Ermənistan tərəfindən İrəvan şəhərinin sonuncu tarixi nümunəsi də məhv edilməkdədir

 

Azərbaycanın elmictimai xadimləri Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlayıblar

 

 Uzun illərdir ki, Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsi dağıdılır, saxtalaşdırılır.

Bir zamanlar qədim Azərbaycan toraqlarında dövlət yaradan erməni vandalları zaman keçdikcə həmin ərazilərdən yerli əhalini qovmaq üçün bütün vasitələrdən istifadə etdilər, hər cür hiyləyə əl atdılar, qırğınlar törətməkdən, günahsız insanları kütləvi şəkildə qətlə yetirməkdən belə çəkinmədilər. Elə təkcə ötən əsrdə müxtəlif vaxtlarda azərbaycanlıların deportasiya olunmasına nail oldular. Məqsəd də həmin yerləri tamamilə ələ keçirib azərbaycanlılarsız qoymaq idi. 1980-ci illərin sonlarında buna nail oldular. Minlərlə azərbaycanlını doğma yurdundan, isti ocağından didərgin saldılar. Azərbaycanlıların izlərinin o yerlərdən silinməsi üçün qəddarlıqla həyata keçirilən işlər 1990-cı illərdən daha geniş vüsət aldı.

Həmin illərdə Ermənistan xarici ölkələrdən aldığı yardımlar sayəsində müstəqilliyinə yeni qovuşmuş, hələ tənəzzülə uğramış iqtisadiyyatını dirçəltməyə, ordusunu qurmağa macal tapmamış Azərbaycana qarşı növbəti torpaq iddiaları irəli sürdü. Hədəfində bu dəfə Qarabağ və Şərqi Azərbaycan torpaqları var idi. 1990-cı illərdə Ermənistan həmin əraziləri də işğal etdi.

2020-ci ildə müzəffər Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzur erməni əsirliyindən xilas etdi. Erməni vandalizminin miqyası yalnız Azərbaycan xalqını deyil, bütün dünyanı heyrətə saldı. Otuz ilə yaxın işğal altında saxladıqları əraziləri xarabalığa çevirmiş, nəinki evləri, inzibati binaları, hətta təkcə Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət üçün müstəsna tarixi əhəmiyyətə malik olan abidələri uçurub dağıtmışdılar.

Təəssüf ki, Azərbaycan tarixində, mədəniyyətində müstəsna yeri olan qədim İrəvan şəhəri uzun illərdir ki, eyni aqibəti yaşayır. Beynəlxalq qanunlara əhəmiyyət verməyən, dünya cəmiyyətinin qınağından çəkinməyən ermənilər tərəfindən İrəvan şəhərində Azərbaycan irsi bir əsrdir ki, sistemli şəkildə dağıdılır. Artıq Azərbaycanın milli-mədəni, tarixi irsinin sonuncusu olan Təpəbaşı məhəlləsi məhv edilməkdədir.

Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində xalqımızın irsinə qarşı həyata keçirilən mədəni soyqırım ilə bağlı Azərbaycanın elm və ictimaiyyət xadimləri UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. 102 nəfər tanınmış elmictimai xadim imzaladığı müraciətdə UNESCO-nun bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışdığı vurğulanıb. Bildirilib ki, bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Ümumdünya irsinə aid olan obyektlər yerləşdikləri ərazidən asılı olmayaraq, bütün dünya xalqlarına məxsusdur: "Tarixi şəhərlər və bu şəhərlərin əraziləri cəmiyyətin təkamülünü və onun mədəni kimliyini təsvir edən məkan formasiyalarıdır. Onlar böyük təbii, yaxud süni mühitin bir hissəsidir və bir-birindən ayrıla bilməz. Tarixi şəhərlər onları formalaşdıran keçmişin canlı sübutudur".

Müraciətdə hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşının heç 200 ilə də çatmadığı, səbəbləri tarixşünaslıqda bəlli olsa da, dünya ictimaiyyətinin bundan xəbərsizliyi diqqətə çatdırılıb. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi mədəniyyət nümunələri yoxdurya qalmayıb? Bu sualın cavabı aydın şəkildə müraciətdə verilib: "Bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğundan ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır.

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Bu müraciət Sizin rəhbəri olduğunuz mötəbər təşkilatı Azərbaycan xalqının bütün dünya xalqlarına məxsus olan sonuncu maddi-mədəni irsini xilas etmək üçün səfərbər olmağa dəvət edən həyəcan siqnalıdır".

Müraciətdə tarixi faktlar nəzərə çatdırılıb, İrəvan şəhərinin qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölündüyü, hər birində də şəhər yaranandan XX əsrin əvvəllərinədək azərbaycanlıların yaşadıqları qeyd olunub. Vurğulanıb ki, xalqımız XIX-XX əsrlər ərzində indiki Ermənistanın ərazisində azərbaycanlılara qarşı məqsədyönlü və mərhələli şəkildə həyata keçirilən etnik təmizləmə nəticəsində böyük milli faciə yaşayıb. Nəticədə indi Ermənistan adlanan dövlətin ərazisində heç bir azərbaycanlı qalmayıb. Müraciətdə daha sonra qeyd olunub: "Zaman-zaman Azərbaycan xalqına qarşı aparılan qeyri-insani siyasət Ermənistan tərəfindən Azərbaycan abidələrinə qarşı da davam etdirilib. Nəticə etibarilə Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bu kimi bir çox digər dinitarixi abidələri məhv edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi - Hacı İmamverdi məscidi və Göy məscidi isə Ermənistan fars məscidi adlandıraraq taleyin hökmünə buraxıb. Bu gün XVII əsrə aid olan Hacı İmamverdi məscidi tamamilə yox olmaq üzrədir".

Azərbaycan xalqının tarixinin saxtalaşdırılması məqsədilə daha bir addım 2006-cı ildə atılıb. Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilib. Müraciətdə vurğulanıb: "2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistanda Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək yerində müxtəlif infrastrukturlar inşa olunub".

UNESCO-nun Baş direktoru Odre Azuleyin diqqətinə çatdırılıb ki, Təpəbaşı məhəlləsi İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir: "Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaqyer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Ermənistanda azərbaycanlıların yaratdıqları maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın əsas sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini - tarixi kodunu məhv etmək istəyirlər".

Nəzərə çatdırılıb ki, Təpəbaşı hissəsinin taleyi ilə bağlı erməni ictimaiyyəti ilə Ermənistan dövləti arasında uzun illərdir müzakirələr gedir, lakin bütün bu müzakirələrdə Azərbaycan xalqının maddi-mədəni irsi məhvə məhkum edilir.

Müraciətdə bildirilib ki, 2022-ci il 4 fevralda Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb, Azərbaycan cəmiyyəti uzun zamandır bu xəbəri gözləyirdi: "Biz UNESCO-ya müraciət edərək xahiş edirik ki, səfər zamanı öz üzərinə öhdəlik götürən Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Təpəbaşı məhəlləsi də missiyanın gedəcəyi ünvanlardan biri olsun. Ümid edirik ki, UNESCO-nun missiyasının fəaliyyətinə Ermənistanda maneə törədilməyəcəkdir.

Bu səbəbdən hələ də Azərbaycan xalqının İrəvan şəhərində tamamilə yer üzündən silinməmiş yeganə memarlıq kompleksində Ermənistanın və Azərbaycanın səlahiyyətli idarələri ilə əməkdaşlıq edərək tarix və mədəniyyət abidələrinin hazırkı vəziyyətini qeydə almağa və gələcək monitorinqi, onun nəticələrinin dərcini təmin etməyə təcili ehtiyac var".

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 7 iyul.- S.4.