Qoşulmama Hərəkatı - sülh və ədalət uğrunda birgə fəaliyyət

 

 

Müasir dünyamızda ümumən bəşəriyyəti qayğılandıran bir çox qlobal problemlərə birgə həllərin tapılması, sülhə, təhlükəsizliyə, davamlı inkişafa dəstək üçün ölkələr arasında əməkdaşlığın qurulması çox vacibdir. Belə bir əməkdaşlığın öz məqsədlərinə çata bilməsindən ötrü isə onun hər hansı hərbi blokun maraqlarından kənarda qurulması, beynəlxalq hüquqa hörmət prinsipləri əsasında fəaliyyəti çox əhəmiyyətlidir. Yalnız belə olduqda dövlətlər müasir dünyamızın çağırışlarına cavab verə, mövcud problemlərə ortaq həllər tapa bilərlər. Bu baxımdan Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı son illər ölkələr arasında çox uğurlu əməkdaşlıq platformasına çevrilmişdir.

 

30 iyun 2022-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin paytaxtımızda keçirilmiş Bakı Konfransı da bunu bir daha göstərdi. Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfransdakı proqram xarakterli çıxışı müasir beynəlxalq münasibətlər sistemində  bu qurumun yeri və rolunu, həyata keçirdiyi missiyanı, qarşıya qoyduğu hədəfləri diqqətə çatdırmış oldu.

 

 

 

İkinci ən böyük beynəlxalq qurum

 

 

 

Hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq qurumdur. Müxtəlif qlobal məsələlərlə bağlı hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.

Son illər bu təşkilatın fəaliyyətinin güclənməsində Azərbaycanın müstəsna xidmətləri var. Məhz ölkəmizin təşkilata sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu daha da yüksəlmiş, beynəlxalq proseslərə təsir imkanları genişlənmiş, qarşıya qoyduğu vəzifələr aydınlaşmışdır.

Azərbaycan bu quruma 2019-cu ildən sədrlik edir. 2019-cu ilin 25-26 oktyabrında ölkəmizin evsahibliyi ilə Hərəkatın dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşü keçirilmişdir. Tədbirdə

BMT-yə üzv 120 dövlətin yüksəksəviyyəli nümayəndələri, 42 beynəlxalq təşkilatın təmsilçiləri iştirak etmiş, Bakı Sammiti ilə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycana keçmişdir.

Əslində, Qoşulmama Hərəkatına sədrlik müddəti 3 ildir. Amma üzv dövlətlər təşkilata çox uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə də rəhbərlik etməsi ilə bağlı ölkəmizə müraciət etmişlər. Azərbaycan da Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini, mürəkkəb tarixi dövrdə bu quruma səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, müraciətə müsbət cavab vermişdir. Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilin axırınadək uzadılmışdır.

Hərəkatda təmsil olunan dövlətlərin bu yekdil qərarı heç də təsadüfi deyil. Bu, bir tərəfdən ölkəmizə, Prezident İlham Əliyevə yüksək rəğbətdən irəli gəlirsə, digər tərəfdən də təşkilata sədrlik dövründə Azərbaycanın ortaya qoyduğu parlaq təcrübəyə, qazanılmış uğurlara obyektiv qiymətin ifadəsidir.

 

 

 

Qoşulmama Hərəkatını gücləndirən təşəbbüslər

 

 

Azərbaycanın Qoşulmama Hərəkatına qazandırdığı nailiyyətlərin əhəmiyyətli qismi bu qurumun institusional inkişafı ilə bağlıdır. Hərəkatın Parlament Şəbəkəsinin yaradılması da bura aiddir. O da bir reallıqdır ki, parlament diplomatiyası müasir qlobal proseslərdə çox mühüm rol oynayır. Parlament şəbəkəsi təkcə bu Hərəkatdakı ölkələr arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda dünyanın müxtəlif parlament təşkilatları ilə sıx əməkdaşlıq münasibətləri quracaq. Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış daha bir önəmli addım isə Hərəkatın Gənclər Şəbəkəsinin qurulmasıdır. Konfransda bununla bağlı mötəbər bir tədbirin - Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçiriləcəyi xüsusi vurğulandı. Azərbaycan Nyu Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması təşəbbüsündən də çıxış etmiş və bu təşəbbüs üzv dövlətlər tərəfindən dəstəklənmişdir.

Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə yönəlib: "İndi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək".

 

 

 

Münaqişələrsiz dünya uğrunda

 

 

Azərbaycan Qoşulmama Hərəkatına təkcə ölkələrin öz maraqlarını müdafiə etdiyi, bir-birini dəstəklədiyi platforması kimi yanaşmır. Ümumən beynəlxalq arenada bu qurumun daha fəal rol oynamaq üçün güclü platformaya çevrilməsi imkanlarını da yüksək qiymətləndirir və buna çalışır. Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub. Dövlət rəhbərimiz qurumun Parlament Şəbəkəsinin Bakı Konfransındakı çıxışı zamanı vurğuladı ki, bu müzakirələrə yenidən başlamağın vaxtı çatıb. Çünki bu gün biz bütün dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidiyik.

Belə bir durumda Bandunq prinsiplərinin təşviqi mövcud problemlərə birgə həllərin tapılmasına kömək göstərə bilər. Bu prinsiplərin əsas məzmunu dünyada sülhə, əməkdaşlığa dəstək, müstəmləkəçilik siyasətinə son qoyulması, hərbi blokların fəaliyyətinin ölkələr, xalqlar, ümumən bəşəriyyət üçün doğurduğu təhdidlərin aradan qaldırılmasıdır. Bunlar müasir dünyamız üçün də son dərəcə aktualdır.

Azərbaycanın mövqeyinə görə, əgər Bandunq prinsiplərinə, yəni başqa sözlə, ölkələrin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi, bir-birinin işlərinə müdaxilə etməməsi məsələlərinə hər kəs tərəfindən əməl edilsə və onlar bütün ölkələr tərəfindən qorunub saxlanılsa, onda dünyamızda heç bir müharibə, münaqişə və ədalətsizlik olmaz. Ona görə də ölkəmiz Bandunq prinsiplərini dövlətlər arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edir və onların bütün dünyada təşviqinə öz töhfəsini verməyə çalışır.

 

 

 

Azərbaycanın humanitar missiyası

 

 

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çox çətin və mürəkkəb zamana  təsadüf etdi. Bu, bəşəriyyəti çənginə almış COVID-19 pandemiyası ilə mübarizə aparıldığı dövr idi. Belə bir böyük, miqyaslı mübarizənin effektivliyi üçün bütün ölkələrin səylərini, imkanlarını birləşdirməsi, bir-birinə qarşılıqlı kömək göstərməsi tələb olunurdu. Pandemiya hər kəsə o həqiqəti anladırdı ki, heç bir fərd, xalq, ölkə bu dünyada təklikdə mövcud deyil. Yer kürəsi bizim ümumi evimizdir, bu evdə sağlam, xoşbəxt, sahmanlı, rifah dolu mühitin olması üçün hamı ümumi məqsədlər naminə çalışmalıdır. Belə bir dövrdə Azərbaycan beynəlxalq arenada ağır xəstəliklə mübarizə aparan ən fəal ölkələrdən oldu. İrəli sürdüyü təşəbbüslərlə bütün dünyanı bu qlobal problem ətrafında bir araya gətirməyə çalışdı və əzmkar fəaliyyəti ilə mühüm nəticələr əldə etdi. Bu baxımdan Qoşulmama Hərəkatının yaratdığı imkanlar da pandemiyaya qarşı mübarizə işində ümumi məqsədlərə doğru birgə çalışmalara kömək göstərdi. Belə ki, Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan oldu.

Onu da qeyd edək ki, Azərbaycanın səyləri təkcə ölkələr arasında həmrəyliyin gücləndirilməsinə və dəstəyin təmin edilməsinə yönəlməmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası hazırlanmışdı və Ümumdünya Səhiyyə Təşkilatı bu bazadan geniş şəkildə faydalana bilmişdi.

Bundan başqa, pandemiyanın ən gərgin dövrlərində Azərbaycan çox böyük humanitar missiya yerinə yetirərək 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdi. Eləcə də Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etdi. Bu vəsaitin yarısı məhz Qoşulmama Hərəkatının üzvü olan dövlətlərə birbaşa ayrılmışdı.

Azərbaycan həmçinin peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən oldu. Sirr deyil ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan hətta üç, yaxud dörd dəfə çox peyvənd tədarük edir, bununla da digər ölkələrin peyvəndlərə çıxış imkanlarını məhdudlaşdırırdı. Əksər ölkələr çıxılmaz vəziyyətdə qaldıqları halda zəngin ölkələr peyvəndlərin mütləq əksəriyyətindən faydalanırdı. Bu, peyvənd millətçiliyinin açıq təzahürü, insan hüquqlarının pozulması idi. Ona görə də Azərbaycan bu xoşagəlməz duruma qarşı haqq səsini qaldıran birinci dövlət oldu. Bu mübarizə BMT tərəfindən də dəstəkləndi. Peyvəndlərin hər kəs üçün əlçatan olmasında, insan həyatının qorunmasında Azərbaycanın səyləri səmərə verdi.

 

 

 

Ölkəmizin haqq işinə dəstək

 

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Konfransındakı çıxışı zamanı bəyan etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizəni bundan sonra da davam etdirəcək. Çünki özünə qarşı bu münasibəti illərlə yaşamış ölkə kimi Azərbaycan ədalətsizliyin, beynəlxalq hüquqa zidd addımların, bir ölkəyə, xalqa qarşı ikili standartların nə demək olduğunu çox yaxşı bilir.  Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Azərbaycan xalqının tarixi və dini irsi erməni işğalçıları tərəfindən Yer üzündən silindi. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması - bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz.

Konfransda xüsusi vurğulandı ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Amma Ermənistan bu qətnamələrə məhəl qoymadı. Əfsuslar ki, beynəlxalq ictimaiyyət də buna göz yumdu, işğalçı ölkədən qətnamələrin icrasını tələb etmədi. Problemin həllinə görə məsuliyyət daşıyan ATƏT-in Minsk qrupu isə 30 illik fəaliyyəti dövründə münaqişəni yoluna qoymaq əvəzinə, əfsus ki, münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Münaqişənin heç bir insan itkisinə yol verilmədən dinc həlli üçün ən effektiv vasitə kimi Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilə bilərdi. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi. Əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək almağa başladı.

Beləliklə, Azərbaycan Müzəffər Ordumuzun gücü ilə özü cəmi 44 gün içində beynəlxalq hüquq normalarını təmin etdi. Torpaqlarını işğalçılardan təmizlədi.

44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycan xalqının haqq-ədalət uğrunda mübarizəsini dəstəklədilər. Anti-Azərbaycan mahiyyətli bəyanatı, ölkəmizə qarşı yönələn ittihamı blokladılar.

Prezident İlham Əliyev konfransdakı çıxışı zamanı bir daha bəyan etdi ki, Azərbaycanın münaqişənin həllinə nail olmasından, işğala son qoymasından, ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna daha ehtiyac yoxdur. "Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir".

Azərbaycanın amalı regionda və dünyada əbədi sülhə, rifaha, davamlı inkişafa nail olmaqdır. Ədalətsizliklərin, ikili standartların norma kimi qəbul olunduğu, güclünün haqlı sayıldığı dünyada insan xoşbəxt ola bilməz. İnsanın xoşbəxtliyinin açarı hüququn aliliyində, fərdlərin, xalqların və ölkələrin bir-birinə hörmətlə yanaşmasında, nəcib niyyətlər uğrunda birgə fəaliyyətdədir. Ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyəti də bu işıqlı hədəfə yönəlib.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2022.- 8 iyul.- S.7.