Xəzər geri
çəkilir
Dənizin suyu
yerin təkinə, yoxsa
göylərin dərinliyinə "axır"
Bu gün bəşəriyyəti rahatsız edən problemlərin ümumi siyahısında ərzaq təhlükəsizliyi, ekologiya və təbii fəlakətlər daha kəskin qabarır və özünü daha sərt büruzə verir. Bu baxımdan Xəzər əsrlər boyu səviyyəsi aşağı düşən və yuxarı qalxan çox nadir və sirli su hövzələrindən biridir.
Onun hər dəfə səviyyəsi enəndə, yaxud qalxanda alimlər, ekoloqlar, son illər isə hətta bir sıra dövlət başçıları Xəzərdən daha çox danışır, bu məsələyə beynəlxalq konfranslarda toxunur, eyni zamanda onun həlli yollarını təklif edirlər. 2011-ci ildə Xəzərin səviyyəsi 35 santimetr enmişdir. Bu, böyük rəqəm olmasa da, təhlükənin yaxınlaşmasından xəbər verir. Elə ona görə də sözügedən məsələdən Xəzəryanı dövlətlərin liderləri danışırlar.
Ümumiyyətlə, Xəzər sirli su hövzəsidir. O üzdən dənizin səviyyəsinin minillər boyu dəyişməsi, demək olar ki, tam izah edilməmişdir. Bu gün də həmin problemlə bağlı müxtəlif mülahizələr mövcuddur. Hətta dənizin suyunun yerin altına axıb getməsinə inananlar da var. Bu məsələdə müxtəlif mövqeləri nəzərdən keçirmək üçün bir qədər uzun zaman kəsimini və müxtəlif tədqiqatçıların qütblü mövqelərini nəzərdən keçirmək lazımdır.
İlk dəfə alimlər Xəzərin səviyyəsinin 2 metrədək kəskin enməsini 1930-1940-cı illərdə müşahidə etmişlər. Ardınca 1970-ci ilədək dənizin səviyyəsi 1 metr də aşağı düşmüşdür. Beləliklə, 1977-ci ildə Xəzər son 500 ildəki dayazlaşma rekordunu təzələmişdir. Akademik baxımdan 2,5 metrlik dayazlaşma Xəzər üçün sensasiya sayıla bilməz, çünkü onun 2,5 milyon illik tarixində hətta 150 metrə çatan dayazlaşmalar müşahidə olunmuşdur.
Xəzərin səviyyəsinin belə "rəqs" etməsinin alimlər iki səbəbdən baş verdiyini irəli sürürlər: klimatik və geoloji. İkinci versiyaya görə, Xəzərdə suyun səviyyəsinin düşməsinin əsas səbəbləri yer qabığının taktonik üfüqi və şaquli hərəkəti, seysmik təzahürlər və hətta yeraltı atom bombalarının sınaqları ilə izah edilir. Sadə dillə izah etsək, Xəzərin çökəkliyinin formasının bu təsirlər altında görünmədən dəyişməsi suyun səviyyəsinin oynamasına asanlıqla təsir edən səbəb kimi götürülür. Eyni zamanda alimlər Xəzərə gələn və ondan axan yeraltı suların da təsir qüvvəsini nəzərə alırlar. Bütün bunlardan sonra gəlinən qənaət belədir ki, bu fərziyyələr təsdiq olunmasa da, onları istisna etmək də mümkün deyil.
Ən yaşlı və çox istinad edilən iqlim nəzəriyyəsi isə Xəzərdə suyun səviyyəsinin düşməsini çaylardan dənizə axan suların həcmi ilə izah edir. Belə ki, Arktikada qış mülayım keçəndə Volqa çayının hövzəsində yağıntıların sayı azalır və dənizin də səviyyəsi ona axan suların həcmi azaldığı üçün aşağı düşür. Arktikada qış sərt keçəndə isə Xəzərin hövzəsinə düşən yağıntıların həcminin artması dənizdə suyun səviyyəsini qaldırır.
Maraqlı odur ki, Xəzərə yüzlərlə çay axsa da, onun su balansının əsas hissəsini - 78 faizini Volqa çayı təmin edir. Yeri gəlmişkən qeyd edək ki, bu gün iqlim dəyişiklikləri Rusiyanın bir çox ərazilərində kənd təsərrüfatı məhsullarını yetişdirməyə imkan verir. Artıq yeni meyvə bağları, bostanlar salınır. İndi olmasa da, yaxın gələcəkdə geniş suvarma şəbəkələrinin yaradılması Volqa çayının Xəzərə gətirdiyi suyun həcmini azalda bilər. Bu isə çox böyük təhlükədir.
Söz ki çaylardan düşdü, bildirək ki, Xəzər dənizinə bütün çaylar birlikdə 325 kubkilometr su gətirir. Bu da dənizə axan suların 83 faizini təşkil edir. Xəzərin səthinə illik düşən yağıntıların miqdarı isə 180 millimetrdir və onu o qədər də yüksək göstərici kimi qəbul etmək mümkün deyil. Ümumiyyətlə, yağış suları dənizin su balansının cəmi 16 faizini təşkil edir. Xəzərə axan suların cəmi 1 faizi isə yeraltı suların payına düşür. İndi ən vacibini qeyd edək: Xəzərə axan bütün suların 95 faizi onun səthindən buxarlanır, qalan 5 faizi də Qara-Boğaz gölünə axıb gedir. Göründüyü kimi, Xəzərdə suyun səviyyəsindəki dramatik dəyişmələr Volqa çayındakı axından, Volqadakı suyun bolluğu isə atmosfer yağıntılarının miqdarından asılıdır.
Xəzərin xilası barədə alimlər illərdir ki, araşdırmalar aparır, müxtəlif mülahizələr və xilas yolları irəli sürürlər. Bu baxımdan iyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyevin çıxışı xüsusi əhəmiyyət kəsb edir. İlham Əliyev çıxışında konkret təkliflər vermiş, Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönələn tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırmışdır: "Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər. Əminəm ki, bu sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq".
Bəli, artıq beynəlxalq ekspertlər də həyəcan təbili çalırlar ki, Xəzər də Aral dənizi kimi ekoloji fəlakətlə üz-üzədir. Xəzərdə problemlərin kritik həddə çatmasından danışılmasa, ciddi qərarlar verilməsə, onun da aqibəti fəlakətlərlə nəticələnə bilər.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2022.- 8 iyul.- S.9.