Tarixi öz yaradıcılığında əks
etdirən heykəltaraş
...Yalnız Azərbaycanın deyil, bütün Şərqin ilk qadın heykəltaraşı Zivər Məmmədova emalatxanasında əsər üzərində işləyirdi. Balaca oğlu da yanındaydı. Uşaq öz aləmindəydi. Rəngli plastilindən müxtəlif fiqurlar düzəldirdi. Hələ ki öz oyuncaqlarını hazırlayırdı.
İllər keçəcək, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1962), Azərbaycan SSR Xalq rəssamı (1973), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1975), professor (1977), SSRİ Dövlət Mükafatı laureatı (1978), Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri (1970-1972), Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü olacaq. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1977), Azərbaycan SSR Dövlət Mükafatına (1982) layiq görüləcək, "Şərəf nişanı" (1959), "Xalqlar dostluğu" və "Şöhrət" (2002) ordenləri, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2017) ilə təltif ediləcəkdi.
Gələcəkdə
gözəl sənətkar olacağına inam
oyadan uşaq
Tokay Məmmədov 1927-ci il iyulun 18-də Bakıda dünyaya gəldi. Atası Həbib Məmmədov N.E.Bauman adına Moskva Texniki Universitetini bitirmişdi, texniki elmlər namizədi idi. Ancaq anası Zivər Məmmədovanın heykəltaraş olması onun sənət seçimini müəyyənləşdirdi. Kiçik yaşlarından Zivər xanımla emalatxanaya gedən Tokay Məmmədov heykəltaraşlıqda ilk dərslərini də anasından aldı. Tokay Məmmədovu hər zaman doğru istiqamətləndirənlərdən biri də anasının həmkarı Pyotr Sabsay oldu. Sonralar Sabsay bildirirdi: "Tokay uşaqlıqdan heykəltaraşlıq sənəti ilə maraqlanırdı, bu uşağın gələcəkdə gözəl sənətkar olacağına şübhəm belə qalmamışdı".
Böyük Vətən müharibəsi illərində Tokay Məmmədov yeniyetmə idi. Müharibənin ağır illərində o, arzularını gerçəkləşdirmək yolunda ilk addımlarını atdı. 1942-ci ildə yeddinci sinfi bitirib sənədlərini Bakı Rəssamlıq Məktəbinə verdi. Həmin təhsil ocağında tanınmış heykəltaraşlar Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Pyotr Sabsay fəaliyyət göstərirdilər. Tokay Məmmədov Bakı Rəssamlıq Məktəbi nəzdində yeni yaradılmış heykəltaraşlıq sinfində Fuad Əbdürrəhmanovdan dərs almağa başladı. Müəllimindən dünya klassik incəsənətinin mütərəqqi ənənələrini öyrəndi.
Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu 1945-ci ildə bitirən Tokay Məmmədov Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yollandı. İ.E.Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun Heykəltaraşlıq fakültəsinə daxil oldu. İnstitutda görkəmli sənətkarlar V.Senayski, A.Matveyev və M.Kerezindən aldığı dərslər onun heykəltaraşlıqda biliklərini daha da dərinləşdirdi. 1947-ci ildə tələbə Tokay Məmmədov uşaqlıq illərindən tanıdığı Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırladı. Bu əsər gənc heykəltaraşın ilk uğuru sayıldı.
İstedadlı
heykəltaraş, bacarıqlı pedaqoq
Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda diplom işi "26 Bakı Komissarları"na həsr edilmiş əsər oldu. Diplom işinin müdafiəsində ona dərs demiş pedaqoqlarla yanaşı, Azərbaycan sənətşünası Mürsəl Nəcəfov da iştirak etdi. Tokay Məmmədov 1951-ci ildə ali təhsilini başa vurdu. Leninqradda qalıb, heykəltaraş kimi fəaliyyət göstərdi. Leninqrad Rəssamlar İttifaqına üzv qəbul olundu.
Bakıya döndükdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayan Tokay Məmmədov həm rəsm, həm də heykəltaraşlıqdan dərs dedi. Tələbələrinə heykəltaraşlıq sənətinin incəliklərini öyrətdi. Heykəltaraşlıq fəaliyyətini də uğurla davam etdirdi. Bir sıra şair, alim, dövlət xadimi və sadə əmək adamları, eləcə də öz sənət dostlarının büst portretlərini ustalıqla hazırladı.
Müəllimi Fuad Əbdürrəhmanov "Nizami" heykəlini yaratmışdı. Tokay Məmmədov da hələ Rəssamlıq Məktəbində oxuduğu illərdən dünyaşöhrətli Azərbaycan şairi Nizami Gəncəviyə əsər həsr etmək arzusundaydı. O, ilk dəfə 1953-cü ildə ağacdan şairin təsvirini yondu. Heykəltaraşın uğurlu əsərlərindən biri olan "Nizami Gəncəvi" portreti 1955-ci ildə Varşavada Gənclərin Beynəlxalq Ümumdünya Sərgisində nümayiş olundu. Əsər şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanılır və nümayiş etdirilir.
Azərbaycan heykəltaraşlığında ilk dəfə ağac materialdan istifadə edən Tokay Məmmədov bu istiqamətdə də yaradıcılığını uğurla davam etdirdi. O, ayrı-ayrı illərdə ağac materialdan şair, dövlət xadimi və sadə əmək adamlarının portretlərini hazırladı. "Səməd Vurğun", "Xalq rəssamı Qəzənfər Xalıqov", dövlət xadimi, həkim və yazıçı "Nəriman Nərimanov", uzunömürlü azərbaycanlı "Şirəli Müslümov" və başqa portretləri bu qəbildəndir.
Tokay Məmmədov mərmər,
tunc, gips materiallardan da yüzlərlə portret yaratdı. Heykəltaraşın
portretlər qalereyasında
dahi bəstəkar
"Üzeyir Hacıbəyov",
Xalq rəssamı
"Rüstəm Mustafayev",
qadın rəssam
"Vəcihə Səmədova",
yazıçı "Süleyman
Rəhimov", polyak bəstəkarı "Frederik
Şopen" və Avstriya bəstəkarı
"V.A.Motsart" büst
portretləri də
var. Tokay Məmmədov dahi
şair Məhəmməd
Füzulinin abidəsini
heykəltaraş Ömər
Eldarovla bərabər
işləyib.
Heykəltaraşın yaratdığı heykəllər
müxtəlif ünvanlarda
ucaldı. Onun müəllifi olduğu
Üzeyir bəy Hacıbəylinin heykəli
1960-cı ildə konservatoriya
binası qarşısında
qoyuldu. Bakı şəhərində
1976-cı ildə ucaldılan
sovet dövrünün
ən məşhur qəhrəmanlarından biri
olan Məşədi Əzizbəyovun monumental heykəlinin
müəllifi də
Tokay Məmmədov idi.
Müəllif "Məşədi
Əzizbəyov" abidəsinə
görə 1978-ci ildə
SSRİ Dövlət Mükafatına
layiq görüldü...
Tokay Məmmədov bir
neçə qəbirüstü
abidənin də müəllifidir. O, 1956-cı ildə
Şuşa şəhərində musiqiçi
alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın
qəbirüstü abidəsini
hazırladı. Azərbaycanın ilk peşəkar vokal sənətinin banisi,
SSRİ Xalq artisti,
professor Bülbülün qəbirüstü
abidəsinin müəllifi
də Tokay Məmmədovdur.
O, hələ gənclik illərindən istedadı
hər kəs tərəfindən etiraf olunan, dövlət səviyyəsində təqdir
edilən, dəyərləndirilən
heykəltaraş idi. Bütün əsərləri uğur
qazanmış, tanınmış
sənətkarlar onlar
haqqında heyranlıqla
danışmışdılar.
"Xalq qəhrəmanı
Koroğlu" abidəsi
qocaman heykəltaraşın
son işi oldu. Yaratdığı
saysız-hesabsız heykəltaraşlıq
nümunələri ilə
Azərbaycan incəsənətinə
böyük töhfələr
vermiş Tokay Məmmədov
2018-ci il mayın 2-də vəfat etdi. Heykəltaraşlıq sənətinin inkişafında
misilsiz xidmətləri
ilə yaddaşlarda əbədi qaldı.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.-2022.- 8 iyul.- S.8.