Bəşəriyyətin “ağ” bəlası
Narkotik vasitələrin hamısı qorxuludur. Hazırda onların ən təhlükəlisi kimyəvi narkotiklərdir. Bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Üstəlik, tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşananlar əksər hallar bu bataqlıqda məhv olub gedirlər. Təəssüflə qeyd olunmalıdır ki, son illər bütün dünyada narkotik istifadəçilərinin yaş həddində cavanlaşma müşahidə edilir.
Azərbaycanda narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi hesab olunur. Problemin həlli məqsədilə hələ 1996-cı il avqustun 26-da dövlət başçısı tərəfindən fərman imzalanmışdır. Həmin fərmana əsasən, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Ardınca narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ-hüquqi baza təkmilləşdirilmiş, onların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı daha intensiv xarakter almışdır. Bundan əlavə, Prezidentin 22 iyul 2019-cu il tarixli sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" təsdiq edilmiş, proqramda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üzrə tədbirlər planı hazırlanmışdır.
Sərhədsiz fəlakət
Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bu pul əsasən yeni müharibə və münaqişə ocaqlarının, nüvə bazalarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur.
Müasir dünyamızın ən mühüm problemlərindən olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq demək olar ki, mümkün deyil. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi xüsusən gənclər arasında geniş yayılmış, coğrafiyası genişlənmiş, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır.
Ekspert Emil Maqalov deyir ki, narkomaniyaya qarşı tədbirləri təkcə gənclər arasında deyil, eyni zamanda intellektual səviyyəsi aşağı olan şəxslərlə də aparmaq lazımdır. O, yeni kimyəvi maddələrin fəsadlarının daha ağır olduğunu vurğuladı: "Hazırda ən qorxulusu kimyəvi narkotiklərdir. Bunlar metamfetaminlərdir ("patı"lar və ya "şüşə" narkotiklər). Təbii narkotiklər asılılıq yaratsa da, asılılıqdan müxtəlif yollarla çıxmaq mümkündür. Amma yeni kimyəvi maddələrdən olan narkotiklərdən istifadə edənlərin müalicəsi yoxdur. Onların fəsadları daha ağırdır".
AMEA-nın Fəlsəfə İnstitutunun "Sosial psixologiya" şöbəsinin kiçik elmi işçisi, psixoloq Elnur Rüstəmovun fikrincə, narkotiklə mübarizədə maarifləndirmə və profilaktik işlərə daha geniş yer ayrılmalıdır: "Təbii ki, psixoloji olaraq bu, asılılıqdır. Maarifləndirmə işləri nə qədər çox aparılarsa, bir o qədər bunun qurbanına çevrilən insanların sayı azalar. Bu, dünya statistikasında da ən effektiv üsul kimi göstərilir. Digər tərəfdən isə belə insanların zamanında aşkara çıxarılması mühüm məsələdir. Bəzən valideynlər bunu gizlədirlər. Düşünürlər ki, bunu gizlətməklə övladlarını qoruyurlar. Amma belə qorumanın son nəticəsi faciədir. Bu işdə mütləq mütəxəssis dəstəyi göstərilməlidir. Əvvəlcə həkim dəstəyi, daha sonra reabilitasiya lazımdır".
Narkotiklərə qarşı qətiyyətli mübarizə davam edir
Ekspert E.Maqalov deyir ki, polislərin fəaliyyəti nəticəsində son aylarda narkotik satanların və narkotik istifadəçilərinin sayı təxminən 30-40 faiz azalıb.
44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə aidiyyəti orqanlar tərəfindən həyata keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilər aşkarlanaraq məhv edilmişdir. Ağdam və Xocalı rayonunun işğaldan azad olunmuş bir neçə kəndində tonlarla narkotik bitkinin, həmçinin Füzuli rayonunda narkotik bitkilərin əkildiyi geniş plantasiyanın, narkotik vasitələrin istehsal olunduğu laboratoriyanın aşkarlanması ərazilərimizin işğal altında qaldığı dövrdə Ermənistanın cinayətkar əməllərinin sübutudur.
Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, əməli köməyinə böyük ehtiyac var.
Elşən
YƏHYAYEV,
Azərbaycan.-2022.- 6 iyul.- S.11.