5 milyardlıq quruculuq
büdcəsi
İlham Əliyev
işğaldan azad etdiyi bölgələrin bərpasını milli prioritet elan edib
İlyarım böyük zaman kəsiyi deyil. Lakin bu qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası olduqca möhtəşəm və genişdir. Görünən odur ki, cəmi 44 günə torpaqlarımızı azad edən Prezident İlham Əliyev ermənilərin viran qoyduğu yurd yerlərimizi sürətlə cənnətə çevirir. Öz doğma yerlərinə qayıdacaq vətəndaşlarımız üçün indi ən mükəmməl həyat şəraiti yaradılır.
Siyasi iradənin göstəricisi
Müzəffər Ali Baş Komandan
İlham Əliyev azad
olunmuş ərazilərin bərpası
ilə bağlı göstərişlərini hələ Vətən
müharibəsinin davam etdiyi
günlərdə vermiş, ilk olaraq azad
olunmuş Suqovuşana
aparan yolların bərpasına
başlanılmışdı. Qələbə ilə başa vurduğumuz müharibədən dərhal sonra öncə infrastrukturların bərpası
olmaqla, kompleks quruculuq işlərinə start
verilmişdi. Azad olunmuş ərazilərdə yolların yenidən
qurulması, dayanıqlı enerji təchizatının
təmin olunması, o cümlədən Şuşa şəhərinin bərpası
istiqamətində layihələrin icrasına
başlanılmışdı.
İndiyədək qısa zamanda bir sıra iri layihələrin icrası başa çatdırılıb. Şuşaya gedən Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası, Zəngilanda Ağalı kəndinin bərpası, yeni su-elekrik stansiyalarının, yarımstansiyaların istifadəyə verilməsi, Şuşa şəhərində başlanan bəzi layihələrin yekunlaşması azad olunmuş ərazilərin bərpası işlərinin sürətlə həyata keçirilməsindən xəbər verir. Ən əsası bütün bunlar bu ərazilərin yenidənqurulması ilə bağlı güclü siyasi iradənin olmasının göstəricisidir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır. Dövlət başçısının Qarabağa və Şərqi Zəngəzura hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur. Müzəffər Ali Baş Komandanın bir neçə gün əvvəl Kəlbəcər rayonuna səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərin bərpası üçün necə əzəmətli layihələr reallaşdırır.
Bir məsələni də xüsusi qeyd etməliyik. Qarabağ və Şərqi Zəngəzurun bərpasını Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. 2022-ci ilin dövlət büdcəsində də bu həcmdə vəsait nəzərdə tutulmuşdu. Lakin ötən ay dövlət büdcəsinin gəlir və xərcləri artırılıb. Artan büdcə gəlirlərinin 470 milyon manatı işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilib. Beləliklə, son iki ildə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına ümumilikdə 4 milyard 870 milyon manat vəsait ayrılıb.
Mehriban Əliyevanın quruculuq təşəbbüsləri uğurla gerçəkləşir
İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir. İndiyədək bu layihələrin bir qismi tam icra olunub. Məsələn, ötən il Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurulması cəmi bir neçə aya başa çatdırılıb. Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada Vaqifin büstü və görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəli bərpa olunub. Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev-muzeyi, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksi, Şirin su hamamı da Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Azərbaycanın tanınmış tarzəni, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edən, simlərin sayını 5-dən 11-ə çatdıran və ilk dəfə tarı sinədə ifa etməyə başlayan Sadıqcanın Şuşadakı evinin bərpasını da Heydər Əliyev Fondu həyata keçirəcək.
Mehriban Əliyevanın təşəbbüsləri ilə Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərdə reallışdırdığı layihələrin bir qismi də məscidlərin bərpasıdır. Hazırda Şuşa məscidləri, o cümlədən Ağdam Cümə və Zəngilan məscidləri Heydər Əliyev Fondu tərəfindən bərpa edilir.
Bütövlükdə bütün toxunduğumuz məqamlar ondan xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri kompleks miqyas alıb. Bu gün bütün dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə nəhəng layihələr həyata keçirdiyini görür. Dövlətimizin maliyyə imkanları yüksəldikcə bu istiqamətdə ayrılan vəsaitlərin həcmi də artacaq və İlham Əliyev milli prioritet etdiyi işğaldan azad olunan bölgələrimizin bərpası prosesini ən yüksək səviyyədə başa çatdıracaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2022.- 8 iyul.- S.4.