Dəyərlərdən gələn
işıq
Lahıc misgərlik sənəti
Lahıc ölkəmizin şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Girdmançay çayının sahilində yerləşən qəsəbədir. İsmayıllı rayonunun inzibati ərazisinə daxildir. Qəsəbə dövlət tərəfindən qorunan qədim şəhər və memarlıq sənəti abidəsi hesab edilir. 1980-ci ildə "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Lahıc lap qədim zamanlardan həm də Azərbaycanda misgərliyin mərkəzlərindən biri hesab edilib.
Daha davamlı, sınmayan mis qablar
Ölkəmizdə misgərlik çox erkən dövrlərdə yaranıb və inkişaf etməyə başlayıb. Araşdırıcılar Azərbaycanın ərazilərində aşkarlanan ilk mis əşyaların tarixinin Eneolit dövrünə aid olduğunu təsdiqləyiblər. Məlumata görə, eramızdan əvvəl VI minillikdə mis əldə olunduqdan sonra ondan müxtəlif məmulatlar hazırlayıblar. Zaman keçdikcə misgərlik sənət kimi təşəkkül tapıb, mis qab-qacaq istehsalı genişlənib. Orta əsrlərdə Azərbaycanın Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Bərdə, Beyləqan, Salyan, Şuşa, Şəki, Daşkəsən, Balakən, Lahıc (İsmayıllı) və digər yerləri misgərlik sənəti mərkəzlərinə çevrilib.
Tədqiqatçılar qədimdə Azərbaycan əhalisinin məişətində mis məmulatın geniş yayılmasını onun həyat tərzi ilə əlaqələndiriblər. Əsasən heyvandarlıqla məşğul olan, yarımköçəri həyat sürən əhali üçün davamlı, sınmayan, eyni zamanda nisbətən ucuz başa gələn mis qablar işlətmək daha əlverişli idi. Ancaq tarixi mənbələr misdən hazırlanan qab-qacağın əhalinin bütün sosial təbəqələrinin məişətində geniş yayıldığını təsdiq edib.
Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında hər gün hökmdarın ətrafındakı təxminən 400 nəfərə mis qablarda yemək verilirdi. 1474-cü ildə həmin sarayda olan venesiyalı səyyah Kontarin bunu yazıb.
XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladıqları, sərgilərdə nümayiş olunan məmulatlar yüksək qiymətləndirilib, mükafatlara layiq görülüb. Araşdırıcıların məlumatlarına görə, sənətkarların misdən hazırladıqları əşyaların üzərinə öz imzalarını həkk etmələri nəticəsində əsl müəllilflərin kimliyini unutdurmaq mümkünsüz olub. Dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu bənzərsiz nümunələrini başqa xalqların nümayəndələri öz adlarına çıxara bilməyiblər.
Azərbaycan misgərlik sənətinin mərkəzlərindən biri
Lahıc XIX əsrdən başlayaraq misgərliyin əsas mərkəzi olub. Yerli ustalar misdən güyüm, qazan, çıraq, dolça, satıl, sərnic, teşt, məcməi, sini, aşsüzən, kəfkir, kasa və başqa əşyalar hazırlayıb, onları müxtəlif naxışlarla bəzəyiblər. Yalnız Azərbaycanda deyil, Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərə də aparılan bu əşyalar vasitəsilə Lahıc ənənəvi xalq sənəti olan misgərliyin məkanı kimi məşhurlaşıb. XIX əsrin ortalarında Lahıcda 190-a yaxın mis karxanası olub.
Bütün Şərqdə lahıclı misgərlərin düzəltdikləri məmulatlar əl-əl gəzib. Usta Nəcəfqulunun hazırladığı samovarlar 1717-1718-ci illərdə baha qiymətə satılıb. Usta Məmməd Qədirə 1850-ci ildə Cənubi Qafqaz diyarının əsərləri sərgisində "Mis qaba görə" pul mükafatı verilib.
XIX əsrin sonunda Cənubi Qafqazın kustar sənətlərinin tədqiqatçısı olan A.S.Piralov qeyd edib: "Mis qablardan istifadə adəti təsadüfi olmayan xüsusiyyətdir, yalnız son dərəcə ehtiyac mis qabı gil qabla əvəz etməyə məcbur edir. Uzun illərin təcrübəsi və empirik biliklərə əsaslanaraq demək olar ki, mis qabların digər növ qablardan üstünlüyü o dövr üçün danılmaz idi. Gil və şüşə qablara nisbətən mis qablar sınmaya daha davamlı olmuşlar".
XX əsrin əvvəllərindən Rusiyadan ucuz qiymətə qab-qacaq və müxtəlif məişət avadanlıqları gətirməyə başlayıblar. Bu da böyük tarixə malik olan misgərlik sənətinin inkişafına mənfi təsir göstərib. Qədim ənənələri yaxşı bilən və yaşadan misgərlər bu sənətdən uzaqlaşmağa başlayıblar. Nəticədə misdən hazırlanan əşyaların həm kəmiyyəti azalıb, həm də keyfiyyəti aşağı düşüb. Mis məmulatlarını ucuz başa gələn şüşə, saxsı, çuqun, dəmir qablar əvəz etməyə başlayıb. Təəssüf ki, qədim ənənəvi xalq sənətkarlığını, məişət mədəniyyətini əks etdirən misgərlik nümunələri, əsasən muzey eksponatlarına çevrilib, yaxud şəxsi kolleksiyalarda qalıb. Digər qədim sənət növləri kimi, misgərlik də problemlərlə üzləşməli olub. Ancaq sevindirici haldır ki, məişətdə əhəmiyyətini itirmək təhlükəsi ilə üzləşən bu qədim el sənəti ustalar tərəfindən yaşadılır. Həmin ənənə əsrlər boyu mis məmulatı istehsalında xüsusi yer tutmuş Lahıcda da davam etdirilir.
Azərbaycan xalqının mədəni dəyərlərinə diqqətin daha bir nümunəsi
2015-ci il 30 noyabr - 4 dekabr tarixində Namibiyanın paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirildi. Sessiya çərçivəsində ölkələr tərəfindən Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara baxılmasına dekabrın 1-də başlanıldı. Azərbaycan tərəfindən "Lahıc misgərlik sənəti" nominasiyası təqdim olundu. Komitənin iclasında müzakirələrdə bu nominasiya faylı Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə bərabər, nümunəvi bir namizədlik faylı kimi gələcəkdə digər ölkələrin öz fayllarını hazırladıqları zaman bundan istifadəsi tövsiyə edildi.
"Lahıc misgərlik sənəti" faylı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin (hazırda Mədəniyyət Nazirliyi), Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq UNESCO-ya təqdim olundu. Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bu, Azərbaycan xalqının mədəni dəyərlərinə beynəlxalq səviyyədə verilən diqqətin daha bir nümunəsi oldu.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2022.- 8 iyul.- S.10.