Hərbi zəfərin siyasi rəmzi

 

 

İlham Əliyev bir il öncə iqtisadi rayonların yeni bölgüsünü müəyyənləşdirməklə həm də tarixi ədaləti bərpa etdi

 

 

44 günlük Vətən müharibəsində tarixi qələbədən sonra regionda, o cümlədən ölkəmizdə yeni hərbi, siyasiiqtisadi reallıqlar yarandı və xüsusən sosial-iqtisadi sahədə həlli vacib olan məsələlər gündəmə gəldi. İlk növbədə işğaldan azad olunmuş ərazilərin  dirçəldilməsi üçün tədbirlər görmək lazım idibu səbəbdən Prezident İlham Əliyev bir sıra mühüm qərarlar qəbul etdi.

Şanlı zəfərin yaratdığı yeni reallıqlardan biriiqtisadi rayonların bölgüsünün yenilənməsi oldu. Bu yenilik işğaldan azad edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi, eləcə də əhalinin doğma torpaqlarına qayıdışı üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasını şərtləndirən prioritet məsələ idi.

Bütün bunları əsas tutaraq Prezident İlham Əliyev 2012-ci il iyulun 7-də yeni fərman imzaladı. Bu tarixi sənədlə Azərbaycanın mövcud  iqtisadi rayonlarının sayı 10-dan 14-ə yüksəldi.

 

 

 

Regionların inkişafı - 19 ildə 4 dövlət proqramının uğurlu icrası

 

 

 

Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra - 1991-ci ildən bu zamanadək regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları 10 iqtisadi rayon üzrə həyata keçirilirdi. 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşən AğdamFüzuli rayonlarının bir hissəsi, keçmiş Dağlıq Qarabağ ərazisinə daxil olan ərazilər və Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları bu proqramların təsir dairəsindən kənarda qalmışdılar.

Buna baxmayaraq,  ötən müddət ərzində digər şəhər və rayonların davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin sosial-iqtisadi potensialı və  əhalinin, o cümlədən hər zaman dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatələnən qaçqın və məcburi köçkün ailələrinin rifah halı köklü şəkildə yüksəlib.

Bu bir həqiqətdir ki, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyasına uyğun müasir iqtisadi inkişaf strategiyası həyata keçirilməyə başlanıldı. Dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında oldu.

Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb etmişdir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır. Bu dövlət proqramları sayəsində regionların siması büsbütün dəyişmişdir.

 

Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətinin daha da gücləndirilməsinə və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına əsaslı zəmin yaratmışdı.

Hazırda isə işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

 

 

 

Yeni iqtisadi rayonların - Qarabağ və Şərqi Zəngəzurun tərkibinin müəyyənləşdirilməsi

 

 

 

İşğaldan azad edilmiş ərazilər üzrə yaradılan yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tərkibinin müəyyənləşdirilməsi isə Prezidentin fərmanında aydın şəkildə izah edilib. Dövlət başçısı qeyd edib ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edib.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla, özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik olan qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması zərurətini ortaya çıxarıb.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə-Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edib.

Beləliklə də, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının daxil olduğu Şərqi Zəngəzur və Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil olmaqla, Qarabağ iqtisadi rayonları yaradılıb.

Bununla da iqtisadi rayonlarımızın sayı 14-ə yüksəlib. Ötən müddət ərzində Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regionalsektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikasına və qardaş Türkiyəyə çıxış təmin olunacaq. Bu da Şərqi Zəngəzur iqtisadi rayonunun həm də strateji, coğrafi baxımdan əhəmiyyətini göstərən amillərdən biridir.

Yəni İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunu yaratmaqla həm də tarixi ədaləti bərpa etdi. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmi elan edilməsi hesab oluna bilər. Bununla İlham Əliyev dövlətin gələcək strategiyasını açıq elan edib.

Əvvəlki təsnifatda Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları mövcud idi. Lakin yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar Qarabağ iqtisadi rayonunda yer alır. Şərqi Zəngəzur isə həmin bölgənin iqtisadi potensialından istifadə edilməsi və genişləndirilməsi baxımından vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var, Şərqi Zəngəzur da kifayət qədər böyük imkanlara malik iqtisadi rayondur.

 

Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misli görünməmiş tikinti-quruculuq və bərpa işləri, müxtəlif təyinatlı sosial-infrastruktur layihələri, böyük qayıdışın reallaşmasını təmin edəcək yaşayış sahələrinin tikintisi Prezidentin bir il öncə imzaladığı tarixi fərmanın uğurlu göstəricisidir. Yəni bu sənəd iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına mühüm  töhfə verib.

Dünya bazarında neftin qiymətinin artması ilə dövlət büdcəsində edilən dəyişiklik də bu prosesin daha da sürətlənməsinə real zəmin yaradıb. Qeyd edək ki, dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqlarımızdakı bərpa və quruculuq işləri üçün həm 2021, həm də 2022-ci ildə 2,2 milyard manat vəsait ayrılıb. Büdcəyə edilən dəyişiklikdən sonra bu vəsaitin həcmi daha 470 milyon manat artırılıb. Beləliklə, son iki ildə işğaldan azad olunmuş ərazilərdəki işlərlə bağlı bütövlükdə 4 milyard 870 milyon manat vəsaitin ayrılması göstərir ki, dövlət Qarabağ və Şərqi Zəngəzuru tezliklə dünyanın ən gözəl məkanlarından birinə çevirəcək.

Bir sözlə, İlham Əliyevin bu fərmanı qalib sərkərdənin tarixisiyasi uzaqgörənliyinin daha bir nümunəsi kimi dəyərləndirilməlidir. Çünki iqtisadi rayonların yeni bölgüsü strateji yanaşma və Azərbaycanın uğurlu sabahı ilə bağlı daha nikbin proqnozlara əsas verir.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 7 iyul.- S.6.