Şuşanın Məhbubəsi

 

 

Şuşa, 1902-ci il, 11 iyul...

Cıdır düzündə, Topxanada min bir rəngli gül-çiçəyin al-əlvan kəpənəklərlə gözəllik yarışına çıxdığı bir yay səhəri...

Kirsdən, Sarıbabadan əsən sərin meh Yuxarı Gövhər ağa məscidindən ucalan azan sədasını Şuşaya yayır, qalalıları sübh namazına səsləyir...

Adəti üzrə lap obaşdan duran Kərim bəy də bu müqəddəs avazın sədaları altında namaza başlayır. Elə bu an "Mehmandarovların imarəti"ni daha bir müqəddəs səs - dünyaya yenicə göz açan bir körpənin çığırtısı bürüyür...

Kərim bəy Tanrıya etdiyi dualar sırasında eşitdiyi xoş sədanın gətirdiyi şadlıq ruhu ilə namazını sonacan qılıb qurtarır. Canamazını büküb kənardakı daş-qaşlı sandıqçanın üzərinə qoyur və aramla qapıya yönəlir. Və o, dəhlizdə qarşılaşdığı eşikağasından belə bir müjdəli xəbər alır: "Bəy, muştuluğumu verin, bir qızınız oldu..."

Gülümsəyərək əl atıb ağzı qızılı baftalı pul kisəsini çıxaran bəy bir qızıl onluğu eşikağasının ovcuna basır. Onu da buyurur ki, dərhal qurbanlar kəsilib ehtiyacı olanlara paylanılsın...

O gün Şuşanın yaşıl çəmənlərindən Kərim bəyin öz əlləri ilə dərdiyi bir dəstə gül-çiçək isə ömür-gün yoldaşı Zəringül xanım üçün dünyanın ən qiymətli hədiyyəsi olur...

Ata bu nurlu yay səhərində Tanrının ona lütf etdiyi övlad payına, sonbeşik qızına "istəkli", "sevimli" anlamında bir ismi - Məhbubə adını qoyur...

Hər zaman Allahın, ailəsinin, Qarabağının, xalqının istəkli, sevimli məhbubu olması üçün...

 

 

 

Mehmandarovlarla Qacarların nəvəsi

 

 

O, Azərbaycan tarixinə qol-budaqlı ulu çinar əzəməti ilə daxil olan adlı-sanlı bir soydan - Mehmandarovlardandır. Xeyli vətənpərvər və ziyalı azərbaycanlının yetişərək xalqımızın həyatında müstəsna rol oynadığı nüfuzlu nəslin qızıdır. Elə o, özü də tibb elmində ən uca zirvələrə yüksələrək, ilk azərbaycanlı qadın alimlərdən biri kimi möhtəşəm titula sahib işıqlı bir ziyalı olmağı bacarıb. Azərbaycan xanımlarına xas gözəlliyi, ədəb-ərkanı, kübarlığı, xeyirxahlığı, vətənpərvərliyi, mərdanəliyi, mətinliyi ilə görənlərinin hafizəsində dərin iz buraxan, unudulmaz olaraq yaddaşlara köçən respublikanın tanınmış mama-ginekoloqu, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi - bu gün 120 illik yubileyi qeyd olunan Məhbubə xanım Mehmandarova-Mahmudbəyovadan danışırıq.

1902-ci il iyul ayının 11-də Şuşada Azərbaycanın ilk ali təhsilli həkimi Kərim bəy Mehmandarovun və Bəhmən Mirzə Qacarın qızı Zəringül (Şahbacı) xanımın ailəsində dünyaya göz açıb Məhbubə xanım. Atası Kərim bəy Mehmandarov ömrü boyu xalqının tərəqqisi və rifahı üçün çalışıb-vuruşmuş vətənpərvər azərbaycanlı idi. 1905-1906-cı illərdə ermənilərin Qarabağda müsəlmanlara qarşı başladıqları qırğınların qarşısını almaqda müstəsna xidmətləri olan Kərim bəy "Difai" təşkilatının liderlərindən olmuş, onun Şuşa şöbəsini yaratmışdı. Məhz Kərim bəyin cəsur səyləri nəticəsində erməni daşnaklarının dəfələrlə Şuşa əhalisinə qarşı planlaşdırdıqları qətliamların qarşısı alınmış, burunları ovulmuşdu. Kərim bəy həm də böyük xeyriyyəçi idi. Şuşada evində xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb, qiraətxana açmışdı. 1911-ci ildə Şuşada ilk dəfə qızlar məktəbinin açılması da Kərim bəyin təşəbbüsü ilə olmuşdu.

Kərim bəyin dörd oğlu, 5 qızı vardı. O, Peterburqda yaşayarkən Aleksandra Mixaylovna Dolqanova ilə evlənmiş və bu nikahdan onun Mixail adlı (Mixail Kərim bəy oğlu Mehmandarov-Tuşinski) oğlu olmuşdu. İkinci dəfə isə Şuşada Zəringül xanımla ailə həyatı qurmuş və bu nikahdan da onların 8 övladı dünyaya gəlmişdi: Rəşid bəy, Ədil bəy, Surxay bəy, Zəhra xanım, Turan xanım, Kübra xanım və Nüşabə xanım. Məhbubə xanım Kərim bəyin kiçik qızı idi.

Məhbubə xanımın mənsub olduğu Mehmandarovlar soyu Kərim bəylə yanaşı, xalqımızın həyatında müstəsna rol oynayan onlarca tanınmış nümayəndələr yetişdirib: hüquqşünas, çar dövründə dövlət qulluqçusu olmuş Sadıq bəy Mehmandarov, Lənkəran şəhərinin rəisi Nağı bəy Mehmandarov, Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri Səməd bəy Mehmandarov, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü Mixail Tuşinski, Böyük Vətən müharibəsində saysız qəhrəmanlıqlara imza atmış, "Partizan Aliyə" adı ilə tanınan Aliyə Rüstəmbəyova və digərləri...

Məhbubə xanımın anası Zəringül xanım isə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Bəhmən Mirzə Qacarın qızı idi. Bir müddət Azərbaycanın hakimi, eyni zamanda İran ordusunun baş komandanı olan Bəhmən Mirzə İran sarayında şahzadə qardaşlar arasında gedən hakimiyyət davası nəticəsində həyatını və ailəsini xilas etmək məqsədilə İranın siyasi həyatında iştirakdan əl çəkərək ailəsi, yaxın əhatəsi ilə birlikdə Şuşaya gəlib məskunlaşmışdı. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili vermişdi. I Dünya müharibəsi ərəfəsində onların arasından altı general, bir neçə müxtəlif dərəcəli yüksək çinli zabit çıxıb. Bəhmən Mirzə Azərbaycan tarixinə dair kitablar, müxtəlif həcmli əsərlər yazıb, əlyazmalar şəklində tarixi sanballı irs qoyub.

Sonradan tale Məhbubə xanımın həyatını Azərbaycan tarixində özünəməxsus ad-san qoyan daha bir soylu nəsillə çarpazlaşdırır. Məhbubə xanım Azərbaycanın ilk maarifçilərindən olan Həbib bəy Mahmudbəyovun ocağına gəlin gəlmiş, görkəmli ictimai xadim Şamil bəy Mahmudbəyovla ailə həyatı qurmuşdu.

Elmira adı verdikləri gözəl bir qız övladları dünyaya gəlmişdi. Qoşa çıxdıqları sevgi dolu bu ömür yolunda bəxtəvərliklə irəliləmişdilər. Amma təəssüf ki, həmin dövrdə Azərbaycanda tüğyan edən amansız repressiya burulğanına düşən nakam taleli gənclər olmaqdan da yaxa qurtara bilməmişdilər.

Amma bunlar çox sonralar olmuşdu... Hələliksə, balaca Məhbubə Şuşada sevincli günlər yaşayır, atası kimi həkim olmaq üçün cidd-cəhdlə elmin sirlərini öyrənməyə çalışırdı...

 

 

 

Müsəlman şagirdlərini bu şuşalı qız təmsil edirdi

 

 

Mütərəqqi fikirli Kərim bəy oğul övladları ilə yanaşı, qız övladlarının da təhsil almasına böyük önəm verirdi. Buna görə də o, Məhbubə xanımı 1911-ci ildə Şuşada açılan ilk rus-tatar qız məktəbinə qoymuşdu. İbtidai təhsilini Şuşada bitirən Məhbubə xanım 1914-cü ildən etibarən təhsilini Bakıda davam etdirmişdi. O, hər zaman yüksək savad və biliyi ilə seçilir, eyni zamanda ictimai-mədəni fəallığı ilə də diqqət çəkir, öz məktəbində və qızların oxuduğu digər məktəblərdə müxtəlif tədbirlərin təşkilatçısı olurdu.

Bu yazıda tədqiqatlarından istifadə etdiyimiz araşdırmaçı-jurnalist Vasif Quliyev "Mehmandarovlar" kitabında yazır ki, heç də təsadüfi deyildi ki, 1917-ci il may ayının 5-6-da Qafqazın hər yerindən gəlmiş əlli beş oğlan və qızın toplaşdığı Ümumqafqaz müsəlman tələbələrinin birinci ali məclisində Bakının və ətraf kəndlərin müsəlman şagirdlərini bu şuşalı qız təmsil edirdi.

Orta məktəbi müvəffəqiyyətlə bitirən Məhbubə xanım 1919-cu il noyabrın 1-dən Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabineti katibliyində birinci dərəcəli dəftərxana xidmətçisi vəzifəsinə qəbul edilir. Lakin bu vəzifədə cəmi bir neçə ay işləyə bilir. Həmin dövrdə respublikada yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar Şuşaya qayıdır. O, burada müəllim kadrları hazırlamaq üçün Azərbaycan dilində üç aylıq pedaqoji kursu bitirib müəllimlik hüququ qazanır. Məhbubə xanım Şuşada da fəal şəkildə qızların, qadınların arasında maarifçilik ideyalarının təbliği istiqamətində durmadan çalışır. Hətta gənc qızları başına yığıb "Maarif ocağı" adlı qadınlar klubu da yaradır.

 

 

 

Ən böyük arzusu həkim olmaq idi

 

 

 

1922-ci ildə Şamil bəy Mahmudbəyovla ailə quran Məhbubə xanım Bakıda yaşamağa başlayır. Bu şəhərdə də gecə-gündüz ictimai fəaliyyətlə məşğul olur, eyni zamanda təhsilini  davam etdirib ali pedaqoji institutun məzunu olur.

Lakin onun ən böyük arzusu atası kimi həkim olmaq idi. Buna görə də Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olur. 1929-cu ildə həkimlik diplomu alan Məhbubə xanım Tibb İnstitutunun mamalıq-ginekologiya klinikasında ordinator saxlanılır, daha sonra kafedranın birinci assistenti vəzifəsinə keçirilir. Mövzu götürüb dissertasiya üzərində çalışmağa başlayır.

1935-ci ildə elmi işini müdafiə edərək ilk azərbaycanlı qadın alimlərdən biri kimi tanınmağa başlayır. Həmin dövrdə Tibb İnstitutunun Mamalıq və ginekologiya kafedrasının dosenti olan Məhbubə xanım Bakının orta tibb məktəblərində dərs deyir, tələbələr qarşısında Azərbaycan və rus dillərində ginekologiyaya aid mühazirələr oxuyur.

 

 

 

Repressiyanın məhv etdiyi gənc ömürlər

 

 

 

Məhbubə xanım işində, elm yolunda uğurla irəliləsə də, təəssüf ki, şəxsi həyatında bu müvəffəqiyyət onu müşayiət etmir. 1936-cı il həyatlarına qara kabus kimi daxil olur və gənclərin həyatını məhv edir. Birinin - Şamil bəyin ömrü yarıda zülmətə bürünür, Məhbubə xanım isə gənc yaşında həyatdan aldığı ağır zərbənin sarsıntısından bir daha özünə gələ bilmir, yeganə təsəllisi övladları Elmiranı hər ikisinin arzuladığı kimi böyüdüb, boya-başa çatdırmaq olur.

1898-ci ildə Bakıda doğulmuşdu Şamil bəy Mahmudbəyov. 1915-ci ildə Bakı Realnı Məktəbini bitirmiş, 1916-cı ildə Kiyev şəhərində Politexnik İnstitutuna daxil olmuşdu. Lakin Birinci Dünya müharibəsi illərində gizli partiya fəaliyyəti və səhhətindəki problemlər səbəbindən institutu qurtara bilməmiş, 1919-cu ildə Bakıya qayıtmışdı. Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk gündən bolşevik dəstəsinə qoşulan və Bakıda işləyən Şamil bəy Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanovun katibi olub. Sonralar o, Şuşa İcraiyyə Komitəsinin sədri, Qarabağ və Zəngəzurun fövqəladə komissarının müavini, Naxçıvan daxili işlər xalq komissarı, Naxçıvan SSR-in Xalq Komissarları Şurasının sədrinin müavini və sədri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin işlər müdiri olub.

1924-1928-ci illərdə "Azərbaycan Dövlət Kinosu"nun rəhbəri, 1931-ci ilə kimi Kənd Təsərrüfatı İnstitutunun tədris bölməsinin prorektoru vəzifələrində çalışıb. O, 1930-cu illərin əvvəllərində Moskvada Qırmızı Professorlar İnstitutunda oxuyub, Qorki şəhərində Marksizm-Leninizm İnstitutunda siyasi təhsilini davam etdirib. Lakin 1936-cı ilin fevral ayında Şamil bəy də aralarında olmaqla Qorki filialının kollektivini "antisovet təbliğatçıları" adı altında həbs edirlər. Təəssüf ki, Şamil bəyin sonrakı taleyindən bir daha məlumat almaq mümkün olmur. Azərbaycanın görkəmli ictimai xadimi Şamil bəy Mahmudbəyova 30 aprel 1957-ci ildə bəraət verilir.

 

 

 

Nigarançılığı Elmiradan idi

 

 

 

Həyat yoldaşının həbsi ilə sarsılan Məhbubə xanım onun xilas edilməsi üçün çox çalışır. Hətta Şamil bəyin arxasınca Qorkiyə kimi gedib çıxır və onun işinə yenidən baxılması üçün saysız-hesabsız müraciətlər edir. Lakin hər dəfəsində rədd cavabları alır və kor-peşman geri qayıtmağa məcbur olur...

Məhbubə xanımın öz həyatı da təhlükədən uzaq deyildi. Artıq o da "xalq düşməni"nin arvadı kimi "topun qabağı"nda idi və hər an sürgünə göndəriləcəyi ilə bağlı təhdidlər alırdı.

13 yaşlı qızı Elmira ilə birgə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasının foyesində oturub birinci katib Mircəfər Bağırovun rəsmi qəbuluna gedən qardaşı akademik Mixail Tuşinskini gözlədiyi müddət isə ömründən ömür almışdı bu gənc qadının... Xeyr, hər zaman haqq-ədalətin tərəfində olan, millətinin təəssübünü çəkən, zəmanənin bu çətin dövründə də qorxub-çəkinmədən fikirlərini açıq izhar edən Məhbubə xanım öz canı üçün əsla qorxmurdu...

Nigarançılığı qızı Elmira sarıdan idi. Buna görə də qardaşı Mixailin Mircəfər Bağırovun kabinetindən gülər üzlə çıxması simasında ömürlük kök salmış qəm kölgəsinin bir anlıq çəkilməsinə səbəb olmuşdu. Repressiyanın dəmir məngənəsində əzilməkdən yaxa qurtardıqlarını anlamışdı...

Sonra isə... Bu mətanətli Azərbaycan qadını bütün həyatını sənətinə və övladına həsr edir. Peşəsində uğurla irəliləyərək respublikanın Əməkdar həkimi adına layiq görülür, professor elmi rütbəsinədək yüksəlir. Tibb İnstitutunun II Mamalıq və Ginekologiya kafedrasının müdiri vəzifəsinə seçilir, 1968-ci ildən respublika mama-ginekoloqları cəmiyyətinə rəhbərlik edir, bir il sonra isə Ümumittifaq Mama-Ginekoloqları Cəmiyyəti İdarə Heyətinə üzv seçilir. Tədqiqatını əsasən qadın, ana və uşağın sağlamlığının qorunması probleminə həsr edir. "Ürək-damar sistemi xəstəlikləri zamanı hamiləlik və doğuş" monoqrafiyası böyük elmi-praktiki əhəmiyyət daşıyır.

 

Ömrünün yarıdan çoxunu həkimliyə, pedaqoji fəaliyyətə həsr edən Məhbubə xanımın əməyi yüksək qiymətləndirilir. "Böyük Vətən müharibəsində şərəfli əməyə görə", "Lenin" yubiley medalları, "Səhiyyə əlaçısı" döş nişanı və Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan SSR Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilir.

Məhbubə xanım qızı Elmiranı da vətən üçün layiqli insan kimi böyüdür, o da Tibb İnstitutunu bitirir, elmlər namizədi alimlik dərəcəsi alır. İxtisasca kardioloq olan Elmira xanım Tibb İnstitutunun dosenti olub. İqtisad elmləri namizədi, məsul vəzifələrdə çalışmış Əziz Əzizovla ailə həyatı qurur. İki oğul övladı olur. Elmira xanımın iki nəvəsi - Məhbubə və Şamil isə ulu nənə və babalarının şanlı adlarını ləyaqətlə daşıyırlar.

 

 

 

Məhbubə xanımın adını daşımaq şərəfi

 

 

Ulu nənəsi haqqında qürurla danışan nəticə Məhbubə xanımın özü də sələfinin layiqli davamçısıdır. Hazırda həkim, həm də elmi işçi kimi Azərbaycan Tibb Universitetinin

II Mamalıq-Ginekologiya kafedrasında çalışır. Gənc dosentin ulu nənəsi Məhbubə xanım da vaxtilə məhz bu kafedrada çalışıb.

Deyir ki, üzünü görməsə də, həmişə atasından, nənəsindən ulu nənəsinin necə xeyirxah, zadəgan, savadlı qadın olması haqqında eşidib: "Məhbubə xanımın hər zaman öz həyat prinsipləri olub və bu prinsiplərin önündə xeyirxahlıq gəlib. O, həmişə insanlara yardım etməyi, əl tutmağı sevərmiş. Tibb Universitetində oxuduğum müddətdə və hazırda işlədiyim kafedrada nənəmin iş yoldaşları, dissertantları, aspirantları ilə rastlaşıram. Hər biri Məhbubə xanımla bağlı işıqlı xatirələrini sevinclə, minnətdarlıqla bölüşürlər. Həmişə nənəmin insanları maarifləndirməyə çalışdığını, elmlə məşğul olan gəncləri ruhlandırdığını, daim onlara dəstək olduğunu söyləyirlər".

"Belə ziyalı, xeyirxah bir qadının adını daşımaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir" söyləyən nəvə Məhbubə xanım vurğulayır ki, ulu nənəsindən qalan kitabları, əlyazmaları vərəqlədikcə, şəkillərə baxdıqca onu özünə daha yaxın hiss edir: "Ümumiyyətlə, ta uşaqlığımdan Məhbubə xanıma bənzəyib ona layiqli bir nəticə olmağımı arzulayırdım və indi də çalışıram ki, elə bu cür də olsun. Düşünürəm ki, məni bu sənətə yiyələnməyə, həkim olmağa, elmi işlə məşğul olmağa da məhz bu hisslər yönəldib".

O qeyd edir ki, Məhbubə xanım hər yay Şuşaya gedər, həmkarlarını, aspirantlarını da Qarabağın bu səfalı yurdunda dincəlmək üçün qonaq dəvət edərmiş: "Vaxtilə nənəmin qonağı olan həmin insanlar mənə Şuşada olduqları zaman çəkdirdikləri fotoları göstərirdilər. Ümumiyyətlə, həmişə ailə albomlarımızda Məhbubə xanımın Şuşada olan şəkillərinə baxırdım və arzulayırdım ki, Şuşada olmaq, onun küçələrini gəzmək, "Mehmandarovlar malikanəsi"ni görmək mənə də qismət olsun. Şükür ki, hər bir azərbaycanlının ürəyinin arzusu olan bu müqəddəs məqama çatmışıq. Artıq Qarabağımızın incisi, qürur mənbəyimiz Şuşa azaddır. İndi ulu babam Kərim bəyin, ulu nənəm Məhbubə xanımın və onların timsalında dünyadan köçmüş bütün şuşalıların nigaran ruhları da şaddır...

 Mehmandarovlar malikanəsinin Şuşada bərpa edilən ilk tarixi-memarlıq obyektlərinin sırasına salınması bizim üçün ayrıca bir qürur, fəxarətdir. Prezident İlham Əliyevin göstərişi, Mehriban xanım Əliyevanın himayəsi ilə baba evimiz Heydər Əliyev Fondu tərəfindən bərpa olunur, əvvəlki görkəminə qaytarılır. Ailəmizin, nəslimizin əziz İlham Əliyevə, Mehriban xanıma minnətdarlığı sonsuzdur, əbədidir".

 

 

 

Şöhrətli nəslinin şanına şan qatdı

 

 

 

Bu, Məhbubə xanım Mehmandarova-Mahmudbəyovanın hər anına bir ömür sığdırdığı yaşam hekayəsi idi. Görkəmli alim 74 illik ömür yolunda nələr yaşamamışdı ki... O, ta gənc yaşlarından həyatını xalqının rifahına, onun maariflənməsinə, sağlamlığının keşiyində durmağa həsr etmişdi. Hər zaman vətənpərvərliyi ilə seçilmiş, ölkənin ən çətin məqamlarında belə insanlarımızın xoşbəxtliyi naminə doğru bildiyi yolla getməkdən çəkinməmişdi. Gənc ömür-gün yoldaşının itkisinin ağrı-acısını yaşasa da, bu əzmkar qadın sınmamış, bütün çətinliklərə sinə gərərək həm övladını layiqli vətəndaş kimi böyütmüş, həm də seçdiyi peşədə, elm yolunda öz sözünü deməyi bacarmışdı.

Bəlkə də bir çoxlarımız düşünərik ki, Məhbubə xanımın əldə etdiyi bütün bu uğurların arxasında həm də mənsub olduğu soy-kökün nüfuzu da rol oynayıb. Amma əksinə, bir çox hallarda Mehmandarovlar-Mahmudbəyovlar soyadına mənsubluğu o zamanın qəddar rejimləri tərəfindən Məhbubə xanıma çətinliklər yaşatmış, maneələr yaratmışdı...

Bəli, bu şuşalı qız uğur yolunu özü müəyyənləşdirmiş, zirvələrə uzanan yolda öz izi, öz imzası olmuşdu. Əldə etdiyi şöhrəti ilə də qədim, köklü və qəhrəman nəslinin şanına şan qatmışdı... İlk azərbaycanlı qadın alimlərdən biri kimi möhtəşəm titula sahib Məhbubə xanım Mehmandarova-Mahmudbəyova kimi...

 

 Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 8 iyul.- S.8.