İnkişafa hədəflənən yeni reallıqlar

 

 

Qəhrəmanlar o adamlardır ki, həyat üçün şücaət göstərir, qurub-yaradır, ölümə qalib gəlirlər. Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ölümə qalib gələrək düşmənin 30 illik hiyləsini yendi...

Düşmən bu 30 ildə təkcə torpaqlarımızı işğal edib insanlarımızı yurdlarından didərgin salmamışdı. Həm də işğal etdikləri ərazilərdə hər nə var idisə, tar-mar edib həyatı dondurmuşdular. Yağının keçdiyi, "məskən saldığı" o torpaqlarda yalnız viran qalmış evlər, xarabazarlıqlar qalmışdı. Əslində, ermənilər törətdikləri vəhşiliklərlə xislətlərini, mahiyyətlərini ortaya qoymuşdular. Bəlkə də  ermənilər bu  torpaqların sahibi olmadıqlarını, gəldikləri kimi  bir  gün də gedəcəklərini dərk etmişdilər. Amma insanlığa yaraşmayan vəhşiliklərindən də əl çəkməmişdilər.

Bu gün qalib Azərbaycan əsgərinin keçdiyi o torpaqların hər qarışına yenidən həyat verilir. Yollar çəkilir, kəndlər salınır, infrastruktur bərpa edilir... Bütün dünya Qarabağa süngü ilə deyil, ürəklə, diləklə gəldiyimizi görür, niyyətimizi anlayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət, işğaldan azad olunmuş torpaqlarda gördüyü abadlıq-quruculuq işləri onun tarixə yaradıcı Prezident kimi düşdüyünü təsdiqləyir.

 

 

 

İradə zəfərin başlıca səbəbidir

 

 

Azərbaycan əsgərinin dönməzliyi, cəsarəti döyüş meydanında göstərdiyi hünər,  Ali Baş Komandanın qətiyyəti, dəmir iradəsi və aparılan ardıcıl, praqmatik  siyasət zəfərimizin başlıca səbəbi oldu. 44 günlük Vətən müharibəsi zamanı və qazanılan böyük qələbədən sonra da yalnız ermənilərlə yox, onları himayə edən havadarları ilə də mübarizə apardığımız heç kimə sirr deyil. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilər onlara lobbiçilik edən bir sıra oturuşmuş dövlətləri müxtəlif vasitələrlə Azərbaycana təzyiq göstərməyə çalışdıqları mürəkkəb bir zamanda Azərbaycan Prezidenti çox mühüm bir fərman imzalayaraq iqtisadi rayonların yeni bölgüsünü təsdiq etdi. Dövlət başçısı bu fərmanı ilə ölkə iqtisadiyyatının idarə edilməsinin strateji mexanizmlərinin yenilənməsinə start verdi. Prezidentin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonu, eləcə də Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı.

Fərmanda qeyd edilir ki, işğaldan azad olunmuş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlərin daha səmərəli təşkilində yeni iqtisadi rayonlaşmanın strateji əhəmiyyəti böyükdür.

Yeni bölgüdə məqsəd həmin ərazilərin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməkdir.

 

 

 

Tarixi dəyərlərə sədaqət

 

 

 

Bu fərmanla ölkə Prezidenti tarixi dəyərlərə sədaqət hissini bir daha nümayiş etdirdi. Tarixdən məlumdur ki, Zəngəzur qəzası 1861-ci ildə yaradılmışdır. Azərbaycan Demokratik Cümhuriyyətinin qəzalarından biri də Zəngəzur adlandırılmışdır.

Ərazisi 7892 kvadrat kilometr olan,  Qafan, Gorus, Qarakilsə, Mehri, Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsini əhatə edən Zəngəzur qəzasında XX əsrin əvvəllərində azərbaycanlıların yaşadığı 313 kənd, ermənilərin isə yaşadığı 1 kənd mövcud idi. 44 günlük Vətən  müharibəsində bu ərazinin 4505,5 kvadrat kilometri düşmən işğalından azad olunmuşdur. Azərbaycanlıların vaxtilə kompakt halında yaşadıqları Zəngəzurun qərb hissəsi - Qafan şəhəri, Gorus, Qarakilsə və Mehri rayonları təəssüf ki, indi Ermənistan ərazisi hesab edilir. 1920-ci il dekabrın 1-də qəbul edilən qərarla Zəngəzuru Ermənistana veriblər. Sovetlər birliyi dönəmində ermənilər Zəngəzur adını xəritədən silməyə çalışıb, həmin ərazilərdə yeni rayonlar yaradıb, tarixi abidələrimizi məhv edib saxtalaşdırsalar da, Zəngəzuru yaddaşımızdan silə bilmədilər.

"Şərqi Zəngəzur" iqtisadi rayonunun yaradılması həm də tarixi ədalətin bərpasıdır. Eyni zamanda belə bir iqtisadi rayonun yaranması həm də dünya ictimaiyyətinə verilən ciddi bir mesajdır. İstər-istəməz Şərqi Zəngəzur ifadəsini eşidən hər kəs bu ərazilərin Qərbi və onun tarixi keçmişi ilə də maraqlanır. Zəngəzur Avrasiyanı birləşdirən mühüm strateji əhəmiyyətli bir məkandır. Mərkəzi Asiyanın qapısıdır. Elə sovetlərin  bu ərazilərimizi vaxtilə bizdən alıb ermənilərə verməkdə məqsədləri də bu qapını üzümüzə bağlamaq idi. Bir məqsədləri də Türkiyə ilə aramızda bufer zonası yaratmaq idi. Zəngəzur dəhlizinin geosiyasigeostrateji baxımdan əhəmiyyətini qeyd edərək 31 mart 2021-ci ildə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında çıxışında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda, xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda böyük siyasi qələbəmizdir... Qədim Azərbaycan torpağı olan Zəngəzur, indi türk dünyasının birləşməsi rolunu oynayacaq".

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması iqtisadi qüdrətimizə güc qatıb. Bu gün həmin rayonlara sürətlə yol çəkilir. Laçında beynəlxalq hava limanı tikilir. Zəngilanın nəhəng logistik mərkəzinə çevriləcəyi şübhəsizdir. Kəlbəcər rayonu faydalı qazıntıları ilə məşhurdur. Necə deyərlər, yerin altı da, üstü də qızıldır. Bu rayonlarda turizmin inkişafı üçün hər cür şərait var. Hazırda Prezident İlham Əliyevin nəzarəti altında bu ərazilərdə sürətlə quruculuqtikinti işləri gedir. Bu iki yeni iqtisadi rayonun yaranmasında strateji məqsəd Zəngəzur dəhlizi vasitəsilə Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişaf etdirilməsi durur. Sözsüz ki, reallaşmaqda olan proqram ölkəmizin rəqabət qabiliyyətini yüksəltməklə siyasiiqtisadi qüdrətini də  dəfələrlə artıracaqdır.

Qurmaq, yaratmaq, dövlətimizin sülhpərvərliyinin, xalqımızın barış içində yaşamaq niyyətinin ən bariz ifadəsidir. Əgər ciddi hərbi məğlubiyyətə uğrayıb dalana dirənmiş  Ermənistan  Azərbaycanın sülh təklifləri ilə razılaşmayıb özünütəcrid yolunu seçəcəksə, bu yol onları növbəti fəlakətə aparacaq.

 

 Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 7 iyul.- S.8.