Prezident qayğısı qədim qəsəbəni modern inkişafa qovuşdurdu

 

 

Bakıətrafı qəsəbələrin abadlaşdırılması istiqamətində nəhəng layihələr icra olunur. Ötən əsrdə bəlkə də kimsə düşünə bilməzdi ki, gün gələcək, Balaxanı, Bibiheybət, Suraxanı, Qala, Ramana və digər qəsəbələr paytaxtın yaraşıqlı, yaşıllıqlara bürünmüş, təmiz və görkəmli qəsəbələrinə çevriləcək. Bu gün əhalinin rifah halının yaxşılaşdırılması, yaşayışının yüksəldilməsi üçün həyata keçirilən hər bir layihənin həm də sosialyönümlü olmasına xüsusi diqqət yetirilir.

Prezidentin müntəzəm olaraq Bakının qəsəbə və kəndlərində aparılan abadlıq işləri ilə tanış olması, sakinlərlə görüşləri, onların arzu və istəklərinin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər həm də Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna rol oynayır. Əhalinin istirahəti, sağlam həyat tərzinin formalaşdırılması üçün müvafiq şəraitin yaradılması məqsədilə qəsəbələrdə istirahət parkları salınır, küçələr asfaltlanır, eyni zamanda yeni yerləri açılır. Mütəmadi aparılan abadlıq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olur.

 

 

 

Yenilənən yollar, abadlaşan ünvanlar

 

 

Ötən il yenidən qurulan Balaxanı qəsəbəsinə səfər edən Prezident İlham Əliyev belə bir layihənin digər qəsəbələri də əhatə edəcəyini bildirdi: "Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə təqribən 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Ancaq əlbəttə ki, bunun yüz faiz surəti olmayacaq. Hər bir qəsəbənin özünəməxsus memarlıq üslubu var, tarixi var, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun. İlk növbədə sakinləri narahat edən problemlər, necə ki burada infrastruktur - kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, insanların gündəlik qarşılaşdığı digər məsələlər həll olunur. Eyni zamanda təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı və ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir. Eyni zamanda gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünəxas görüntüsü olsun".

İyulun 6-da Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub. Qəsəbədə yenidənqurma işləri yekunlaşıb, qəsəbədaxili yollar asfaltlanıb, divardam örtükləri yenilənib, küçələrin işıqlandırılması həyata keçirilib. Həsən bəy Zərdabi, Xanlar, Mirzəağa Əliyev, Əbdürrəhim bəy Haqverdiyev və qəbiristanlıq ətrafı küçələr tamamilə yenilənib. Həmçinin ərazi tullantılardan təmizlənib.

 

 

 

Tarixi abidələr bərpa edilir

 

 

Qəsəbələrin abadlaşdırılması zamanı abidələrin də bərpası əsas məqsədlərdən olub. Abidələr və qədim məkanlar öz görkəmləri ilə xalqımızın zəngin tarixini bir daha əyani nümayiş etdirir. Ölkəmizdə yaşı əsrləri və minillikləri əhatə edən abidələr mövcuddur. Dövlət başçısının böyük diqqət və qayğısı sayəsində həmin abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

Ramana qəsəbəsi Abşeron ərazisində turizm marşrutlarına daxil edilə biləcək qədim memarlıq abidələri ilə zəngindir. Onlardan biri qəsəbənin girişində əzəməti ilə diqqəti cəlb edən, XII-XIV əsrlərə aid olduğu bildirilən Ramana qalasıdır. Qala ərazidə yüksək nöqtədə yerləşir. Divarlarının hündürlüyü 15 metr olan qala ehtimal edilir ki, müdafiə məqsədilə tikilibŞirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Məşhur "Koroğlu", "Nəsimi" və "Babək" filmlərinin müəyyən səhnələri bu qalada çəkilib.

Ramananın qədim abidələrindən biriNovruzqulu hamamıdır. Prezident İlham Əliyevə bu qədim hamam barədə də məlumat verilib. Bildirilib ki, keçmişdə hamamda dörd quyu fəaliyyət göstərsə də, indi onlardan üçü mövcuddur. Novruzqulu Babakişi oğlunun adını daşıyan hamam Abşeron yarımadasında yeganə tikilidir ki, onun sənədləri toplanıb və təsdiqlənib. Hamamın binasında keyfiyyətli bərpa işləri görülüb.

Yenidənqurma işləri zamanı ətraf mühitin qorunması, qəsəbənin ekoloji vəziyyəti mühüm məsələlərdən biri olub. Son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ şəkildə yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaratmışdır.  Ölkə rəhbərliyi tərəfindən ekoloji məsələlərə göstərilən xüsusi diqqət və respublikamızın sosial-iqtisadi həyatında son illərdə əldə olunmuş yüksək nailiyyətlər bundan sonra da ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində öz müsbət təsirini daha səmərəli göstərəcəkdir.

 

 

 

40 pillə adlanan su ovdanı

 

 

Tarixi abidələr, onların mühafizəsi,  onlara qayğılı münasibət hər bir millətin mənəvi mədəni təşəkkülünü göstərir. Azərbaycanda qədim abidələrin qorunması üçün dövlət əhəmiyyətli strukturlar yaradılıb. Tarixi mədəniyyət abidələri ilə zəngin olan ölkəmizdə memarlıq incilərindən sayılan bina və abidələrin qorunması, təmiri və bərpası, yenidən qurulması dövlət proqramına daxil edilib. Abidələri bərpa etməklə ona ikinci həyat vermək qarşıda duran başlıca vəzifələrdəndir. Ramana həm də ovdanları ilə məşhurdur. Qəsəbədə bərpa olunan tarixi abidələrdən biri el arasında 40 pillə adlanan su ovdanıdır.

Ümumiyyətlə, Azərbaycan ərazisində, Abşeron yarımadasında və ona qonşu ərazilərdə ovdanlara daha çox təsadüf edilir. Bu yerlərdə içməli su mənbələri çox az olduğundan XVI-XVIII əsrlərdə yararlı olan lay sularından istifadə edilməsi məsələsi aktuallaşıb və ovdanlar yaradılıb. Bu qurğuların tikintisi XX əsrə qədər davam edib.

 

 

 

Əhalinin məşğulluğu təmin edilir

 

 

 

İnsanların işlə təmin olunması məqsədilə göstərilən dövlət qayğısının ən mühüm təzahürlərindən biri də özünüməşğulluq proqramıdır. Azərbaycan dövləti xalqın və vətəndaşların rifahının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin daim qayğısına qalır. Dövlət başçısına Ramanada əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər barədə də məlumat verildi. Qeyd edildi ki, qəsəbədə xalçaçılıq müəssisəsi və satış mağazası açılıb. Yaradılan yeni iaşə və xidmət obyektlərində məhsulların istehsalı və satışı həyata keçirilir. Bu obyektlər müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlarla təchiz olunub. Pirşağıda hazırlanan quru meyvələrin satışı da Ramanada həyata keçiriləcək. Səyyar satış obyektləri və köşklərin quraşdırılması ilə məşğulluğun artırılmasına nail olmaq, həmçinin yerli əhali və turistlərin ehtiyaclarını qarşılamaq mümkündür. Reallaşdırılan layihələrdən birivertikal bağçılıq layihəsidir. Layihənin məqsədi özünüməşğulluğun artırılmasına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların genişləndirilməsinə, bitkiçiliyin və kənd təsərrüfatı məhsulları emalının inkişafına töhfə verməkdir.

Ramana sakinlərinin həm sağlam həyat tərzi, həm də asudə vaxtlarını səmərəli keçirmələri üçün qəsəbədə idman mərkəzi inşa olunub. Mərkəzdə qapalı idman zalı, mini-futbol meydançası yaradılıb. Ölkəmizdə idmana qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət gənclərlə bağlı sosial dəstək, gənclərin asudə vaxtını səmərəli keçirməsi ilə bağlı layihələrə xüsusi önəm verir.

Ramana qəsəbəsinin yenidən bərpası oranın turizm baxımından cəlbediciliyini daha da artıracaq. Dövlət başçısının tapşırıqlarına əsasən, Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində aparılan yenidənqurma tədbirləri qarşıdakı dövrdə daha da sürətləndiriləcək və abadlıq işləri geniş vüsət alacaq.

 

 

 

Elşən YƏHYAYEV,

Azərbaycan.-2022.- 8 iyul.- S.6.