Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir

 

 

Son iki ildə yenidənqurma proseslərinə 5 milyard manata yaxın vəsaitin ayrılması Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir

 

 

Dünya bazarında neftin qiymətinin qalxması ilə Azərbaycanın 2022-ci il dövlət büdcəsində nəzərdə tutulandan daha çox gəlirlərin daxil olması büdcəyə yenidən baxılması zərurətini yaratdı. Prezident İlham Əliyev tərəfindən  "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsi Milli Məclisə təqdim olundu və qəbul edildi.

Bu dəyişiklik, yəni büdcəyə daxil olan əlavə vəsaitin ilk növbədə işğaldan azad edilmiş ərazilərimizin bərpa və quruculuq işlərinə, eləcə də sosial sahəyə yönləndirilməsi üçün real zəmin yaratdı.

Siyasi ekspertlər, iqtisadçılar da birmənalı şəkildə bildirirlər ki, əlavə vəsaitin Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənquruma prosesinə yönləndirilməsi həyata keçirilən layihələrin daha tez icrasını şərtləndirəcək.

 

 

 

Qarabağ və Şərqi Zəngəzur əvvəlkindən daha gözəl vəziyyətə gətiriləcək

 

 

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev qəzetimizə açıqlamasında deyib ki, dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqlarımızdakı bərpa və quruculuq işləri üçün həm 2021, həm də 2022-ci ildə 2,2 milyard manat vəsait ayrılıb. Büdcəyə edilən dəyişiklikdən sonra bu vəsaitin həcmi daha 470 milyon manat artırılıb. Beləliklə, son iki ildə işğaldan azad olunmuş ərazilərdəki işlərlə bağlı bütövlükdə 4 milyard 870 milyon manat vəsait ayrılıb.

İşğaldan azad olunmuş torpaqların əvvəlkindən daha gözəl vəziyyətə gətiriləcəyini deyən deputat vurğulayıb ki, indi daha möhtəşəm şəhərlər, kəndlər salınacaq və artıq bunun özülüqoyulub.

Deputat bildirib ki, son iki ildə ayrılan vəsaitin böyük hissəsi vacib infrastrukturun qurulmasına yönəlib və bu istiqamətdə işlər başa çatmaq üzrədir. Çünki bu infrastruktur qurulmadan hərtərəfli quruculuq işlərinə başlamaq mümkün deyil. Ağalı kəndi qismində "ağıllı kənd" layihəsinin birinci mərhələsi başa çatıb. Bir neçə böyük yaşayış məskəninin - Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Şuşanın baş planları təsdiqlənib. Bundan sonra həmin ərazilərdə böyük sürətlə quruculuq işləri görüləcək.

Sahib Alıyevin sözlərinə görə, işğaldan azad olunmuş torpaqlara yönləndirilən vəsaitlə infrastrukturun qurulması təkcə aparılacaq geniş quruculuq işləri üçün zəmin hazırlamaq deyil, həm də ordu quruculuğuna, mövqelərin möhkəmlənməsinə böyük töhfədir. Çünki infrastruktur olmadan ön xətlə arxa xətt arasında çevik logistik əlaqə yaratmaq mümkün deyil.

Deputat deyib ki, hazırda ən böyük vəsaitlər işğaldan azad olunmuş ərazilərdəki yol insfrastrukturunun qurulmasına sərf edilir. Məsələn, Murovdağın altından keçən tunelin uzunluğu 12 kilometrə yaxındır ki, dünyada ancaq 10 belə tunel mövcuddur. Onların hamısı inkişaf etmiş, yüksək sənaye potensialı olan ölkələrdə tikilib: "Sovet hakimiyyəti dövründə bu layihəyə başlanılsa da, həm texniki, həm də çox vəsait tələb edildiyindən mümkün olmayıb. Bütövlükdə həmin ərazilərdə 20-yə yaxın tunelin tikilməsi nəzərdə tutulur. Bundan başqa, beyəlxalq hava limanlarının tikintisi davam edir. Füzulidə salınan hava limanı yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib, digər ikisinin isə tikintisi davam edir".

Deputatın fikrincə, bunlar bölgənin turizm potensialının inkişafına, insanların rahat gediş-gəlişinə şərait yaratmaqla yanaşı, həm də hərbi strateji təyinatlıdır. Bu hava limanlarının hərbi strateji əhəmiyyəti də var.

 

 

 

Azərbaycan möhtəşəm layihələri yalnız öz gücünə reallaşdırır

 

 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edir ki, 2022-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra işğaldan azad olunmuş ərazilərə ayrılmış vəsaitin həcmində artımlar nəzərdə tutulub. Yeni dəyişikliklərə əsasən, bu il işğaldan azad olunmuş torpaqların bərpa və yenidən qurulması üçün ayrılan əlavə 470 milyon manat vəsait o deməkdir ki, 2022-ci ildə bu proses üçün 2 milyard 670 milyon manat vəsait yönləndiriləcək.

Bu isə ondan xəbər verir ki, Azərbaycan daxili imkanları hesabına 2 il ərzində təxminən 5 milyard manata yaxın vəsaiti Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurulma işlərinə ayıra bilib. Bu da Azərbaycanın iqtisadi  gücünü göstərən faktorlardan biridir.

Vüqar Bayramov vurğulayır ki, 2022-ci il dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzura ayrılacaq vəsait daha çox infrastrukturunBöyük qayıdış proqramına uyğun olaraq ilkin kommunal xidmətlər şəbəkəsinin yaradılmasına yönəldiləcək: "Füzulidə ikinci "ağıllı kənd"in salınmasının başlanılacağı da gözlənilir. Bura təxminən 450 ailənin məskunlaşacağı kənd olacaq".

Deputat infrastrukturun formalaşma mərhələsi başa çatdıqdan sonra yaşayış yerlərinin salınmasının  Böyük qayıdışın daha tez reallaşmasının mümkün olacağını qeyd edir.

 

 

 

Əlavə vəsait Böyük qayıdış planının daha tez icrasına imkan verəcək

 

 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov qəzetimizə açıqlamasında bildirir ki, bu ilin büdcə layihəsində azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat ayrılmışdı. Amma reallıq həmin tədbirlərin miqyasının artması üçün əlavə xərclər tələb edirdi.

Deputat xatırladır ki, Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonuna səfəri zamanı ölkənin iqtisadi göstəricilərinin müsbət dinamikasını, dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi ilə bağlı tapşırıq verib. Azad olunmuş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, infrastrukturların yaradılması geniş vüsət alıb və işlər nəzərdə tutulduğundan da sürətlə gedir. Ona görə də büdcəyə dəyişikliklər zərurəti meydana çıxmışdı.

Aydın Hüseynov bildirir ki, büdcədən ayrılmış əlavə vəsaitlər Böyük qayıdışın təmin edilməsinin sürətləndirilməsinə, şəhər və kəndlərin bərpası və yenidən qurulmasının genişləndirilməsinə, həmin ərazilərdə əlavə müasir infrastrukturların yaradılmasına, ən qabaqcıl innovativ xidmət şəbəkəsinin qurulmasına yönəldiləcək: "Qarabağ və Şərqi Zəngəzurda hazırda mühüm infrastrukturlarla yanaşı, yaşayış məntəqələrinin inşası dayanmadan davam etdirilir. Dövlət bütün gücünü bu istiqamətdə səfərbər edib, bu ərazilərdə işlərin sürəti artdıqca, yeni maliyyə tələbatları meydana çıxır".

Deputat vurğulayır ki, Ermənistanla sərhəddə yeni infrastrukturun yaradılması, ordumuzun müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi məqsədilə müdafiə sahəsinə dövlət büdcəsi xərclərinin artırılması qərara alınıb. Bununla yanaşı, Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərərçəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması üçün büdcədən əlavə vəsaitlər ayrılıb.

Aydın Hüseynov qeyd edir ki, büdcədən azad edilmiş ərazilərin bərpasına əlavə vəsaitlərin ayrılması Böyük qayıdış planının daha tez icrasına imkan verəcək.

Göründüyü kimi, Azərbaycan heç bir beynəlxalq maliyyə təşkilatından yardım almadan yalnız öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzuru bərpa edir, öz əzəli torpaqlarına yiyələnir və bu istiqamətdə yorulmadan səylər göstərir. İşğaldan azad olunmuş ərazilərə büdcədən ayrılan vəsaitin artırılması isə yenidənqurma və bərpa işlərinin sürətlənməsinə müsbət impuls verəcək.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 6 iyul.- S.7.