İrəvanda sonuncu tarixi yadigarımız da məhv edilir

 

 

Bir riyakarlıq etməzdən öncə, hay-həşir salıb aləmi bir-birinə vurmaq, özlərini yazıq göstərmək, xaricdə olan havadarlarının yanına qaçıb şikayətlənmək ermənilərin adətləridir.

Əslində, erməniliyin mahiyyəti budur. 44 günlük Vətən müharibəsindən sonra da klassik metodlarını işə salmışdılar. "Ay qoymayın, azərbaycanlılar Qarabağda tarixi abidələrimizi dağıdırlar", "Erməni mədəni irsini məhv edirlər...", daha nələr, nələr...

Halbuki 30 ilə yaxın işğal dövründə Qarabağda daş üstə daş qoymamışdılar. Nəinki azərbaycanlıların yaşadığı yaşayış binalarını, məktəbləri, dini ocaqları, məscidləri məhv etmiş, bəzilərindən də özlərinə yaraşan formada istifadə edərək, donuz, mal saxlamışdılar. Hətta adını "Cermux" qoyub suyunu satıb, milyonlarla qazanc götürdükləri Kəlbəcərdəki "İstisu" sanatoriyasını da viran qoymuşdular. Dağıtmadıqları və ya dağıda bilmədikləri tarixi abidələrin isə üstündəki yazıları, daş kitabələri dəyişməklə "özəlləşdirmək", erməniləşdirmək istəmişdilər. Torpaqlarımız işğaldan azad olunandan dərhal sonra Azərbaycan Prezidenti dəfələrlə dünyada mədəni irsin qoruyucusu kimi tərəfsiz təşkilat olduğunu iddia edən UNESCO-ya müraciət edərək azərbaycanlılara aid dağılmış tarixi abidələrin monitorinqini aparmasını tələb etmişdir. "Siyasətə qarışmırıq" deyərək müxtəlif bəhanələrlə Qarabağa nümayəndə göndərməkdən imtina edən UNESCO rəhbərliyi dolayı yollarla bu dəfə də ermənilərin yalanını, riyakarlığını pərdələmişdi.  Nəticədə bu il martın 10-da Avropa Parlamenti Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qətnamə qəbul etmişdi. Bu isə bizə qarşı ayrı-seçkiliyin nə birincisi, nə də sonuncusudur...

Halbuki ermənilər kənardan gəlib məskunlaşdığı qədim Azərbaycan şəhəri olan İrəvanda illərlə yerli sakinləri qırıb-çatmış, müxtəlif işgəncələrlə öldürmüş, sağ qalanları öz dədə-baba yurdlarından didərgin salmışdılar. Azərbaycanlılara aid nəinki tarixi mədəni irsi məhv etməyə, hətta bütün izləri silməyə çalışmışlar. Bu qeyri-insani davranışlarına görə də onlara heç "gözün üstə qaşın var" deyən də olmamışdır.

Çox da uzaq olmayan yaxın keçmişi yada salaq: 1988-ci ilə qədər tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində 250 minə yaxın azərbaycanlı yaşayırdı. Bu dövrdə indiki Ermənistan ərazisində 190 azərbaycanlı yaşayış məntəqəsi mövcud idi. 94 yaşayış məntəqəsində isə azərbaycanlılarla ermənilər qarışıq yaşayırdılar. 1989-cu ilin sonlarına kimi azərbaycanlılar öz dədə-baba torpaqlarından məcburi surətdə çıxarıldılar. Azərbaycanlılara qarşı əsl vandalizm aktı törədildi. 7 dekabrda Ermənistanın Spitak rayonunda baş vermiş zəlzələ zamanı yardıma gələn xarici xilasedicilər torpağın altında dəmir borulara doldurularaq məhv edilmiş azərbaycanlıların cəsədlərini aşkar edərkən dəhşətə gəlmiş və bu vəhşiliyə etiraz olaraq xilasedicilik missiyalarından imtina etmişlər. Ermənilərə yardıma gedən azərbaycanlı xilasediciləri aparan təyyarəni bilərəkdən qəzaya salmaları erməni "humanizminin" bariz göstəricisi idi.

 

 

Ermənilər tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklər tariximizə qarşı da tətbiq edilib

 

 

Ermənistan hökuməti və əhalisi tərəfindən Azərbaycan xalqına qarşı edilən qeyri-insani hərəkət, soyqırımı eyni zamanda Ermənistanda olan abidələrimizə də yönəlib. Nəticə etibarilə Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və digər dinitarixi abidələrimiz tamamilə məhv edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi - Hacı İmamverdi məscidini və Göy məscidi Ermənistan fars məscidi adlandırır, guya azərbaycanlılarla heç bir bağlılığı olmadığını iddia edir. XVII əsrə aid olan Hacı İmamverdi məscidi isə tamamilə məhv olmaq üzrədir.

Ermənilər bütün ömürləri boyu saxta tarix yaratmaqla məşğul olublar. Xatırladaq ki, bu saxtakarlar toponimlərin adlarının dəyişdirilməsinə hələ 1919-cu ildən başlayıblar. O zaman daşnak hökumətinin daxili işlər nazirinin göstərişi ilə azərbaycanlıların qovulduğu və ermənilərin köçürüldüyü yerlərə erməni adları verilmişdi. 1919-1920-ci illərdə

17 yaşayış məntəqəsinin adı dəyişdirilmişdi. Sonra 1935-ci ilə qədər Ermənistan hökuməti, 1935-ci ildən sonra isə Ermənistan Ali Sovetinin fərmanları ilə yer adlarının dəyişdirilməsi davam etdirilmişdi. 1988-ci ilə kimi Ermənistanda 521 azərbaycanlı yaşayış məntəqəsinin adını dəyişməyə "müvəffəq" olmuşdular. 1991-ci ilin aprel ayında Levon Ter-Petrosyanın fərmanı ilə daha 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir.

Ermənilər təkcə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə kifayətlənməyiblər. Eyni zamanda dağların, çayların, qayalıqların, bulaqların da adını dəyişirdilər. Azərbaycanlılara aid nə vardısa, tarixin yaddaşından silməyə çalışırdılar.

 

 

 

Erməni kələyinin anonsu

 

 

 

Ermənilər 44 günlük Zəfər müharibəsindən sonra Qarabağda erməni mədəni irsinin azərbaycanlılar tərəfindən məhv edilməsi barədə hay-həşir salmışdılar. Şubhəsiz ki, bu, növbəti hiylənin, kələyin anonsu idi. Cidanı çuvalda gizlətmək olmur. Nəhayət, hər şey bəlli oldu. Sən demə, ermənilər köhnə şakərlərindən əl çəkə bilməyiblər. Ermənistanın paytaxtı İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələrini də məhv etməklə məşğul imişlər. Tarixdən məlumdur ki, İrəvan şəhəri, qala istisna olmaqla, Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünürdü. İrəvanın bu hissələrinin hər birində şəhər yaranandan XX əsrin əvvəllərinə kimi azərbaycanlılar yaşayıblar. İndi də azərbaycanlılara məxsus sonuncu mədəni irsi məhv etmək niyyətindədirlər. Ermənilərin bu məkrli hissləri Azərbaycan ziyalılarını, ictimaiyyət nümayəndələrini hiddətləndirərək ayağa qaldırdı.

 

 

 

Ziyalılar UNESCO-nun Baş direktoruna müraciət etdilər

 

 

Ziyalılarımız UNESCO-nun Baş direktoru Odre Azuleyə bu vandalizm aktı ilə bağlı müraciət göndəriblər. Müraciətdə Ermənistan hökumətinin beynəlxalq normalara məhəl qoymadığı xüsusi vurğulanır: "2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilmişdir. 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistanda Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək yerində müxtəlif infrastrukturlar inşa olunub.

Tarixi İrəvan şəhəri XX əsrdə ən böyük dağıntılara məruz qalan şəhərlərdən biridir. Onun XX əsrdə dağıdılması siyasi məqsədlər daşımış və müasir İrəvan şəhərinin indiki simasının qurulmasına xidmət etmişdir. Tədqiqatlar bu şəhərin dərin qatlarında hələ də Azərbaycan şəhərinə aid məlumatların qaldığını söyləməyə imkan verir. Lakin Ermənistan üzərində yaşadığı bu tarixi məkanın torpaq altında qalan mədəni irsini qəbul etmədiyi üçün dağıntıları bu qatlarda da davam etdirir. Buna sübut kimi 2003-cü ildə İrəvan şəhərinin Respublika meydanında aparılan qazıntı işlərini də göstərmək olar. Belə ki, Ermənistan rəhbərliyi qazıntı nəticəsində torpaq altında qalmış azərbaycanlı-müsəlman memarlığının nümunələri aşkar olunan zaman qəfildən abidənin üzərini yenidən torpaqla örtmək tapşırığı verib. Ermənistan hökuməti bütün beynəlxalq normaları və qanunvericiliyi pozaraq bu aktı törədib".

Görünən budur ki, ermənilər öz kooperativ maraqlarına xatir bütün saxtakarlıqlara getməyə, Azərbaycanla, azərbaycanlılarla bağlı o torpaqlardavarsa, məhv etməyə hazırdırlar.

Bir xalqın tarixi saxtalaşdırmaqla, tarixi adət-ənənələrə və insanlığa xəyanət etməklə məşğul olması çox ikrahedici görünür. Bu faktı ermənilərin heçson fırıldağı hesab etmək olmaz. Namərdliyin, riyakarlığın, ikiüzlülüyün, fırıldaqçılığın sonu olmur. Dünyada mədəni irsin mühafizəçisi missiyasını öz üzərinə götürmüş UNESCO-nun ziyalılarımızın müraciətinə nə cavab verəcəyini də gözləməyək. Tariximizə və taleyimizə özümüz sahib çıxaq. 44 günlük Zəfər müharibəsində birliyimizlə bunun nəticəsini görmüşük.

 

 

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 8 iyul.- S.7.