Gənclərimiz həm də qəhrəmandırlar

 

 

Gənclik sevgidir, ümiddir, arzudur, həyatdır. Harada gənclik varsa, orada işıq var. Gənclik bir millətin istiqbalı, bir dövlətin gələcək taleyinin təminatçısıdır. Gənclik gücdür, qüvvətdir, vətənin bir parçası, şərəfinin qüdrətinin keşiyində duran mübariz əsgərdir. Gənclik 30 il işğal altında qalan torpaqları azad edən ordu, birliyimizin gücümüzün rəmzi olan "dəmir yumruq"dur.

Sağlam düşüncəyə, yüksək vətənpərvərlik hissinə dərin elmi potensiala malik gənclik həm millətin taleyidir. Ümummilli Lider Heydər Əliyev fəaliyyəti boyu gənclərlə işləməyə böyük önəm vermiş, yetişməkdə olan nəslin tərbiyəsi gələcək perspektivləri üçün mümkün olan bütün imkanlardan istifadə etmişdir. Böyük rəhbər gənclərin dövlət işinə idarəetmənin ən mühüm sahələrinə cəlb olunmaları üçün hər zaman yaşıl işıq yandırmış, onların hamisi olmuşdur. Ümummilli Lider gənclərə xitabən demişdir: "Siz Azərbaycanın bu günü gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq".

Azərbaycan gəncliyi hər zaman üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib. İstər müstəqilliyimizin qazanılmasında, istərsə onun qorunub möhkəmlənməsində bu nəslin rolu istisnasızdır. Bir zamanlar ermənilərin Qarabağda separatçı hərəkətlərinə etiraz olaraq meydanlara yüz minlərlə gənc toplaşdığı kimi, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən savaşa da  minlərlə gəncimiz qoşuldu. İdman meydançalarında, musiqi yarışmalarında bayrağımızı qaldıran gənclərimiz həvəslə, daha ciddi qətiyyətlə savaş meydanına yürüdülər. 44 gündə düşmənin təkcə hərb maşınının deyil, 200 ildən bəri beyinləri zəhərləyən, kin, nifrət püskürən çürük ideologiyası məhv edilərək tarixin arxivinə gömüldü. Təbii ki, bunlar heç asan başa gələn işlər deyildi. Düzgün siyasət, doğru strategiya, gənclərlə aparılan qüsursuz nəticəsində mümkün oldu.

Ordumuz qədim Qarabağı düşmən işğalından azad etməklə xam xəyala düşmüş erməni ideoloqlarını qəflət yuxusundan oyatdılar. İndi onlar anlamağa məcburdurlar ki, yandırmaqla, uçurub dağıtmaqla, şəhərləri xarabazarlığa çevirməklə torpağa sahib çıxmaq olmaz. Şəhərlər , torpaq da insanlar kimidir. Sevgi, həyat istəyir. Oğullarımız, gənclərimiz torpağa can verdilər. İşğaldan azad olunmuş ərazilərdə bu gün sürətlə   abadlıq, quruculuq işləri aparılır. Biz Qarabağda tez bir zamanda bərpa işlərinə başlamaqla bir daha bütün dünyaya torpağın əsl sahibi olduğumuz mesajını verdik. Eyni zamanda dünyanın söz sahibləri, supergüclər anladılar ki, Azərbaycan xalqı sülhpərvər, tərəqqipərvərdir. Qanunlarımıza tabe olan, itaət edən hər kəs bizimlə birlikdə bu torpaqlarda sülh içində yaşaya bilər.

Qədim yurd yerlərimizi düşməndən azad etməyə gedən gənclik bu gün Qarabağda eyni həvəslə ermənilərin dağıdıb viran qoyduqları kəndləri, şəhərləri bərpa edirlər. Dağlardan, qayalardan, igidlərimizin keçdiyi yerlərdən indi Zəfər yolu keçir. Ermənilərin at oynatdığı, rəqs etdiyi Cıdır düzündə indi musiqi yarışmaları, festivallar keçirilir. Bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl siyasətin, xalqla hakimiyyətin, Prezidentlə xalqın birliyinin nəticəsidir.

44 günlük Vətən müharibəsi təkcə bizə işğal olunmuş torpaqlarımızı, itirilmiş  nüfuzumuzu, zədələnmiş  milli qürurumuzu, kimliyimizi qaytarmadı. Biz həm də görmək istədiyimiz,  illərdir arzusunda olduğumuz Prezidentimizi daha yaxşı tanıya bildik. Vətən müharibəsi olduqca qətiyyətli, tədbirli, qurduğu ordu ilə bizi qələbəyə aparanordusu ilə fəxr edən bir Ali Baş Komandanı, yenilməz bir sərkərdəni tanıtdı.

Bu gün Qarbağda tikinti, quruculuq, bərpa işləri ilə yanaşı, ordu quruculuğuna da xüsusi önəm verilir. Qazanılmış qələbəni daha təminatlı və əbədi etmək məqsədilə yeni, müasir komando hərbi hissələri yaradılır. Necə deyərlər, qurdla dost ol, amma dəyənəyi yerə qoyma. Bu günlərdə Kəlbəcər rayonunda yeni yaradılmış komando hərbi hissəsinin açılışında iştirak edən Müzəffər Ali Baş Komandan İlham Əliyev gənclərimizin xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idibunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq".

Gənclik həyat deməkdir. Nə qədər ki gənclərimiz var, bir o qədər də həyat davam edəcək, yeni uğurlara imza atılacaq, qələbələr əldə ediləcək. Sözsüz ki, bizə yenə də sevinc yaşadan, uğur qazandıran gənclərimiz olacaq.

 

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 7 iyul.- S.8.