Vətənə ürəkdən bağlılıq

 

 

Dünyadakı həmvətənlərimizin Azərbaycan sevgisi İkinci Qarabağ müharibəsində bir daha təntənəli şəkildə nümayiş olundu

 

 

Ruhumuzun diriliş, milli kimliyimizin oyanış günü kimi tarixə həkk olunan 44 günlük Vətən müharibəsi illərdir zəfərə, qalibiyyətə susamış Azərbaycan xalqını dünyanın dörd bir yanında ayağa qaldırdı. Xalqımız tariximizin heç bir dönəmində rastlanmayan həmrəylik nümayiş etdirərək, haqq savaşımız uğrunda irəli atıldı, bu zəfər tağının hörülməsində hər kəsin zərrə də olsa, payı oldu.

Tək ölkəmizin daxilində deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız da bu amal uğrunda birləşərək beynəlxalq aləmə səsimizi çatdırmaq, həqiqətlərimizi anlatmaq üçün informasiya cəbhəsində mübarizəyə başladılar, müxtəlif aksiyalar düzənlədilər və ayaq açıb yeriməyə çalışan erməni yalanlarının qarşısında keçilməz səddə çevrildilər, Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" haqq nidasına dəstək verdilər.

Elə bu möhtəşəm birlik sayəsində də Azərbaycan xalqı 2020-ci ilin 8 noyabrını, Vətən qibləmiz Şuşanın azadlığı - Qarabağ Zəfəri kimi möcüzəvi tarixə çevirərək salnamələrə qızıl hərflərlə yazdı.

 

 

 

Həmrəyliyin qürur tarixi

 

 

 

Azərbaycanda diaspor quruculuğunun banisi Ümummilli Lider Heydər Əliyevdir. Bu fenomen şəxsiyyətin azərbaycançılıq ideyasının uğurlu inkişafında və həmrəylik zirvəsinə ucalmasında müstəsna xidmətləri olub.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Həmin vaxtdan bütün dünyada azərbaycanlılar bu günü böyük sevincqürurla bayram kimi qeyd edirlər.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Milli həmrəyliyimizin nümayişi olan bu möhtəşəm qurultayda Ümummilli Lider nitqində bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır deyə xüsusi vurğulamışdı. Vaxtilə Ümummilli Liderin böyük iftixarla söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı həmrəyliyimizin əsas kod cümləsi kimi bu gün də dillər əzbəridir.

 

 

 

20 illik fəaliyyət gündəliyi

 

 

 

Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası da irəli sürüldü,  5 iyul 2002-ci ildə isə Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi, dövlət başçısının 2018-ci il 5 iyul tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Fond bu illərdə 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsinə və qeydiyyatdan keçməsinə dəstək göstərdi, 100-dən çox layihəni maliyyələşdirdi.

Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlandı. Məhz vahid ideyamaraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması istiqamətində aparıldı. Bu istər koronavirus pandemiyası, istərsə də Vətən müharibəsi dönəmində sistemli şəkildə həyata keçirildi.

 

 

 

30 ölkə, on minlərlə diaspor üzvü, 300-dən artıq aksiya

 

 

 

Bu istiqamətdə ən mühümstrateji məsələlərdən biri də Azərbaycan və Türk diasporunun birgə fəaliyyətinin təmin olunmasıdır. Qardaş ölkələrimizin dövlət başçıları daim bu məsələyə xüsusi diqqət yetiriblər.

 

Ötən il iyunun 15-də Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinə uyğun olaraq, Azərbaycan və Türk diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

 

Onu da bildirək ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün təşkil olunan mitinqaksiyalarda Azərbaycan və Türk diasporunun on minlərlə üzvü yüksək fəallıq nümayiş etdirib. Xüsusi vurğulamaq lazımdır ki, "Xocalıya Ədalət!" beynəlxalq kampaniyası çərçivəsində, həmçinin 2020-ci ilin Tovuz döyüşləri və Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə diaspor üzvünün iştirakı ilə 300-dən artıq aksiya keçirilib.

Diaspor gənclərinin fəallığının artırılması, milli kimliyin qorunub-saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Diaspor Gəncləri şəbəkəsi formalaşdırılıb. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın da diqqət və qayğı ilə əhatə olunmasına daim həssas münasibət göstərir. 2020-ci ildə Nazirlər Kabineti "Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası"nı təsdiqləyib. Komitə ilə rahat əlaqə yaratmaq üçün müasir informasiya texnologiyaları tətbiq edilibqurum "Elektron hökumət" portalına inteqrasiya olunub.

 

 

 

"Qarabağ" adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir

 

 

Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan Evi fəaliyyət göstərir. COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması ilə, eləcə də Ukraynada baş verən hadisələrlə əlaqədar təxliyə olunan soydaşlarımız Azərbaycan evlərinə üz tutublar.

Eləcə də COVID-19 pandemiyası zamanı Dövlət Komitəsi tərəfindən fasiləsiz fəaliyyət göstərən qərargah yaradılıb, Koordinasiya şuraları və Azərbaycan evləri gücləndirilmiş rejimdə çalışıblar. Pandemiya dövründə təkcə Dövlət Komitəsinin "qaynar xətt"inə 18 minə yaxın zəng, Azərbaycan evlərinə, Koordinasiya şuralarına ümumilikdə 51 ölkədən 9 minə yaxın müraciət daxil olub. Habelə 33 ölkə üzrə 6857 soydaşımıza maddi yardım edilib, sərhədlərin qapanması ilə əlaqədar azərbaycanlıların təxliyəsinə dəstək göstərilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə "Qarabağ" adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən "Qarabağ məktəbi"ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır. Həmçinin 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış "Azərbaycan dili" dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib.

 

 

 

Zəfər titullu qurultay

 

 

 

Dünya azərbaycanlılarının ötən müddətdə baş tutan möhtəşəm qurultaylarının isə həmrəyliyimiz, milli maraqlar uğrunda təşkilatlanmağımız istiqamətində müstəsna əhəmiyyəti olub.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının II qurultayı Prezident İlham Əliyevin sərəncamına əsasən, 2006-cı ildə, III qurultayı 2011-ci ildə, IV qurultayı isə 2016-cı ildə keçirilib.

Dünya Azərbaycanlılarının V qurultayı isə tariximizə Zəfər qurultayı kimi fəxarətli titulla düşdü. Parlaq zəfərimizdən sonra, ilk dəfə 2022-ci ilin aprelində dünya azərbaycanlıları işğaldan azad olunmuş Qarabağda, Şuşada toplaşdılar, qurultay keçirdilər. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi Zəfər qurultayında dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini  dünyaya bəyan etdilər.

Bu möhtəşəm tədbirdəki çıxışı zamanı Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə: "Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu günbunu etmək lazımdır".

Şuşada baş tutan tarixi qurultayda dövlət başçısı onu da söylədi ki, biz hamımız - Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə işğaldan azad edilmiş torpaqlara getmək üçün.

 

 

 

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda uğurlu fəaliyyət

 

 

Bəli, Vətən müharibəsində diaspor nümayəndələrimiz yüksək təşkilatlanma və birlik nümayiş etdirərək, beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılmasında uğurlu fəaliyyət göstərdilər.

Həmvətənlərimizin arasındakı bu tarixi birlik hər ötən gün daha da möhkəmlənir və güclənir. Eyni zamanda bundan sonrakı fəaliyyətlərində də diaspor nümayəndələrimizin üzərinə son dərəcə mühüm vəzifə düşür. Çünki bu gün ön cəbhədə müharibə bitsə də, diplomatiya, informasiya sferasında hələ də savaş davam edir. Elə bu baxımdan xüsusilə xaricdə yaşayan azərbaycanlılar fəal olmalı və yaşadıqları ölkələrdə işlərini diaspor fəaliyyətindən lobbiçiliyə keçirmək istiqamətində möhkəm addımlar atmalıdırlar.

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 7 iyul.- S.5.