Zəfərin
başlanğıc məqamı
Tovuz
döyüşləri Vətən müharibəsində
qazanılan böyük Qələbənin
qığılcımıdır
Düşmən üzərində qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Lakin bu Zəfərin ayaq səslərinin eşidildiyi, xalqın müzəffər ordusuna etimadının özünə qayıtdığı Aprel, Günnüt və Tovuz döyüşlərini unutmaq olmaz.
Çünki məhz həmin döyüşlərdəki qələbələrimiz xalqımızı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə ruhlandırdı. Xalq Ali Baş Komandan İlham Əliyev ərtafında birləşib haqq savaşına qalxdı. Qüdrətli sərkərdənin "dəmir yumruq" əməliyyatı ilə Azərbaycan Ordusu 30 illik Qarabağ həsrətinə son qoydu.
Generalı, polkovniki əsgəri ilə çiyin-çiyinə döyüşən ordu
Əlbəttə ki, bu uğurların ilk halqası 2016-cı ildəki Aprel zəfəri idi. Bu qələbədən sonra Böyük qayıdışa Cocuq Mərcanlıdan başladıq. 2018-ci ildə isə Günnüt zəfəri Ermənistana növbəti dərs oldu. Amma düşmən yenə də bundan nəticə çıxarmadı, təxribatlarından əl çəkmədi. 2020-ci ilin iyul ayında yenidən çirkin əməllərini işə salıb cəbhənin Tovuz istiqamətində növbəti təxribata əl atdı.
İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı bölmələri tərəfindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqeləri artilleriya qurğularından atəşə tutuldu. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində düşmən təxribatının qarşısı yenə də alındı. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verdi. İyulun 13-nə keçən gecə ərzində də gərginlik davam etdi. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi nəticəsində qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edildi.
Bir neçə gün davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.
Bu döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldular. Tovuz rayonunun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirildi.
Bu savaş düşmənə bir neçə həqiqəti göstərdi. Düşmən ilk növbədə onu gördü ki, Azərbaycanın generalı, yüksəkrütbəli zabitləri səngərdə, hücumda əsgərləri ilə bərabər vuruşur, onları ruhlandırır, şəxsi nümunə göstərirlər.
Düşmən şahid oldu ki, İlham Əliyevin yaratdığı vətənpərvərlik məktəbinin hər bir igidi döyüş meydanında mərdliklə savaşıb şəhidlik zirvəsinə ucalmağı şərəf bilir. Onlar bu zirvəyə ucalmaqla gələcək nəsillər üçün nağıllar, dastanlar yox, əsl qəhrəmanlıq nümunəsi yaradırlar və bu, yetişməkdə olan gəncliyi qələbələrə, zəfərlərə ruhlandırır. Bu qələbə ilə Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan silahlı bölmələri onun qarşısında aciz və cılızdır.
Erməni xalqı bir daha əmin oldu ki, əgər Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat keçirsə, bir neçə günə üçrəngli bayrağımız İrəvanda dalğalana bilər. Necə ki, cəmi 44 günə Şuşaya sancıldığı kimi...
Həm Ermənistana, həm də Minsk qrupunun sabiq həmsədrlərinə xəbərdarlıq
Tovuz döyüşlərində düşmənin məqsədi bəlli idi. Bərbad halda olan idarəçiliyindən narazılıqları azalda, dərinləşən sosial-iqtisadi böhrandan, koronavirus pandemiyası burulğanından çıxa bilmədiyi üçün baş nazir Nikol Paşinyan təxribat törədərək Azərbaycanın timsalında ümumi düşmən obrazı yaradıb ictimai rəyi daxili problemlərdən yayındırmağa yönəltmək istəyirdi. Amma Azərbaycan Ordusu Ermənistanın bu arzusunu da puça çıxardı.
Ordumuzun qələbəsi vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in sabiq Minsk qrupunun həmsədrlərinə də xəbərdarlıq oldu. Onlar açıq şəkildə gördülər ki, mandatlarını yerinə yetirməsələr və təcavüzkarın yerində oturdulması üçün təsirli addımlar atmasalar, tamam başqa reallıqlarla üzbəüz qalacaqlar.
Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində İlham Əliyevin yürütdüyü siyasəti Azərbaycan xalqı qətiyyətlə müdafiə edir. Əli silah tutan vətənpərvər insanlar özlərini Vətənin sadiq əsgəri hesab edir və düşmənin Vətənimizə qarşı uzanan təkcə qanlı əllərini deyil, qollarını da kökündən kəsib atmağa hazırdırlar.
Bu döyüşlərdən sonra Ermənistana heç bir dövlət, təşkilat dəstək vermədi. Bu isə işğalçı ölkənin siyasətinin ifşası, erməni yalanlarının iflasa uğraması istiqamətində mühüm əhəmiyyət kəsb etdi. Heç Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da onun müdafiəsinə lüzum bilmədi. Ermənilər güman edirdilər ki, bu hadisədən sonra təşkilat dərhal toplaşacaq və baş vermiş hadisəni qiymətləndirəcəkdir. İyulun 12-də Ermənistan hadisə ilə bağlı KTMT-yə müraciət etmiş və təşkilatın iclasının çağırılmasını tələb etmişdi. Bu barədə qurumun saytında elan da yerləşdirilmişdi. Lakin qısa müddət sonra elan saytdan silindi və KTMT-nin heç bir iclası keçirilmədi. Bu hadisə pərt vəziyyətə düşən Ermənistanın diplomatik müstəvidə növbəti uğursuzluğu oldu. Bir daha sübut edildi ki, vassal Ermənistan üzvü olduğu təşkilatlarda belə əsassız olduğu üçün ciddi qəbul olunmur.
Bu proseslərdən sonra Ermənistan qorxuya düşdü. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan hərbi müstəvidə də güclü olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var.
"Dəmir yumruq" əməliyyatı, Zəfərə aparan yol
Tovuz döyüşlərindən iki il ötür. İllər ötsə də, bu döyüş hər zaman xatırlanacaq və bu savaşın Vətən müharibəsinin başlaması üçün bir qığılcım olduğu vurğulanacaq.
Tovuz dövüşlərində şəhid olan generalımız Polad Həşimovun nəşinin Bakıya gətirildiyi zaman böyük izdiham yaşandı, xalq ayağa qalxdı. Gecə saatlarında minlərlə Bakı sakini müharibə tələbi ilə paytaxt küçələrinə axışdı. "Qarabağa azadlıq!" şüarları səsləndirən, əsasən gənclərdən ibarət olan böyük bir izdiham Şəhidlər xiyabanına yürüş etdi. Gənclər Azərbaycan Ordusunun və Ali Baş Komandanın yanında olduqlarını, onu dəstəklədiklərini bəyan edərək şəhidlərin qısasının alınması, torpaqlarımızın azadlığı uğrunda savaş istədilər.
İlham Əliyevin çağırışına səs verən yüz minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət edərək könüllü olaraq döyüşlərdə iştirak etmək arzularını bildirdilər. Beləliklə də, Tovuz hadisələri xalq və Prezident, xalq və ordu birliyini daha da möhkəmləndirdi.
Tovuz döyüşlərindən 2 ay sonra başlanan Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə qadirdir. 30 ilə yaxın müddətdə torpaqlarımızda müdafiə istehkamları quran erməni hərbçilərini qovmaq üçün cəmi 44 gün yetərli oldu. 2020-ci ilin sentyabrın 27-də başlayıb 8 Noyabr Zəfər Günü ilə bitən qələbələr silsiləsinin ilk halqası Aprel döyüşləri sayılsa da, Tovuz döyüşləri Böyük Qələbəyə aparan yol oldu. Azərbaycan nəinki Ermənistana, bütün dünyaya gücünü, qüdrətini nümayiş etdirdi.
Ali Baş Komandan İlham Əliyev həm sərkərdə kimi savaş meydanında, həm də diplomat kimi siyasi arenada düşməni və onun havadarlarını qətiyyətli qərarları ilə hər mənada susdurdu. "Qarabağ Ermənistandır" - deyən Paşinyanı qarşısında diz çökdürüb "Qarabağ Azərbaycandır!" dedizdirdi və kapitulyasiya aktına qol çəkdirdi. Sonra isə diplomatik məharəti ilə Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atmadan belə düşməndən geri aldı. Bununla da Qarabağın üzərindən "dağ" götürüldü, ATƏT-in Minsk qrupu tarixin arxivinə, "status" isə cəhənnəmə göndərildi. İlham Əliyevin güclü siyasətçi, əsl diplomat olduğunu bilənlər həm də onun əsl sərkərdə məharətinə şahidlik etdilər.
İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yarandı. İlham Əliyevin postmüharibə dövrünün reallıqları əsasında hazırladığı inkişaf strategiyasının icrasına start verildi. Qarabağı "dəmir yumruq" əməliyyatı ilə azad edən Azərbaycan Prezidenti dəmir iradə ilə onu yenidən qurmağa başladı və bu gün ölkəmizin yalnız öz gücünə işğaldan azad edilən torpaqlarımızda həyata keçirdiyi misli görünməyən tikinti-quruculuq, yenidənqurma işləri göstərir ki, tezliklə Böyük qayıdış başlayacaq. Azərbaycan xalqının 30 illik torpaq həsrəti başa çatacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 9 iyul.- S.4.