Son 6 ildə ilk görüş

 

 

Əlcəzair Prezidenti Fələstinin iki aparıcı təşkilatının liderlərini - Mahmud Abbasla İsmayıl Haniyəni bir araya gətirdi

 

 

Əlcəzairdə Fələstinin FƏTH (Fələstin Milli Qurtuluş Hərəkatı) və HƏMAS (İslami Müqavimət Hərəkatı) qruplaşmalarının liderləri Mahmud Abbas və İsmayıl Haniyə arasında son 6 ildə ilk şəxsi görüş təşkil olunub. Fələstin mətbuatının verdiyi məlumata görə, danışıqlar Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun himayəsi altında keçirilib.

FƏTH və HƏMAS liderləri sonuncu dəfə 2016-cı ildə şəxsən görüşüblər. Mahmud Abbasın ozamankı həmsöhbəti HƏMAS-ın digər lideri Xalid Məşəl olub.

Fələstinin iki aparıcı təşkilatı arasında münaqişə 2007-ci ildə HƏMAS-ın Qəzza bölməsində hakimiyyəti ələ keçirməsi və Mahmud Abbasın başçılıq etdiyi Fələstin Milli Administrasiyasının oradan çıxarılması nəticəsində baş verib.

İki qruplaşma arasında 2007-ci ildə qanlı toqquşmalar baş verəndən Qəzzada və Qərb Sahilində fələstinlilər ayrılıqda idarə olunurlar.

Bundan bir il əvvəl HƏMAS işğal olunmuş ərazilərdə keçirilən parlament seçkilərində qalib gəlmişdi və Qəzzada FƏTH idarəçiliyinə son qoyaraq, orada öz hakimiyyətini gücləndirmişdi.

FƏTH və HƏMAS-ı barışdırmaq və Fələstinarası birliyin bərpası üçün dəfələrlə cəhdlər edilsə də, indiyədək bu, uğurlu nəticə verməyib. Həmçinin 16 ildən artıqdır ki, Fələstində ümumi seçkilər təşkil etmək mümkün olmayıb.

Mahmud Abbas və İsmayıl Haniyə arasındakı birbaşa əlaqəni isə küsülü Fələstin tərəflərinin barışdırılması istiqamətində növbəti cəhd kimi qiymətləndiriblər.

2017-ci ilin oktyabrında hər iki hərəkat Misirin paytaxtı Qahirədə Fələstin siyasi sisteminin parçalanmasını aradan qaldırmaq və bütövlüyünü bərpa etmək üçün saziş imzalayıb. O vaxt HƏMAS təşkilatına yaxın olan Fələstin Məlumat Mərkəzi əldə olunmuş saziş barədə məlumat yaymışdı. Təşkilatın təmsilçisi Sami əbu Zühri bildirmişdi ki, Qahirədə keçən danışıqlar "ciddi və məzmunlu" olub.

Həmin ərəfədə bu addımın Fələstin lideri Mahmud Abbasın tələbinə uyğun atıldığı vurğulanmışdı. Belə ki, ona tabe olan Qərb Sahili Fələstin administrasiyasında aparıcı rolu məhz FƏTH təşkilatı oynayır.

Qahirə görüşündən sonra Fələstinin ovaxtkı Baş naziri Rami Həmdallah Qəzzaya nadir sayılan səfər etmişdi. O bildirmişdi ki, Fələstin administrasiyası Qəzzada idarəçilik və təhlükəsizliklə bağlı məsələlərə görə məsuliyyəti üzərinə götürəcək.

Lakin buna baxmayaraq, razılaşmaların əsas hissəsi hələ də praktikada həyata keçirilməyib.

Xatırladaq ki, HƏMAS və bəzi hallarda bu təşkilatın hərbiləşdirilmiş qanadı İsrail, ABŞ, Aİ, Böyük Britaniya və digər ölkələr tərəfindən "terrorçu qrup" sayılır.

 

 

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2022.- 7 iyul.- S.7.