Ermənistanın "Şimal-Cənub" dəhlizinə qoşulmaq ümidi puç olur

 

 

Ermənistan uzun müddətdir ki, "Şimal-Cənub" dəhlizinin ərazisindən keçməyə can atır və bunu özü üçün xilas yolu kimi görür. Bu dəhliz Hindistandan Orta Şərq və Qafqaza kimi uzanaraq Mərkəzi Asiya və Avropanı birləşdirir. Gəmi, quru və dəmir yolları Hindistanın Mumbay limanı ilə İranın Bəndər Abbas limanlarını, həmçinin Bakı, Həştərxan, Moskva, Sankt-Peterburq yollarını birləşdirərək Skandinaviyaya kimi uzanır.

İran, HindistanRusiyadan əlavə, bu nəqliyyat şəbəkəsi Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Tacikistan, Oman, Suriya və Bolqarıstan arasında da inteqrasiyanı asanlaşdırır. Ermənistan dəhliz üzrə magistral yolun onun ərazisindən keçməsinə çalışır. Amma Ermənistanda bu magistral yolun tikintisinə Asiya İnkişaf Bankı ilə ilk kredit sazişinin imzalandığı 2009-cu ildə başlanılsa da, indiyə qədər hansısa ciddi görülməyib.

Ötən dövr ərzində "Şimal-Cənub"  yolunun cəmi 5-6 faizi tikilib. Yolun yalnız 31 kilometrlik hissəsi, yəni İrəvan-Artaşat (19,6 km) və İrəvan-Aştarak (11,4 km) hissələri hazırdır. Yolun bu hissələri qəbul və təhvil aktı olmadan və bəzi qeyd-şərtlərlə 2016-cı ildə istifadəyə verilib. Yolun bu hissələrindən faktiki istifadə olunsa da, müqaviləyə əsasən tam istismara verilməyib. Çünki yolun tikintisində müəyyən nöqsanlar var və podratçı şirkət onları tam aradan qaldırmayıb. Betonlanmış hissələrdə hələ də çatlar, pozuntular müşahidə olunur.

"Şimal-Cənub" dəhlizi üzrə magistral yolun İrəvan-Artaşat hissəsinin tikintisinə Asiya İnkişaf Bankının ayırdığı 60 milyon dollar xərclənib. Amma bu yol da hazır deyil. İndi yolun tikintisini Çinin "Sinohidro Corporation" təşkilatı həyata keçirir. Lakin işlər yenə yarımçıq qalıb. "Şimal-Cənub" magistralının ümumi uzunluğunun 5-6 faizini təşkil edən hissələrə dövlət artıq 260 milyon dollar xərcləyib. Yolun ümumi dəyərinə gəlincə, təxmini hesablamalara görə, tikinti Ermənistan büdcəsinə 3,5 milyard dollara başa gələcək. Buna isə Ermənistanın gücü çatmır.

Rusiyadan Hindistana qədər uzanan "Şimal-Cənub" nəqliyyat dəhlizində Cənubi Qafqaz regionu mühüm yer tutur. İndiki halda regionda yalnız Azərbaycan "Şimal-Cənub" dəhlizinin həyata keçirilməsi istiqamətində zəruri addımlar atır. Xüsusən də Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi  "Şimal-Cənub" dəhlizinin reallaşmasında, eləcə də Azərbaycan vasitəsilə Rusiyaİran arasında ticarət dövriyyəsinin artmasında mühüm rol oynayıb. Ancaq dəhlizin tam işə düşməsi üçün Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu Qəzvin-Rəşt dəmir yoluna birləşməlidir. Bunun üçün hazırda Rəştdən İran Astarasına dəmir yolu inşa edilir.

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi qeyd edir ki, müasir dünyada tranzit yükdaşımaların əhəmiyyəti çox artıb: "İran da buna uyğun olaraq addımlar atmalı və 162 kilometrlik Rəşt-Astara dəmir yolunun inşasını başa çatdırmalıdır. İran hökuməti tranzit sahəsində qonşuları, xüsusilə Azərbaycanla əməkdaşlıq əlaqələrinin artırılması istiqamətində addımlar atır. Bu baxımdan İran Çabahar-Sərxəs, Çabahar-Rəşt və Çabahar-Astara, eləcə də İnçə-Burun dəmir yollarının tikintisinə və təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Çabahar limanı İranın Hind okeanına çıxışı və böyük həcmdə yük aşırımına malik olan limanıdır. Bu gün Çabahar-Zahidan dəmir yolunun tikintisi davam edir. Bu yolun inşası başa çatdıqdan sonra Çabahar ilə Astara arasında dəmir yolu xətti yaranacaq ki, bu da Asiyadan yüklərin tranzit olaraq İran və Azərbaycan üzərindən Avropaya daşınmasına imkan verəcək. İranın çox böyük tranzit potensialı var. Avropa ilə Cənub-Şərqi AsiyaFars körfəzi ölkələrinin nəqliyyat əlaqəsi İran üzərindən həyata keçirilərsə, büdcəyə valyuta axını təmin edilər".

Bundan başqa, rəsmi Tehran Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazısindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətlərinin yaradılmasında da maraqlıdır. Bu barədə imzalanan saziş üzrə işlərin həyata keçirilməsinə başlanıb. Sazişə görə Araz çayı üzərində 2 piyada dəmir yolu və avtomobillər üçün 4 körpü tikiləcək. Rüstəm Qaseminin sözlərinə görə, yaxın gələcəkdə ilk körpünün tikintisinə başlanılacaq və bu münasibətlə təməlqoyma mərasimi keçiriləcək.

Bütün bunlar Ermənistanda ciddi narahatlıq yaradır. Ötən illərdə Ermənistan İrandan magistral yol, dəmir yolu xətti çəkmək niyyətində olub. Amma bunların heç biri həyata keçməyib. Ermənistanın "Şimal-Cənub" dəhlizinə qoşulmasını indiki şərtlər daxilində təmin edə bilən yeganə ölkə Azərbaycandır. Lakin bunun üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiya demarkasiya prosesinə başlamalı, ölkəmizlə sülh müqaviləsi imzalamalıdır.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 7 iyul.- S.12.