"İlham Əliyevin həmişə ləyaqəti olub. Ləyaqət bizimkilərdə, ermənilərdə olmayıb!"

 

 

Sadə vətəndaşlarla yanaşı, erməni siyasətçiləri də bu həqiqəti etiraf edirlər

 

 

 

Azərbaycan Cənubi Qafqazda müstəqil dövlət kimi davamlı şəkildə yeni uğurlara imza atan ölkədir. Bunun əsasında Prezident İlham Əliyevin müvəffəqiyyətlə həyata keçirdiyi dövlət quruculuğu konsepsiyası dayanır. Onun siyasəti sayəsində Azərbaycan dövlətçiliyi yeni zirvələr fəth edirbunu hətta Ermənistanda da açıq etiraf edirlər.

Ermənistanda anlamağa başlayıblar ki, ölkənin acınacaqlı vəziyyətə düşməsinin əsas səbəbi 30 ilə yaxın davam edən işğalçılıq siyasəti olub. Ermənistan ictimaiyyətinin, xüsusilə siyasətçilərin şərhlərindən və mövqelərindən görünür ki, onlar ölkələrinin qurtuluşunu İlham Əliyevin xilas reseptində, Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsinin imzalanmasında görürlər.

Ermənistanın Demokrat Partiyasının üzvü Aik Martirosyan İrəvan telekanalına müsahibəsi zamannı etiraf edib ki, ermənilərin rifahı, ümumiyyətlə xalq olaraq varlıqları Azərbaycanla normal münasibətlərdən keçir: "İlham Əliyevin həmişə ləyaqəti olub. Ləyaqət bizimkilərdə, ermənilərdə olmayıb! Biz düşmənimizin həddən ziyadə müdrik olduğunu anladıq. Çox təəssüf ki, bu, artıq bir faktdır! Əliyev son onillikdə ozünü çox  uzaqgörən bir siyasətçi kimi apara bildi. O, həmişə düzgün yol ilə gedir".

Sosial şəbəkələrin ermənidilli seqmentində qısa zamanda böyük səs-küy yaradan bu açıqlama ilə bağlı siyasi ekspertlərin şərhləri də böyük maraq doğurur. Siyasi ekspert Xaçatur İştoyan qeyd edir ki, Azərbaycanla münasibətlərin bərpasının uzanması Ermənistanın sonunu gətirməkdədir. Onun fikrincə, müharibədəki məğlubiyyət fonunda sülh müqaviləsi imzalanmasa, Ermənistanın regional geosiyasi proseslərdən izolyasiya edilməsi daha kəskin xarakter alacaq. İştoyan diqqəti buna da yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir. O vurğulayıb ki, Ermənistan iqtisadiyyatı artıq tamamilə iflasa uğramaq üzrədir, ölkədə son illər ərzində enerji tariflərinin kəskin yüksəlməsi və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını da artırır: "Regionlar, qlobal layihələrdən kənarda qalmağımız da prosesə birbaşa təsir edir. Ermənistan qlobal kommunikasiya layihələrindən kənarda qalmaqla son 30 ildə özünə qəsd edib. Ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı itirmişdi. Sülh müqaviləsindən sonra Ermənistan da qazanan tərəf olacaq".

Erməni siyasi ekspert Armen Simonyan deyir ki,  Ermənistan iki ildir sülh müqaviləsinin imzalanmasına maneçilik törədir, müxtəlif bəhanələrlə onu əngəlləməyə çalışır. Baxmayaraq ki, kommunikasiyaların bərpası iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi: "İqtisadi baxımdan regionda problemlərin həlli yolları göz qabağında olsa da, siyasi intriqalar bu məsələləri həll etməyə imkan vermədi. Sülh müqaviləsi Ermənistana lazımdır. Zəngəzur dəhlizinin açılması investisiyaların cəlb olunmasına, yeni yerlərinin açılmasına, sənaye müəssisələrinin bərpasına imkan yaradar. Xüsusilə də Ermənistanın regional iqtisadiyyata inteqrasiyasına kömək edər. Azərbaycan lideri İlham Əliyev də dedi ki, artıq bu qədər vaxt verdik yetər, Zəngəzur dəhlizinə alternativ yollar da tapırıq".

Sosial şəbəkələrdə çoxlu sayda izləyicisi olan səhifələr "İlham Əliyev həmişə ləyaqətli olub" başlıqlı video xəbəri paylaşaraq istifadəçilərdən rəylər yazmağı xahiş ediblər. Bir çox izləyici bu paylaşmanın altında rəylər yazaraq müstəqil şəkildə fikirlərini ifadə ediblər. Onların sırasında müəllim, həkim, iqtisadçı, mühəndis, biznesmen, idmançı rəylərinə də rast gəlmək mümkündür. Məsələn, ixtisasca iqtisadçı olan Stepan Balosyan adlı biri yazır: "Acı həqiqət olsa da, demək lazımdır. İlham Əliyevin Azərbaycanı müxtəlif cəhətdən Ermənistandan çox öndədir. İnvestorlar Ermənistandan qaçdığı halda Azərbaycana pul qoymaq üçün axın edirlər. Bu da Azərbaycanı daha da gücləndirir. Yəni, İlham Əliyev ləyaqətlə xalqına xidmət edir, bizimkilər isə gələcəyimizi oğurlayırlar".

Armen Baqdasaryan adlı istifadəçinin "VKontakte" sosial şəbəkəsində Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın şəklini yanaşı paylaşaraq "Hansı rəhbər ləyaqətlidir" sualına "Acı gerçəklik: Bizi baş nazirimizdən daha çox düşünən, Ermənistanı işıqlı günə çıxarmağın yollarını göstərən

İlham Əliyev" cavabını yazması maraqlı rəylərlə qarşılanıb. Vazgen Papinyan adlı istifadəçinin bu fotoya şərhi çoxlu bəyənmə toplayıb: "İndi başa düşürük ki, illərimizi boşa vermişik. Armenin yazdığında həqiqət çoxdur. Yalançı vədlər, Qarabağ müharibəsinin yaratdığı problemlər  bizi çox geri salıb".

Bu arada Ermənistanda növbəti dəfə etiraz aksiyası keçirilib. Bir vaxtlar Azərbaycan torpaqlarında məskunlaşmış və Qarabağ müharibəsi zamanı ölkəmizi  tərk edən ermənilər hökumət binası yaxınlığında oturaq aksiya təşkil ediblər.  Etirazçılar havada qaldıqlarından, onlara "qaçqın" statusunun verilməməsindən gileyləniblər. "Hadrut naminə" qeyri-hökumət təşkilatının sədri Levon Hayriyan deyib ki, piket iştirakçılarının əsas hissəsi Hadrutdan qaçan ermənilərdən ibarətdir. Aksiya iştirakçıları arasında Şuşada məskunlaşmış keçmiş "sakinlər" də var.

Göründüyü kimi, faktiki olaraq məğlub ölkədə yaranmış iqtisadi böhran, siyasi ziddiyyətlər, həmçinin işsizlik, baş alıb gedən korrupsiya halları, yoxsulluq səviyyəsi bu ölkəni sürətlə çökdürür. İstər köhnə, istərsə də yeni hakimiyyətin tutduğu məntiqsiz, ədalətsiz və reallıqdan uzaq siyasətinə görədir ki, bu ölkənin qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasında heç bir irəliləyiş hiss olunmur. Erməni xalqı isə çıxış yolunu barışda, sülh müqaviləsinin imzalanmasında görür.

 

 Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 8 iyul.- S.3.