“Yanardağ"ın möcüzələri
turistləri heyran edir
Səhərdir... "Yanardağ"
Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğundayıq. Göyün üzü
al qırmızı rəngə
boyanıb. Dağların arxasından oğrun-oğrun
boylanan günəş
ətrafı qırmızı
çətrinin altına
alıb. Yerdən
qalxan alov elə bil iki
dağın arasına
çəkilib günəşin
şəfəqləri ilə
göz-gözə, əl-ələ
verib nəyisə gizləyir. Bura göylə yerin
birləşdiyi möcüzəvi
bir məkana bənzəyir. Arabir yaxınlıqdakı
yoldan keçən maşınların səsi
sakitliyi pozsa da, yovşan çiçəyinin məstedici
qoxusu adamın ruhunu sakitləşdirir.
Çox gözləməli olmuruq. Parkinqdə bir
minibus dayanır. Gələnlər qoruğun əməkdaşlarıdırlar.
Qızlardan biri bizə
yaxınlaşıb kimliyimizlə
maraqlanır, gəlişimizin
məqsədini soruşur.
Tanış oluruq. "Yanardağ" Dövlət
Tarix-Mədəniyyət və
Təbiət Qoruğunun
Baş fond mühafizəçisi
Günay Rzayeva məmnuniyyətlə bizə
bələdçilik etməyi
öz öhdəsinə
götürür.
- Bir azdan insan
əlindən tərpənmək
olmayacaq. Bura haralardan gəlmirlər
ki? Hindistandan, Pakistandan, Maldiv adalarından, Türkiyədən,
Bolqarıstandan, Çindən...
Bir sözlə, dünyanın müxtəlif
yerlərindən gündə
yüzlərlə səyyah
ziyarətə gəlir.
Turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb desək, mübaliğə etmiş
olmarıq.
İş vaxtı başlanar-başlanmaz,
qoruğun ərazisi insanlarla dolub-boşalır. Gələnlər dəstə-dəstə alov
olan hissəyə enib, şəkillər çəkdirirlər. Bəziləri də dualar edib, niyyət tuturlar. Allah hər kəsin xoşməramlı duasını
qəbul etsin.
Tarixə
səyahət
"Yanardağ" Dövlət
Tarix-Mədəniyyət və
Təbiət Qoruğu
Abşeron rayonunun Məmmədli kəndinin ərazisində yerləşir. Qoruğun ən
qiymətli incisi elə Yanardağın özüdür. Təqribən 14 metr uzunluğunda bir zolaqda torpağın
dərinliklərində gedən
tektonik proseslər nəticəsində bərk
süxurlarda əmələ
gələn çatlardan
sızan təbii qazın alışması
bir təbiət hadisəsi kimi Yanardağın yaranmasına
səbəb olub.
Buranın nə vaxtdan
alovlandığını bilən
yoxdur. Bu haqda ilk
yazılı mənbə eramızın
V əsrinə təsadüf
edir. Bizans alimi Paniyli Prisk Qafqaz Albaniyasından
bəhs edərkən
Xəzər dənizi
sahillərində sualtı
qayalardan qalxaraq gecə-gündüz yanan alovlardan bəhs edir. Bundan başqa, dənizdən
Bakı sahillərinə
yaxınlaşan səyyahlar
uzaqdan gecə-gündüz
alovlanan dağları,
qayaları, hətta suları gördüklərini
nəql edirlər.
X əsr ərəb alimi Əl-Məsudi "Qızıl yuyulan yer və cəvahirat
mədənləri" əsərində,
coğrafiyaşünas Əbu
Duləf əl Yənbui özünün
risalələrində, Əl
Farisi-əl İstəxdir
"Yollar və məmləkətlər haqqında
kitab" əsərində
bu ərazilərdəki
yanar torpaqlar haqqında geniş məlumatlar vermişlər.
Bakı,
bütövlükdə Abşeron
yarımadası, bu ərazidəki zəngin neft və qaz
yataqları, demək olar ki, IX-XII əsr ərəb alimləri və səyyahlarının diqqət
mərkəzində olmuşdur.
Prezident İlham Əliyevin sərəncamına əsasən,
"Yanardağ" 2007-ci ildə
Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğu elan edilib. 2017-ci il dekabrın 29-da dövlət
başçısının qoruğa səfərindən
sonra burada hər şey kökündən dəyişib.
Aparılan yenidənqurma işləri
çərçivəsində ümumi sahəsi 27,52 hektar olan qoruğun
ərazisində qısa
bir zamanda 3 tematik zonadan ibarət muzey, açıq havada konsertlər üçün nəzərdə
tutulan 500 nəfərlik
amfiteatr, sənətkar
emalatxanaları və
mağazalar, yerli sənətkarlar tərəfindən
keramika, şüşə,
taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin
satışı məntəqəsi,
parkinq turistlərin ixtiyarına verilib. Qoruğun ərazisində yerli əhali tərəfindən
istifadə edilmiş qədim daşlar və sənətkarlıq
nümunələrinin, qaval
daşının nümayiş
etdirildiyi açıq
hava muzeyi, yerli gənc rəssamların əsərlərinin
nümayiş olunduğu
kafe, əyləncə
zonası, uşaqlar üçün oyun meydançası yaradılıb.
Fiziki məhdudiyyətli şəxslərin
Yanardağ alovunun ətrafına enməsi üçün xüsusi
yol çəkilib. Qoruğun tərkibində Yanardağ
- əbədiyaşar alov
təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni
irs nümunələri
və təbiət abidələri də var.
Bu abidələrə "Qurd
yuvası" adlanan ilkin ibtidai icma
dövrünə aid mağaralar,
çoxəsrlik tarixə
malik və qədim sanduqələrlə
zəngin iki qəbiristanlıq, müalicəvi
kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə
olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki
vadisi və qədim kurqan və sairə aiddir.
Qırməki vadisi
Qırməki vadisi Məmmədli-Digah şose yolunun sol tərəfində, "Yanardağ"ın
cənub-şərq hissəsində,
dağın arxasında
yerləşir. Vadinin uzunluğu 5 kilometrə
qədər, eni
400-500 metrə çatan
bir sahəni əhatə edir. Vadi neftli-qazlı yataqların
Yer səthinə həddən artıq yaxın olması və bəzi yataqlardakı neft və qaz tərkibli
mayenin təbii yollarla yer səthinə
çıxaraq kütləvi
axın əmələ
gətirməsi nəticədə
yumşaq süxurlu ərazilərin minilliklər
ərzində yuyulması
sayəsində əmələ
gəlmişdir. Vadidə aparılan
tədqiqatlar nəticəsində
müəyyən olunmuşdur
ki, burada zəngin bitum yataqlarının mövcudluğu
məhz belə axınlarla bilavasitə bağlı olmuşdur.
Belə ki, ərazidən keçən bu axın zaman keçdikcə özünə
dərin və enli bir dərə
yaratmaqla yanaşı,
həm də sonralar çöküntü
halında həmin dərə boyunca yığılıb qalmışdır.
Bu da yerli
əhali tərəfindən
dərənin Qırməki
(Kirməki - yəni
"qır məkanı")
dərəsi kimi adlandırılması ilə
nəticələnmişdir.
Turistlərin daha çox üz tutduqları yerlərdən biri də qoruğun ərazisindəki Qırməki
vadisində yerləşən
Qurd yuvasıdır. Mağara giriş və çıxışlardan
ibarətdir. Abşeronun qədim yaşayış
məskəni olduğunu
nəzərə alsaq,
bu mağarada ibtidai insanların yaşadığı təxmin
edilir.
Qırməki palçıq vulkanı
Qırməki palçıq vulkanı kəndin qərb hissəsində olan Qırməki vadisinin qərb yamacında yerləşir. Nadir təbiət
abidəsidir. Əsasən
gilli-qumlu, neftli-qazlı
çöküntü laylarında
meydana gələn təzyiqlə əlaqədar
yumşaq süxurlarda
özünə yol tapan yüksəktəzyiqli
qaz kütləsinin Yer səthinə çıxaraq qarşısında
olan bütün növ süxur tiplərini də palçıq kütləsi
şəklində üzə
çıxarmış olur.
Bu da ərazidə
vulkanik proseslərin getməsi nəticəsində
palçıq vulkanının
meydana gəlməsinə
səbəb olur.
Palçıq vulkanının ərazidə
baş vermiş və verməkdə davam edən seysmik hadisələrlə
- zəlzələlərlə də genetik şəkildə əlaqəsi
vardır. Vulkanın "Qırməki vulkanı"
kimi adlandırılması
onun yaxınlığında
yerləşdiyi Qırməki
vadisi ilə bilavasitə bağlıdır.
Ətrafında aparılmış tədqiqatlar nəticəsində
ərazidə bir çox minerallara (kvarsit, kobalt) rast gəlinmişdir.
Bu tip mineralların əraziyə
yayılması isə
bilavasitə vulkan püskürmələri ilə
əlaqəlidir.
Kükürdlü su çeşməsi
Azərbaycanın bir çox rayonlarında rast gəlinən kükürdlü
su çeşməsi
Yanardağdan cənubda
olan təpənin ən hündür nöqtəsində, Məmmədli
kəndindən Digah kəndinə gedən yolun sol tərəfində
yerləşir.
Çeşmənin müəyyən fasilələrdə
aktivləşməsi nəticəsində
ondan ayrılan su kütləsi uzun illər ərzində ərazidə
dərin və enli yarğanın əmələ gəlməsinə
səbəb olmuşdur. Kükürdlü su çeşməsinin bir çox faydalı xüsusiyyətləri
var. Bir çox kimyəvi elementləri özündə cəmləşdirən
bu çeşmə bəzi xəstəliklər
üçün faydalı
müalicə vasitəsi
hesab edilir. Ondan periferik və mərkəzi sinir sistemi, mədə-bağırsaq, dəri
xəstəlikləri, kosmetologiya
və s. sahələrdə
geniş istifadə oluna bilər. Çeşmənin suyu yod, bor, kükürd, brom və bir
sıra qiymətli minerallarla zəngindir ki, bunlardan da
kimyəvi laboratoriyalarda
bir çox analizlərin aparılması
zamanı geniş şəkildə istifadə
etmək olar.
Qəhrəmanlıq tariximizin izləri
Tariximizin ən şanlı səhifələrindən biri də Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakını erməni-daşnak ordusundan azad etməsidir. 1918-ci ilin avqustunda Nuru Paşanın komandanlığında Qafqaz İslam Ordusunun Bakıya yaxınlaşdığını və mühasirənin daraldığını görən düşmən qüvvələri Biləcəri stansiyasının şimalındakı Yanardağ və Binəqədi təpələrində möhkəmlənmək məqsədilə bu istiqamətdə fəaliyyətlərini daha da artırmışdılar. Qafqaz İslam Ordusunun Bakıya irəliləməsi əsnasında sol qanad birliklərinin yolu üzərindəki bu təpələrin möhkəmləndirilməsinə fürsət verilməməsi lazım idi. Bakının qərbində olan türk birliklərinin irəliləmə istiqamətində mühüm maneə kimi görünən və fasiləsiz möhkəmləndirilən, dəniz səviyyəsindən 364 metr yüksəklikdə olan Yanardağ və 311 metr yüksəklikdəki Binəqədi təpələrinin hücumla tutulması Nuru Paşa tərəfindən əmr edilir. Avqustun 26-da səhər ardıcıl açılan top atəşlərindən sonra 13-cü Qafqaz alayı Yanardağın qərbindəki Sarıtəpəyə hücum edərək müqavimətə cəhd edən erməni, rus və ingilis əsgərlərini süngü və bomba hücumu ilə mövqelərindən çıxarıb təpəni ələ keçirir. Geri çəkilən düşmən əsgərləri top və pulemyot atəşinə tutularaq böyük itkilər verir. Lakin Binəqədi təpəsinə hücum edən 29-cu tabor inadkar bir müqavimətlə qarşılaşdığı üçün irəliləməkdə çətinlik çəkir. Avqustun 31-də Binəqədi təpəsi alınır. Bakı istiqamətində qaçan silahlıları təqib edən türk birlikləri Məmmədli və Digah məntəqələrini də ələ keçirirlər. Bu strateji yüksəkliklərin ələ keçirilməsi sentyabrın 15-də Bakının azad olunmasında mühüm rol oynayır. Hərb tariximizin şanlı səhifəsinin izləri - səngərlər, topların yerləşdirildiyi yerlər qoruq ərazisində ciddi mühafizə olunur.
Gün günortadan keçsə də, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gələnlərin sayı azalmırdı. Turistlər tariximizin yadigarı olan hər daşla, muzey eksponatı ilə maraqlanır, şəkillər, videolar çəkdirir, tariximizi və təbiətimizi öyrənir, böyük həvəslə sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlər alırdılar. Çox təəssüf ki, gün ərzində bura gələnlərin arasında yerli turistlərə rast gəlmədik...
Elşən
QƏNİYEV,
Azərbaycan.-2022.- 8 iyul.- S.10.