İlham Əliyevin Zəfəri dünya qızılbaşlarını birləşdirən ən böyük gücdür

 

 

Pakistan Parlamentinin Azərbaycan əsilli deputatı Ağa Əli Heydər Qızılbaş Vətənə dönüşü ilə şəcərəsinin 5 əsrlik həsrətinə son qoydu

 

 

 

"Əsrlər sonra əcdadlarımın yurduna ayaq basdım...

Keçirdiyim hissləri, duyğuları hər hansı sözlə ifadə etmək çox çətindir...

Həyatda xoş günlərim çox olub, amma bəlkə də ömrümdə heç vaxt indiki kimi sevinməmişdim. Çünki əcdadlarımın uğrunda qan tökdüyü, can verdiyi, qoynunda əbədi məskən saldığı doğma Vətəndəyəm. Ömrümün 51-ci baharında sanki özümü tapmışam...

Bakıya düşən kimi ulu babam Şah İsmayıl Xətainin heykəlini ziyarət etdim və çox duyğulandım. Qollarımı açıb əcdadımın abidəsini bağrıma basaraq dedim ki, ey böyük türk hökmdarı, fatehlər fatehi, Qızılbaş irsinin nümayəndəsi kimi səni ziyarətə gəlmişəm. Dünyaya yayılmış qızılbaşlar heç zaman səni unutmur, ucalığın, böyüklüyün irsimizdə yaşayır..."

 

O, Ağa Əli Heydər Qızılbaşdır.

 

Pakistanın Nanqana Sahib şəhərində anadan olub. Pakistan parlamentinin deputatıdır, qanunverici orqanda Pəncab əyalətini təmsil edir və hakimiyyətdə olan Müsəlman Liqasının üzvüdür. Azərbaycan əsilli deputat əsrlər sonra Qızılbaşlar nəslinin üzvü kimi ilk dəfə Azərbaycana səfər edib. Doğma yurduna gəlişi həyatında silinməz izlər salıb və özünün təbirincə desək, ömür səhifələrində unudulmaz anlara çevrilib.

 

Qızılbaş irsinin nümayəndəsinin həyat hekayətini dinləmək üçün onunla həmsöhbət olduq.

 

 

 

7 dəfə deputat seçilən Qızılbaş ailəsi

 

 

 

1971-ci ildə Nanqana Sahib şəhərində ziyalı ailəsində anadan olan Ağa Əli Heydər Qızılbaş orta təhsilini başa vurduqdan sonra Pəncab Universitetində inkişaf, idarəetmə və planlaşdırma ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Eyni zamanda aqrar sektor üzrə kənd təsərrüfatı mütəxəssisidir.

 

İdmana da böyük marağı olan Ağa Əli Heydər bu sahənin həm üzgüçülük, həm də otüstü hokkey növü ilə məşğul olub. Hər iki sahə üzrə peşəkarlığı nəticəsində Pakistanın üzgüçülük və otüstü hokkey milli komandalarına dəvət edilərək hər iki yığmanın üzvü olub. Uzun müddət milli komandanın şərəfini qoruyub. Hokkey oyunlarının birində ağır zədə aldığı üçün idmanı tərk etmək məcburiyyətində qalıb. 

 

Atası Ağa Qulam Heydər Qızılbaş Pəncabda sayılıb-seçilən sahibkarlardan olub. Kənd təsərrüfatı sahəsində çalışan Ağa Qulam Heydər həm də siyasi proseslərdə fəal iştirak edib. Pakistanın sabiq Baş naziri Nəvaz Şərifin rəhbərlik etdiyi Müsəlman Liqasının nümayəndəsi kimi parlamentin 4 çağırış deputatı seçilib.

 

Atasının yolunu davam etdirən Ağa Əli Heydər də 2002-ci ildə Pakistan parlamentinə keçirilən seçkilərdə namizədliyini irəli sürüb və Nanqana Sahib şəhərini təmsil edən Müsəlman Liqasının təmsilçisi kimi deputat mandatı qazanıb. Bundan sonra 2 çağırış parlament seçkilərində də qalib gələn Əli Heydər Qızılbaş hazırda parlamentdə Pəncab əyalətini təmsil edən deputatdır. Ailəlidir, 3 övladı var.

 

 

 

Pakistanın Qızılbaş Prezidenti, Baş naziri, nazirləri, generalları, səfirləri...

 

 

 

Tarixdən məlum olduğu kimi, Qızılbaşlıq Azərbaycanda yaranıb. Bu tayfanın hakim mövqedə olduğu Səfəvilər dövləti həm də "Qızılbaşlar dövləti" adlandırılıb, bugünkü Azərbaycan, İran, İraq, Ermənistan, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə, Şimal-Şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib. Bu da onu deməyə əsas verir ki, qızılbaşlar bu ərazilərdə kök salaraq dünyanın dörd bir yanına səpələniblər.

Tariximizin iki mərhələsində Azərbaycan torpaqlarından böyük köç baş verib. Bunlardan biri Şah Təhmasib tərəfindən Moğol imperatoruna göndərilən 12000 qızılbaş döyüşçüsü, digəri isə Nadir Şah Avşar tərəfindən onun Hindistan və Əfqanıstanı istilası zamanı ora apardığı Cavanşirlər, Bayat və Avşar boylarıdır. İngilislərin apardığı siyahıyaalmaya görə, 1901-ci ildə indiki Hindistanın Uttar Pradeş əyalətinə uyğun gələn ərazidə 2877 nəfər, 1911-ci ilin siyahıyaalınmasına görə isə indiki Pakistan və Hindistanda 1959 soydaşımız - qızılbaş ömür sürüb. Hazırda isə dünyanın müxtəlif ölkələrində milyonlarla qızılbaş yaşayır.

Əhalinin təbii artımını və xaricə köçü də nəzərə aldıqda Pakistan və Hindistanda qızılbaş sayını 20 min nəfər təxmin etmək olar. Pakistanda qızılbaşların sayı və rolu daha çoxdur. Onlar bu ölkəyə prezident, nazirlər, generallar, səfir, hakim və digər nüfuzlu peşə sahibləri bəxş ediblər. Bu gün də Pakistanın ən ali orqanlarında çalışan qızılbaşlar var.

Ağa Əli Heydər Qızılbaşın şəcərəsi Avşar boyundandır. Ulu babalarının Azərbaycandan köçünü belə izah edir: "Anam danışırdı ki, Nadir şahın Əfqanıstanı və Hindistanı fəthindən sonra Qızılbaş nəslindən olan bir qrup yaxın qohumlar 1739-cu ildən sonra Əfqanıstanda məskunlaşıblar. Yəqin ki, onlar bu ərazilərə nəzarət etmək üçün göndəriliblər. Burada bir müddət yaşadıqdan sonra 1860-cı ildə ulu babam Ağa Qulam Heydər Qızılbaş Pakistana köç edib. Pəncab vilayətində qızılbaşlar çox böyük hörmətə sahib olublar. Ağa Heydərin iki oğul övladı olub - Ağa Vilayət Əli xan Qızılbaş və Ağa Sərdar Əli xan Qızılbaş. Onların hamısının adının sonluğunda "xan" sözü də olub.  Ağa Vilayət Əli xanın da iki oğul övladı dünyaya gəlib - Ağa Mehdi Şərif xan Qızılbaş və Ağa Mehdi Həsən xan Qızılbaş. Ağa Mehdi Şərif xan mənim atamın atası, yəni babamdır. Bu şəxslər Pakistanda kənd təsərrüfatı sahəsində böyük mülklərə, torpaqlara sahib insanlar, iş adamları olublar. Qızılbaşların içərisindən həm də tanınmış siyasətçilər, generallar, ictimai-siyasi xadimlər də çıxıb".

Onun sözlərinə görə, əslən qızılbaşlardan olan general Ağa Məhəmməd Yəhya xan Qızılbaş 1917-ci ildə Pəncabda doğulub. O da Nadir şahla 1739-cu ildə Hindistana gələn xanların nəslindəndir. Bir çox döyüş əməliyyatlarında iştirak edən Yəhya xan Qızılbaş ordu komandanının müavini və 1969-1971-ci illərdə Pakistan Prezidenti kimi ən ali vəzifələrdə çalışıb. Məhz həmin dövrdə, yəni 1969-1971-ci illərdə Qızılbaş şəcərəsindən olan Müzəffər Əli xan Qızılbaş isə ölkənin maliyyə naziri vəzifəsini icra edib. 1908-ci ildə Pəncab əyalətinin Lahor şəhərində anadan olan Müzəffər Əli xan müxtəlif yüksək vəzifələrdə çalışıb və 1958-ci ildə Qərbi Pakistanın Baş naziri vəzifəsinə təyin olunub. Vəzifədə olduğu dövrlərdə bir sıra mühüm işlər görüb ki, bunlar da onun növbəti dəfə yüksək postda təmsil olunmasına zəmin yaradıb. Maliyyə naziri vəzifəsindən getdikdən sonra isə uzun müddət Pakistanın Fransadakı səfiri kimi çalışıb.

Onun da soy-kökü Nadir şah Afşarla bu torpaqlara gəlmiş Səfəvi tərəfdarı Qızılbaş tayfalarındandır. Atası Fateh Əli xan Qızılbaş Hindistanın iri maliyyə maqnatlarından olub. Britaniyalı tarixçi L.H.Qriff  "Pəncab liderləri. Pəncab hökumətinin nəzarətindəki ərazilərdə yaşayan nüfuzlu ailələrin tarixi və tərcümeyi-halı ilə bağlı qeydlər" kitabında bu ailənin Nadir şahla birlikdə Əfqanıstana gəlməsindən bəhs edib.

Həmçinin Qızılbaş şəcərəsindən olan Mehdi Əfzəl xan Qızılbaş da Hindistandakı Böyük Britaniya ordusunun generalı vəzifəsinədək yüksəlib.

 

 

 

Azərbaycana necə gəldi, nəyi gördü, nə eşitdi, nələr yaşadı

 

 

 

Bəs necə oldu ki, əsrlər sonra Ağa Əli Heydər Qızılbaş əslən azərbaycanlı olduğunu öyrəndi və əcdadlarının yurduna səfər etdi?

Bu maraqlı hekayəti öz dilindən eşidək:  "Bu barədə ilk dəfə anamdan eşitmişəm. O, həmişə deyərdi ki, bizim vətənimiz Pakistan deyil, Azərbaycandır. Vətən sevgisinin ayrı bir duyğu olduğunu söyləyirdi və deyirdi ki, gərək onu hiss edəsən, yaşayasan. Həmin vaxtlar mən onu başa düşürdüm, amma o duyğunu hiss edə bilmirdim. İllər ötdü və bir gerçəklik yaşandı. Sən demə, Azərbaycanda da bizi axtaran, arayan var imiş. Dünya Qızılbaş Qlobal İrsi Şura Təşkilatından Babək Hüseynli (təşkilatın həmtəsisçisi) mənimlə əlaqə saxlayıb ətraflı məlumat verdi. Babək müəllim öncə mənim kimliyimi, irsimi, şəcərəmi izah etdi və gördüm ki, hər şeyi doğru söyləyir.

Doğrusu, çox təəccübləndim, axı onda bu qədər doğru məlumat hardan ola bilərdi? Sonra məlum oldu ki, Babək Hüseynli də Qızılbaş şəcərəsinin nümayəndəsidir və dünyada yaşayan bütün qızılbaşları bir araya toplamaq üçün Dünya Qızılbaş Qlobal İrsi Şura Təşkilatını yaradıb. Feysbuk sosial şəbəkəsində yaratdığı "Qizilbash Global Heritage Şura" səhifəsi də bu məqsədlərə xidmət edir. Bunu eşidəndə həqiqətən çox sevindim".

 

Babək Hüseynli əslən azərbaycanlı olan pakistanlı deputatı  Azərbaycana dəvət edir və Ağa Əli Heydər buna etiraz etmir. Amma Azərbaycana gələrkən düşünür ki, bəlkə də burada bir-iki qızılbaş ailəsi qalıb. O da həmin ailələrlə görüşüb geri qayıdacaq. Amma özünün də dediyi kimi yanılıbmış: "Ana Vətənə ayaq basanda, insanların xoş, nəvazişli davranışlarını görəndə anamın söylədiyi o müqəddəs duyğuları hiss etməyə başladım. Gördüklərimə, eşitdiklərimə inana bilmirdim və sevincimdən ürək çırpıntılarım sanki get-gedə artırdı. Bu hissləri bölüşməyə çox yaxın insan axtarırdım. Əlimi atıb telefona oğluma zəng elədim. Dedim ki, əziz balam, mən indi ana Vətəndəyəm və bura çox heyrətamizdir. Çox danışa bilmədim, çünki kövrəlirdim... İnsanların gülərüz simalarına baxdıqca sanki özümü, qardaşlarımı, bacılarımı, övladlarımı görürdüm. Yəni mən burada özümü tapdım. Hərdən sevincimdən sanki uçurdum, hərdən də qəhər məni boğurdu. Axı bu qədər uzun dövrdə bizlər niyə Vətəndən xəbərsiz olmuşuq?!"

 

Ağa Əli Heydər Qızılbaş Bakıya gəldikdən dərhal sonra Şah İsmayıl Xətainin heykəlini də ziyarət edib və bir daha ona bəlli olub ki, həm Şah İsmayıl, həm də fatehlər fatehi Nadir şah Azərbaycanın qüdrətli sərkərdələri, tarixi şəxsiyyətləri kimi hər zaman hörmətlə anılır və könüllərdə yaşayırlar. Bugünkü qüdrətli Azərbaycan isə onların yaratdıqları dövlətin mənəvi varisidir. 

 

 

 

Pakistandan Azərbaycana baxış

 

 

 

Əli Heydər Qızılbaş Azərbaycana ilk dəfə səfər etməsinə baxmayaraq ölkəmiz haqqında kifayət qədər məlumatlıdır. Pakistan-Azərbaycan münasibətlərinin hər zaman yüksək səviyyədə olduğunu söyləyən deputat deyir ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub. Pakistan Azərbaycan torpaqlarını işğal edən Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb.

 

İki ölkə rəhbərliyi səviyyəsində keçirilən görüşlər, imzalanan sazişlər bu əlaqələri daha da möhkəmləndirib. Son illərdə isə bu ələqələr ən yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

 

İkinci Qarabağ müharibəsi dövründə Pakistanın Azərbaycana verdiyi mənəvi dəstək də hər zaman yüksək dəyərləndirilir. Çünki Azərbaycan haqq savaşına başlayarkən, bəzi dövlətlər ölkəmizə qarşı açıq-aşkar "hücum" edərkən Pakistan rəsmən Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan etdi.

 

Ağa Əli Heydər də qeyd edir ki, Pakistan-Azərbaycan münasibətləri bütün dövrlərdə çox yüksək səviyyədə inkişaf edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə bu əlaqələr daha da şaxələnib, möhkəmlənib: "İkinci Qarabağ müharibəsində hər kəsə bəlli idi ki, bu, Azərbaycanın haqq savaşıdır. Çünki Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən sənədlər də var idi. İşğalçı Ermənistan silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi bunu təsdiqləyirdi. Amma dünya birliyi bu ədaləti təmin edə bilmədi. Azərbaycan yalnız öz gücünə, təkbaşına 30 illik münaqişəni həll etdi və ədalət zəfər çaldı. Qarabağ işğalçılardan təmizləndi. Qalib Sərkərdə kimi Prezident İlham Əliyevin Şuşada Azərbaycan bayrağını dalğalandırması ürəyimizi dağa döndərdi. İlham Əliyevin Zəfəri dünya qızılbaşlarını birləşdirən ən böyük gücdür. Axı Qarabağ mənim əcdadlarımın yurdudur və şanlı Zəfər Qızılbaş sərkərdələrinin, fatehlərinin ruhlarını da şad etdi. Zəfərdən sonra Azərbaycanın ən ucqar kəndində belə Azərbaycan-Türkiyə bayraqları ilə yanaşı, Pakistanın da bayrağının dalğalanması qürurverici idi".

 

Pakistan parlamentinin deputatı Ağa Əli Heydər Qızılbaş hesab edir ki, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir və yeni Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi hökumət də Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlıdır. O, buna misal kimi iyunun 27-də Baş nazir Şahbaz Şərifin Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda yer alan ifadələrə diqqət çəkir. Məktubda qeyd edilir ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilir. Ötən 30 il ərzində iki xalq arasında dostluq və qardaşlıq münasibətləri daha da güclənib. Baş nazir əminliklə vurğulayıb ki, siyasi, iqtisadi və mədəni sahələr də daxil olmaqla, ikitərəfli əməkdaşlıqdakı qarşılıqlı maraqlar və sabit dinamika növbəti illərdə daha da inkişaf edəcək.

 

"Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur. Zati-alinizin Cənubi Qafqazda sülh və sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm. Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır", - deyə Şahbaz Şərif məktubunda vurğulayıb.

Ağa Əli Heydərin fikrincə, iyunun 30-da Bakıda İlham Əliyevlə Pakistan Senatının Sədri Məhəmməd Sadiq Sərcani arasında keçirilən görüşdə səslənən səmimi fikirlər də iki ölkə arasındakı münasibətlərin dinamikliyinin getdikcə yüksələcəyini deməyə əsas verir.

Azərbaycana ilk səfəri çərçivəsində Əli Heydər Qızılbaş Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla da görüşüb. Maraqlı keçən görüşdə dünyaya yayılmış qızılbaşların hazırkı vəziyyəti, onlarla əlaqələrin qurulması və Azərbaycanla əməkdaşlığın daha da intensivləşməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Pakistanlı deputat geri dönərkən Pəncabın iş adamlarının birgə toplantısında Azərbaycanla bağlı təkliflər irəlü sürəcəyini deyir: "Geri qayıdan kimi aqrar sektor mütəxəssisləri, həm də digər həmkarlarımla keçirəcəyim görüşlərdə Azərbaycanda, xüsusən də işğaldan azad edilən torpaqlarda yaranmış investisiya imkanlarını, ölkənin xarici investorlar üçün yaratdığı yüksək şəraiti izah edəcəm. Eyni zamanda səfər təəssüratlarımı deputatı olduğum Pəncabın Baş naziri Həmzə Şahbaz Şəriflə də bölüşəcəm. Bütün bu görüşlər, təmaslar pakistanlı iş adamlarının Qarabağa, Şərqi Zəngəzura investisiya yatırmaları üçün müsbət addım ola bilər".

 

 

 

Qızılbaşlar bir araya toplanır

 

 

 

Əli Heydər Qızılbaşın Azərbaycana, ana Vətəninə səfərini reallığa çevirən, tarixi torpaqlarımızdan köçən soydaşlarımızın yenidən bir araya gəlməsi, təşkilatlanması üçün ciddi səylər göstərən gənc vətənpərvər Babək Hüseynli ilə də həmsöhbət olduq.

Əslən Qızılbaş irsindən olan Babək Hüseynlinin ökəmizdən kənarda yaşayan qızılbaşların vahid mərkəzdə birləşməsi üçün yaratdığı Dünya Qızılbaş Qlobal İrsi Şura Təşkilatında xaricdə yaşayan soydaşlarımız, xüsusən də gənclər təmsil olunurlar. Onlar çox mühüm əhəmiyyətli xoşməramlı missiyanı üzərlərinə götürüblər.

Babək Hüseynli ilə dünyadakı qızılbaşların sayı, yaratdığı təşkilat, qarşıda duran məqsədlər, planlar barədə söhbətləşdikdə bəlli oldu ki, əvvəllər Pakistan, Hindistan, Əfqanıstan, Türkmənistan və Özbəkistanda yaşayan soydaşlarımızın sayı ilə bağlı dəqiq rəsmi məlumat olmayıb. Türkmənistan və Özbəkistandakı soydaşlarımızın statistikası əsasən sovet və postsovet dövründə Qafqaz Azərbaycanından oraya köçənləri ehtiva edir. Lakin bu ölkələrdə daha qədim və köklü icmalarımız var ki, onlar indiyəcən "kəşf edilməyib".

Müxtəlif ölkələrdə yaşayan Qızılbaş nəslinin davamçılarını əvvəlcə feysbuk sosial şəbəkəsi üzərindən bir araya toplayan Babək Hüseynli bu təşəbbüsün daha böyük hədəflərə doğru irəlilədiyini deyir. O, dünyada Qızılbaş adı altında yaşayan azərbaycanlıların soy yaddaşının yaradılması ilə bağlı işlərin başladığını, yüzlərlə soydaşımızın məlumatlarının (ad, soyad və əlaqə nömrələri) toplandığını bildirir. Feysbukda yaratdığı "Qizilbash Global Heritage Şura" səhifəsi də bu məqsədlərə xidmət edir.

Sosial şəbəkədəki bu səhifədə 30-dan artıq ölkədən minlərlə həmvətənimiz aktiv fəaliyyət göstərir, müxtəlif sahələrdə fikir və informasiya mübadiləsi aparırlar. Qrup üzvlərinin əksəriyyətini gənclər təşkil edir. Əcnəbi ölkədə doğulub oranın bir parçasına çevrilmiş və qloballaşma dövrünün reallıqlarını yaşayan bu gənclər indi soy-köklərinə bağlılıq göstərir, qızılbaş mahiyyətləri və Azərbaycanəsilli olmaları ilə qürur duyurlar: "Əsas məqsədimiz Azərbaycanı, dilimizi, tariximizi, zəngin qrup mədəniyyətimizi tanıtmaq, dünyanın hər yerində Azərbaycana bağlı insanların sayını artırmaqdır".

Bu xoşməramlı missiya ilə qrup dünyanın müxtəlif istiqamətlərinə köçmüş, orda yaşayan Qızılbaşəsilli soydaşlarımıza ölkəmizi, dilimizi, tariximizi, zəngin mədəniyyətimizi tanıtmağa çalışır, Səfəvi dövlətinin əsas özəyini təşkil edən dünya qızılbaşlarını bir yerə cəmləmək, Azərbaycanın şanlı tarixi, mədəniyyəti ilə tanış etmək və ölkəmizin beynəlxalq aləmdə etibarını artırmaq üçün ciddi səy göstərir.

İnanırıq ki, yeni yaranan Dünya Qızılbaş Qlobal İrsi Şura Təşkilatı qarşısına qoyduğu hədəfləri tezliklə reallığa çevirərək mühüm uğurlar qazanacaq və bu proses  Azərbaycan tarixinə əvəzsiz töhfə vermiş olacaq.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 8 iyul.- S.4.