Kəlbəcər cənnətə
çevrilir
Prezident İlham Əliyev Kəlbəcəri
artıq Azərbaycan və Qafqaz timsalında yox, dünya
miqyasında unikal inkişaf məkanına çevirir
Düz 27 il Kəlbəcərə qayıdacağıq dedik, buna ürəkdən inandıq və nəhayət, doğma yurdumuza döndük...
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi, Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən azadlığına qovuşdurulmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev bu rayona qalibiyyət səfəri etdi və elə orada da bəyan etdi ki, Kəlbəcəri cənnətə çevirəcəyik...
Kəlbəcər
elinin sevincinə, qəlblərində tezliklə dədə-baba
yurdlarına dönəcəklərinə dair yaranan
böyük inama səbəb olan bu sözlərin üzərindən
ötən çox qısa zaman ərzində cənab
Prezident bu ümidimizi də
doğrultdu: Kəlbəcər artıq cənnətə
çevrilir...
Necə ki Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfəri dünya miqyasında analoqu olmayan Zəfərdir, eləcə də bu Zəfərin nailiyyətləri, nəticəsi, bəhrələri də dünyada bənzəri olmayandır. Bu gün Qarabağı, Şərqi Zəngəzuru başdan yaradan qurucu lider İlham Əliyev Kəlbəcəri də artıq Azərbaycan və Qafqaz timsalında yox, dünya miqyasında unikal inkişaf məkanına çevirir.
Şanlı Zəfər Kəlbəcərə parlaq gələcək üçün yollar açıb
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hələ ötən ilin avqustunda Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı bir çox açılışlar oldu, əhəmiyyətli layihələrin təməli qoyuldu. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11,6 kilometrlik, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı müstəsna əhəmiyyətli tunellərin təməlini qoyan İlham Əliyev 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasını işə saldı, uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinin gedişi ilə maraqlandı.
Bütün bu sadalanan genişmiqyaslı işlər isə Zəfərdən ötən cəmi 8-9 ay ərzində həyata keçirilib.
Prezident İlham Əliyev ötənilki səfərinin üzərindən cəmi 10 ay keçdikdən sonra 26 İyun - Silahlı Qüvvələr Günündə yenidən yolunu Kəlbəcərdən saldı. Rəşadətli Azərbaycan Ordusunun bayram günündə etdiyi bu tarixi səfəri ilə bir daha dost-düşmənə mühüm ismarıc ünvanlayan Prezident İlham Əliyevin qalib, Müzəffər Ali Baş Komandan geyimində qərbdəki sərhəd qapımızı ziyarət etməsinin özünün müstəsna əhəmiyyəti, eləcə də xüsusi simvolik mənası var idi.
Axı Ali Baş Komandan libası əslində Zəfərin, həm də elə ümumilikdə qəhrəman Azərbaycan xalqının qalibiyyət geyimi kimi rəmzi xarakter daşıyır. Müzəffər Ali Baş Komandan bu geyimdə bir daha Azərbaycanın məğlubedilməz gücünü Kəlbəcərdə nümayiş etdirərək açıq mesaj verdi ki, hər zaman və daim Azərbaycanın "dəmir yumruğ"u yerindədir və işğalçının başını əzməyə hazırdır.
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Kəlbəcərdə yeni yaradılmış Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında da vurğuladı ki, əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. "1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu gününü qürurla qeyd edirik" deyən möhtərəm Prezident onu da bildirdi ki, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu, vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi: "Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur".
Silahlı Qüvvələr Günümüzün Müzəffər Ali Baş Komandanın iştirakı ilə təntənəli şəkildə azad Kəlbəcərdə qeyd edilməsi Azərbaycan xalqı üçün qürur, fəxarət, eyni zamanda "Qarabağ Azərbaycandır!" həqiqətinin dünyaya bir daha möhtəşəm bəyanı oldu.
Kəlbəcər - dağların qoynunda möhtəşəm inci
Bəli, haqq-ədalət bərpa olunub və Azərbaycanın ən gözəl rayonlarından biri, Kiçik Qafqazın xəzinələr diyarı, cənnəti olan Kəlbəcər azadlığına qovuşub. İndi bu füsunkar bölgənin inkişafı ilə bağlı strateji planlar sürətlə reallığa çevrilir, Böyük qayıdış üçün mükəmməl layihələr gerçəkləşdirilir.
Artıq Kəlbəcər şəhərinin müfəssəl Baş planı da hazırlanıb və 26 iyunda dövlət başçımıza təqdim edilib. Kəlbəcərin özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələrinin də araşdırıldığı Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır. Artıq hərbi hissələr, ictimai yerlər fəaliyyət göstərən şəhərdə, bu ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcək.
Ümumiyyətlə, Kəlbəcərin 77,3 min nəfər (keçmiş Ağdərə rayonunun ləğvi ilə əlaqədar Kəlbəcər rayonunun inzibati ərazisinə daxil edilmiş yaşayış məntəqələri üzrə əlavə 18 min nəfər də nəzərə alınmalıdır, ümumilikdə rayon əhalisi təxminən 95300 nəfər təşkil edir) əhalisinin 1 şəhər, 1 qəsəbə və 56 kənddə yerləşdiriləcəyi planlaşdırılır. Yəni əvvəlki 124 kənd yeni 56 kənd miqyasında birləşdiriləcək və ilk növbədə 13 yaşayış məntəqəsi bərpa olunacaq.
Kəlbəcər şəhəri Gəncə şəhəri və Laçın arasında yerləşən regional məkan kimi nəzərdə tutulub və gələcəkdə şəhər növbəti urbanizasiya mərkəzinə çevriləcəkdir. Kəlbəcər şəhərinə nəqliyyat xətlərinin, dəmir yolunun çəkilməsi, həmçinin "yaşıl enerji" və "ağıllı şəhər" konsepsiyalarından istifadə olunması planlaşdırılır.
Müzəffər Ali Baş Komandan 27 illik işğal zamanı mənfur düşmənin törətdiyi vandallıqları, eyni zamanda torpaqlarımızı azadlığına qovuşduran qəhrəman ordumuzun şücaətini özündə əks etdirən Kəlbəcər Zəfər və İşğal muzeylərinin də təməllərini qoydu. Hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək.
Kəlbəcər Azərbaycanın ziyalılar, alimlər, saz-söz, aşıqlar diyarı kimi də məşhurdur. Elə buna görə də cənab Prezidentin göstərişinə əsasən, burada aşıq mərkəzinin inşa edilməsi də nəzərdə tutulub.
“İstisu”yun əvvəlki şöhrəti geri qaytarılır
Hələ ötənilki səfəri zamanı "İstisu"ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir" söyləyən cənab Prezidentin bu istəyi də artıq reallığa çevrilir.
Silahlı Qüvvələr Günündə Kəlbəcərə səfər edərək "İstisu" sanatoriyasının təməlini öz əlləri ilə qoyan dövlət başçımız söylədi ki, "İstisu" sanatoriyası və "İstisu" mineral və müalicəvi suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi: "Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq".
Qeyd edim ki, öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, "İstisu" dünyada məşhur olan Karlovı Varı bulaqlarının (Çexiya) eynidir, lakin bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfəri qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti özünə qaytarılacaq.
Dövlət başçısı birincilər
sırasında inşa olunacaq "İstisu" mineral su
zavodunun da təməlini qoydu. İstifadəyə veriləcək
zavodda həm şüşə, həm də plastik butulka
istehsalı xətlərinin qurulması
planlaşdırılır. Müəssisədə gündə
327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Kimyəvi tərkibi
və fiziki xüsusiyyətlərinə görə seçilən
"İstisu" bulaqları əsl şəfa mənbəyidir.
Hesab edirəm ki, "İstisu" mineral su
zavodlarının sayı artacaq, həmçinin Kəlbəcərin
buz bulaqlarının qablaşdırılması işinə
də başlanılacaq.
Çətin
relyefinə rəğmən Kəlbəcərdə
bütün infrastruktur layihələri uğurla icra edilir
Kəlbəcər
olduqca çətin relyefli ərazidə yerləşir.
Kəlbəcərdə doğulan, illərlə burada
yaşayan və məcburi köçkün
düşmüş biri kimi hər zaman deyirəm ki, hətta
bu rayonda 70 il ərzində sovet
dövründə görülməyən mühüm işləri
belə çox qısa müddətdə Azərbaycan
Prezidenti sürətlə gerçəkləşdirir. Məsələn, ərazinin çətin relyefi və
təhlükəsizlik məsələləri nəzərə
alınaraq Murovdağ silsiləsinin altından 12 kilometrə
yaxın tunel tikintisinin həyata keçirilməsinin
özü möhtəşəm və möcüzəvi
işdir. Belə tunelin çəkilməsi
hələ sovet dövründən kəlbəcərlilərin
böyük arzusu idi, təəssüf ki, ona
çatmadıq. Amma bu möcüzəyə bənzər
möhtəşəm layihəni indi İlham Əliyev
çox sürətlə reallaşdırır və tezliklə
əhalimiz yay, qış demədən rayona bu yollarla rahat
şəkildə gəlib-gedə biləcək...
Təbii ki, Kəlbəcərin inkişafı, həmçinin
hərbi-strateji baxımdan Tərtər-Ağdərə-Kəlbəcər
yolu da açılmalıdır. Eyni zamanda bu məqsədlə
rayon ərazisində hava limanının tikintisi də zəruri
olacaqdır.
Vurğulayım ki, cənab Prezident hələ ötən
ilin iyun ayından Kəlbəcərdəki quruculuq və bərpa
işləri ilə bağlı mühüm qərar
vermişdi.
Belə ki, Prezidentin sərəncamı ilə Kəlbəcər
rayonu ərazisində dövlət sərhədinin mühafizəsi
və müdafiəsinin təşkilinin etibarlı və
dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə
ötən il dövlət büdcəsində işğaldan
azad olunmuş ərazilərin yenidən qurulması və bərpası
üçün nəzərdə tutulan vəsaitdən
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə
24,5 milyon manat ayrılmışdı.
Prezident
İlham Əliyev Kəlbəcər rayonuna budəfəki səfəri
zamanı Göygöl rayonunda Toğanalı-Kəlbəcər
avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki
tunelin tikintisi ilə tanış oldu. Göygöl və Kəlbəcər
rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət
zolaqlı olmaqla I, II və III texniki dərəcəyə
uyğun inşa edilir. Yolun keçdiyi ərazinin
sərt dağlıq və qayalıq olması nəzərə
alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda
isə əlavə zolaq artırılmaqla tikintisi
aparılır. Bu yol tunel və
körpü hissələrdə dörd hərəkət
zolaqlı olacaq. Hazırda yolboyu torpaq
yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin
tikintisi davam edir. İki hissədə
mövcud kanalların köçürülməsi, həmçinin
bəzi ərazilərdə suötürücülərin
inşası tamamlanıb, yeni su kanalının tikintisi davam
etdirilir.
Layihənin
13,5-ci kilometrindən Murovdağ silsiləsi
başlayır. Yüksəklik 1700 metrdən
Murovdağ zirvəsinədək 3250 metrədək artır.
Bu hissədə dünyanın ən uzun
avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin
inşası davam etdirilir. Artıq tuneldə gediş və
gəliş istiqaməti üzrə 2,1
kilometr uzunluğunda qazma işləri tamamlanıb.
Kəlbəcər
rayonunda yeni tikilmiş "Kəlbəcər-1" Kiçik
Su-Elektrik Stansiyasının açılışında da
iştirak edən Prezident Kəlbəcər Rəqəmsal
İdarəetmə Mərkəzinin təməlini qoydu, tikilməkdə
olan "Çıraq-1" Kiçik Su-Elektrik
stansiyasında oldu və həmçinin hazırda Kəlbəcərdə
5 yerdə inşa edilən elektrik stansiyaları barədə
məlumat aldı.
Torpaqlarımız işğaldan azad ediləndən
sonra Şərqi Zəngəzuru və Qarabağı
böyük quruculuq meydanına çevirən Prezident
İlham Əliyev bu ərazilərdə görülən
bütün işləri şəxsi nəzarəti altında
saxlayır.
Mütəmadi olaraq, Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva ilə birlikdə həmin bölgələrə
səfər edən dövlət başçımız yeni
layihələrin təməlini qoyur, gerçəkləşdirilən
işlərin gedişatı ilə yerindəcə tanış olur.
Silahlı
Qüvvələr Günümüzü böyük qürur
və fəxarət hissi ilə Kəlbəcərdə
keçirən Müzəffər Ali Baş Komandan İlham
Əliyev, həm də öz dəyişməz ənənəsinə
sadiq qalaraq ötən bir il ərzində rayonda həyata
keçirilən işlərlə yaxından tanış
oldu. Cənab Prezident
"İstisu" sanatoriyasının təməlqoyma
mərasimindəki çıxışı zamanı söylədi
ki, görürdüm, baxırdım, mənim göstərişlərim
necə yerinə yetirilir, ümumiyyətlə, Kəlbəcər
və Laçın rayonlarının inkişafı ilə
bağlı hansı əlavə addımlar
atılmalıdır. Dövlət
başçısı onu da vurğuladı ki, bu iki rayonun təbii
şəraitinin çətinliyinə rəğmən
bütün infrastruktur layihələri uğurla icra edilir.
Artıq Kəlbəcərdə aqrar sektorun da ilkin
nümunələri uğurla realizə olunur. Ötən
ildən etibarən heyvandarlıq və
arıçılıq təsərrüfatları Kəlbəcər
yaylaqlarına çıxarılır. Bu
yaylaqlar son dərəcə zəngin bitki örtüyünə,
yem ehtiyatına malik olduğu üçün vaxtilə 30-dan
çox rayonda fəaliyyət göstərən təsərrüfatların
əsas köç yeri olub.
Ötən
il pilot layihə çərçivəsində
ilk dəfə Kəlbəcər yaylaqlarına 10 min başa
yaxın xırda və iribuynuzlu heyvanın
köçürülməsi təmin edilib. Bu il
isə yaylaqlara 250 mindən çox heyvan, 45 min arı ailəsi
aparılıb.
Bu
füsunkar diyarı göz bəbəyimiz kimi
qorumalıyıq
Kəlbəcər rayonu həm də Azərbaycanın ən
füsunkar təbiətə malik diyarlarından biri, əsl cənnətməkandır. Rayon ərazisi 30 mindən
çox bulağı, 4 mindən artıq müxtəlif
növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri,
4 min metrə qədər yüksəkliyi olan zirvələri,
ucsuz-bucaqsız çəmənlikləri ilə
mübaliğəsiz təkrarolunmaz təbiət incisidir. Bütün bu sadalanan zənginliklər Kəlbəcəri
turizmin ən cazibədar ünvanına çevirməyə
imkan verir. Əminəm ki, Kəlbəcər
unikal və fasiləsiz turizm imkanları baxımından da
ölkədə əsas investisiya mərkəzlərindən
biri olacaq. Xüsusilə sağlamlıqla yanaşı, turizmin
bütün növləri
üçün əvəzolunmaz mühitə malik olan
Kəlbəcər hündür dağlıq əraziləri və
digər heyrətamiz təbii zənginliyi ilə təbiət
qoynunda dincəlməyi sevən turistlər üçün
böyük potensiala malikdir. "Burada olan təbii
gözəllik heç bir yerdə yoxdur" söyləyən
cənab Prezident də əmin olduğunu bildirdi ki, bu zəngin
bölgə həm də ən böyük turizm zonası
olacaq.
Vaxtilə
Ulu Öndər Heydər Əliyev
çıxışlarının birində demişdi ki, Kəlbəcər
həm təbii sərvətlərlə zənginliyinə
görə, həm iqliminin gözəlliyinə görə, həm
də orada yaşayan insanların fədakarlığına
görə respublikada həmişə çox hörmətə,
ehtirama layiq olubdur: "Kəlbəcər Azərbaycanın
ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək
ki, Kəlbəcər rayonu Ermənistanın silahlı
qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin
vətəndaşları, sakinləri, bizim
soydaşlarımız öz yerlərinə, yurdlarına
qayıdacaqlar".
İndi
biz Ulu Öndərin vaxtilə qətiyyətlə səsləndirdiyi
o fikirlərdəki xoşbəxtliyə yetişmişik və
Kəlbəcərə rayon əhalisinin əbədi dönəcəyi
günə çox az qalıb.
Biz kəlbəcərlilərin qarşısında duran ən
mühüm vəzifə isə bu əvəzolunmaz diyarı
və onun füsunkar təbiətini göz bəbəyimiz
kimi qorumaq olacaq.
Beynəlxalq
ictimaiyyət erməni barbarlarının vəhşiliyi ilə
Kəlbəcərdə də tanış
oldu
Azərbaycan
dövləti Vətən müharibəsindən dərhal
sonra azad etdiyi torpaqlarına müxtəlif ölkələrdən
olan diplomatların, ictimaiyyət, media nümayəndələrinin
səfərlərini təşkil edir, barbar xislətli ermənilərin
Qarabağda və Şərqi Zəngəzurda 30 il ərzində
törətdiyi vandallıqlara beynəlxalq aləmin də əyani
şahid olmasına şərait yaradır.
Mayın 31-də Azərbaycanda akkreditə olunmuş
diplomatik korpusun, o cümlədən xarici ölkələrin
səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların
nümayəndəliklərinin rəhbərləri,
ümumilikdə 50-dən artıq ölkədən 80-dən
çox şəxsin Kəlbəcərə təşkil edilən
səfəri də bu baxımdan mühüm əhəmiyyət
kəsb etdi. Səfərin məqsədi ermənilər tərəfindən
Kəlbəcərdə törədilmiş
dağıntıları, vəhşilikləri, xüsusilə
onların həmin ərazilərdən
çıxdığı dövrdə məqsədli şəkildə
yaratdıqları problemləri, törətdikləri qətliam
və soyqırımlarını diplomatik korpusun nümayəndələrinin
diqqətinə çatdırmaq idi. Ermənilərin
dini abidələrimizi təhqir etməsi ilə bağlı məlumatlandırılan
qonaqlar Kəlbəcər şəhərində erməni vəhşiliyi
nəticəsində yerlə-yeksan edilən infrastrukturla da tanış oldular. Burada məscid,
bayraq meydanı, tarix-diyarşünaslıq muzeyi, qədim
daş heykəllər və şahmat məktəbinin
binasının dağıntılarının şahidi olan
nümayəndə heyətinə şəhərin tarixi,
dağıdılmış binaları barədə məlumat
verildi, erməni işğalından əvvəl Kəlbəcərdə
çəkilmiş şəkillər göstərildi.
Eyni zamanda diplomatik korpusun nümayəndələri Kəlbəcərdə
həyata keçirilən nəqliyyat və enerji infrastrukturu
layihələri, o cümlədən yol, tunel tikintisi, enerji xətlərinin
çəkilişi və sair barədə məlumatlandırıldı.
"İstisu" sanatoriyasına da baş çəkən
nümayəndə heyətinə erməni vandalları tərəfindən
ərazilərimiz işğal olunandan sonra buradakı təbii
sərvətləri də istismar etdikləri bildirildi.
Qeyd etməliyəm
ki, erməni barbarları 30 il ərzində
işğal altında saxladıqları torpaqlarımızda mədəni
irsimizin qəsdən məhv edilməsi, dəyişdirilməsi
və oğurlanması kimi cinayət əməlləri
törədiblər. İşğalçılar
tarixi yurdlarımızdakı toponimlərimizi dəyişdirib,
uydurma adlar qoyub, maddi-mədəni, dini abidələrimizə
saxta iddia irəli sürə bilmədikləri məqamlarda isə
barbarlığa əl ataraq onları vəhşicəsinə
dağıdıblar, öz dırnaqarası "qəhrəman"larına
abidələr ucaldıblar.
Mənfur ermənilərin törətdiyi bütün bu
cinayət əməlləri barədə beynəlxalq ictimaiyyətin
müntəzəm məlumatlandırılması da
qarşımızda duran vacib vəzifələrdən biridir.
"Böyük
xalq - güclü dövlət - qətiyyətli Prezident"
vəhdətinin yaratdığı möcüzə
Birbaşa Prezident İlham Əliyevin diqqət və nəzarəti altında Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir. İnfrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər inşa olunur, su-elektrik stansiyaları qurulur, əhəmiyyətli obyektlərin bünövrələri qoyulur. Bununla bərabər, dövlət sərhədlərimizin toxunulmazlığı, əhalimizin təhlükəsizliyinin təmin olunması üçün mühüm tədbirlər görülür. Belə ki, Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır. Mövqelərimizə daha rahat gediş-gəlişin təmin olunması üçün heç vaxt olmayan, Ermənistan sərhədinə gedən yollar salınır.
Azərbaycan dövlətinin çox güclü iradəsi, əzmi sayəsində qısa zamanda Kəlbəcərdə, ümumiyyətlə, işğaldan azad edilən bütün ərazilərimizdə geniş quruculuq və bərpa işləri üçün siyasi qərarlar verilib. Qarabağ və Şərqi Zəngəzurda enerji təminatı və xüsusilə də "yaşıl enerji" məsələləri, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturunun qurulması işləri, eləcə də sözügedən ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi, dayanıqlı məskunlaşma, məşğulluq, iqtisadi inkişaf perspektivləri və digər məsələlərlə bağlı mühüm layihələr gerçəkləşdirilir.
Göründüyü
kimi, işğal altındakı torpaqlarımızı cəmi
44 gün ərzində azadlığına qovuşduran
Müzəffər Ali Baş Komandan İlham Əliyev indi də
qurucu lider, Qarabağda və Şərqi Zəngəzurda həyata
keçirilən bütün layihələrin baş
memarı kimi doğma yurdlarımızın bərpa
olunması və tezliklə keçmiş məcburi
köçkünlərin, o cümlədən Kəlbəcər
elinin illərdir həsrətini çəkdiyi əzəli
torpaqlarına qovuşdurulması üçün gecə-gündüz
əzmlə çalışır.
Cəmi ilyarım ərzində görülən bütün bu möcüzəvi işlər isə dövlətin gücünü, Prezidentin qətiyyətini, xalqımızın böyüklüyünü və Azərbaycan Ordusunun rəşadətini bir daha göstərir.
Qurban SADIQOV,
Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının məsul işçisi
Azərbaycan.-2022.-
8 iyul.- S.3.