Həmrəylik və xeyirxahlıq bayramı

 

İslam aləmində ən müqəddəs bayramlardan sayılan Qurban bayramı hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Qurbanlığın ən önəmli xüsusiyyətlərindən biri din və məzhəb ayrı-seçkiliyinə yol verilməməsidir. Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.

 

 

 

Qurban bayramının yaranma tarixi

 

 

Bu bayramın tarixi Həzrət İbrahim peyğəmbərlə bağlıdır. Qurani-Kərimdə haqqında bəhs olunan hadisənin məğzi belədir ki, İbrahim peyğəmbərin övladı olmur. Uzun illər dua etdikdən sonra Allah ona ahıl yaşında bir oğul (İsmayıl) qismət edir. İbrahim peyğəmbər oğlu İsmayılı anası Həcərlə birlikdə Məkkə yaxınlığında yerləşdirir. Müqəddəs kitabımıza görə, İbrahim əleyhissəlam yuxusunda görür ki, Allah ondan yeniyetmə yaşına çatmış oğlu İsmayılı qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir və əhvalı pozulur. Bir ata kimi qoca vaxtında Yaradanın bəxş etdiyi övlad payını itirmək istəmir. O, həmin yuxunu təkrar-təkrar görür və axırda dərk edir ki, sevimli oğlunu qurban kəsmək Allahın əmridir, Xaliqin buyuruğu yerinə yetirilməlidir. Ömrünü Tanrıya xidmətə həsr etmişbuna görə "Allah dostu" ləqəbini qazanmış İbrahim bir an da tərəddüd etmiroğlunu Məkkə yaxınlığındakı Mina dağında qurban kəsməyə aparır. Hətta qurban veriləcəyini bilən İsmayıl da  buyurulan taleyə razı olur. Yolboyu şeytan 3 dəfə İbrahimi yeniyetmə oğlunu qurban verməməyə çağırsa da, o, şeytana aldanmır. Allaha qəlbən yaxın   sadiq olduğunu sübut edir.

Minada oğlunu qurban kəsmək istəyən İbrahimin bıçağı kəsmir. Bu zaman Tanrının vəhy mələyi Cəbrayıl nazil olur ona İlahi imtahandan üzüağ çıxdığını oğlunu deyil, Tanrının göndərdiyi qoçu qurban kəsməsini buyurur: "Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin. Sənə yuxuda əmr olunmuşdursa, onu yerinə yetirdin. Yaradan sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur. Biz yaxşı görənləri belə mükafatlandırırıq".

Həzrət İbrahimin bu hekayəsi Tanrıya bəndəliyin möhtəşəm nümunəsi sayılır. Eyni zamanda islamda insanın qurban verilməsi qadağan olunur.

 

 

 

Mərhəmət duyğularının əks olunduğu müqəddəs günlər

 

 

 

Əsrlərdir qeyd olunan müqəddəs bayramın böyük fəzilətlərinə mahiyyətinə  hətta ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələri ehtiramla yanaşırlar. Çünki Qurban bayramı mütərəqqi milli-mənəvi dəyərlər sistemində sosial yardımlaşma, xeyirxahlıq duyğuları kimi qəbul edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanununa əsasən, Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində keçirilir. Bu bayram xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da gücləndirir.

Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımız tərəfindən də qeyd edilir. Bu, xalqımızın mənəvi dəyərlərinə böyük hörmət və ehtiramın ifadəsidir.

 

 

 

Qurbanlıq heyvan kəsimi və satışı xidmətləri təşkil edilib

 

 

Qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır. Xəstə, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Yaşlı heyvanı da qurban kəsmək islamda düzgün hesab edilmir.

Qurbanı fərdi və ya müştərək qaydada kəsmək olar. Daha yaxşı olar ki, xırdabuynuzlu heyvan fərdi qaydada, iribuynuzlu heyvan isə müştərək qaydada kəsilsin.

Hər il olduğu kimi, bu il  heyvan kəsimi və satışının rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.  Bildirilir ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir. Sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə kəsimlərin aparılması qadağandır. Eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması da yolverilməzdir.

Verilən məlumata görə, iyulun 9-10-da Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Əsas məqsəd vətəndaşların qurbanlıq heyvanlara artan tələbatını ödəmək, alternativ seçim imkanlarını artırmaq və onlayn xidmətlərdən istifadəni təşviq etməkdir. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt ərazisində əvvəlcədən bəyan etdikləri məntəqələrdən əldə edəcəklər.

Allah kəsilən qurbanları, edilən ibadət və duaları qəbul etsin.

 

 

Elşən YƏHYAYEV,

Azərbaycan.-2022.- 9 iyul.- S.7.