci il
Azərbaycan.-2022.- 6 iyul.- S.5.