Parlamentin növbədənkənar
sessiyası başa çatdı
Milli
Məclisin iclasında
İyulun 8-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu günlərdə keçirilən Bakı konfransı uğurla başa çatıb.
Əminliklə
söyləmək olar ki, dünyada BMT-dən sonra ikinci ən
böyük təşkilatın parlament
ölçüsünün məhz bizim ölkəmizin səyləri
ilə təsis edilməsi və fəaliyyətə
başlaması Azərbaycan dövlətinin xarici siyasətinin
növbəti böyük nailiyyətidir.
Spiker diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin konfransda etdiyi əhatəli və dərin məzmunlu çıxış yeni dialoq və əməkdaşlıq platformasının fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından çox əhəmiyyətli oldu. Prezident İlham Əliyev ölkəmizin yeni təsisatdan gözləntilərini ifadə edərək dedi: "Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik.
...Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq."
Sahibə Qafarova qeyd edib ki, Parlament Şəbəkəsinin Bakı Konfransında xarici ölkələrin və beynəlxalq təşkilatların 50-yə yaxın nümayəndə heyətinin, başqa sözlə, 400-ə qədər nümayəndənin, o cümlədən 15 parlament sədrinin, 17 sədr müavininin iştirak etməsi bu mötəbər tədbirə göstərilən böyük maraq və diqqətin təzahürü idi.
Nümayəndə heyətlərinin rəhbərləri konfransda çıxışlarında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətini dəstəklədiklərini vurğulayaraq, ümid etdiklərini bildirdilər ki, Parlament Şəbəkəsi mütərəqqi bir parlament mexanizmi kimi dialoq mədəniyyətini inkişaf etdirəcək, bütün dünyada sülhə və sabitliyə töhfə verəcək, üzv ölkələrin bir-birinə daha da yaxınlaşmasında, əlaqələrin genişlənməsində müsbət rol oynayacaqdır. Eyni zamanda onlar Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzunun artdığını, dövlətimizin müdrik siyasət yürütdüyünü, öz siyasi kursunu uğurla həyata keçirdiyini, ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün səylər göstərdiyini qeyd etdilər.
Milli Məclisin Sədri konfransdakı
çıxışından danışaraq diqqətə
çatdırıb ki, həmin
çıxışında
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin
qlobal miqyasda parlamentlərarası əməkdaşlığa
töhfə verəcəyinə inandığını
bildirib. Qeyd edib ki, bu gün dünyanın
yaşadığı nəhəng
transformasiya dövrü qlobal təhlükəsizlik və
inkişaf strukturunu çox güclü və çox ciddi dəyişikliklərə
məruz qoyur. Bu baxımdan sülh, təhlükəsizlik və
dayanıqlı inkişafın qorunub saxlanılmasında
Qoşulmama Hərəkatının təməl idealları və
rolu davamlı əhəmiyyət kəsb edir.
Spiker xatırladıb ki, konfransda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnaməsi, Bakı Bəyannaməsi qəbul olunub, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edilib, həmçinin təşkilati məsələlərə baxılıb. Azərbaycan parlamentinin rəhbəri növbəti 3 il üçün Parlament Şəbəkəsinin sədri, Venesuela, Fələstin və Liviya nümayəndələri sədr müavinləri seçiliblər. Milli Məclisin Sədri ona bu yüksək etimadın göstərilməsinin dövlətimizin beynəlxalq aləmdə qazandığı böyük nüfuzun yeni bir ifadəsi kimi dəyərləndirilməli olduğunu qeyd edib.
Spiker bildirib ki, konfrans çərçivəsində onun 10 ölkənin parlament sədri ilə ikitərəfli görüşləri olub. Görüşlərdə yeni təsis edilən Parlament Şəbəkəsinin fəaliyyəti, eləcə də parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Azərbaycan parlamentinin rəhbəri xatırladıb ki, Bakı konfransı başa çatdıqdan sonra, iyulun 2-də konfrans iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərini, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhərini ziyarət ediblər.
Xarici ölkələrin və beynəlxalq parlament təşkilatlarının nümayəndələrinə Ermənistanın işğalı dövründə dağıdılmış və viran qoyulmuş şəhər və kəndlər, tarixi, dini və mədəni abidələr haqqında məlumat verilib. Qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və abadlıq işləri ilə də tanış olublar.
Spiker onu da qeyd edib ki, Milli Məclisin evsahibliyi ilə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm forma, həm də məzmun baxımından yüksəksəviyyəli bir tədbir olaraq qarşısına qoyulan bütün hədəflərə çatdı. Milli Məclisin Sədri bununla əlaqədar tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Sonra deputatlar gündəliyə münasibət bildiriblər. Gündəliyin
qəbulundan sonra iclasda cari məsələlərin müzakirəsi
keçirilib. Müzakirələrdə Milli Məclisin
komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan
Sahib Alıyev, Cavid Osmanov, Elşad Mirbəşir oğlu,
Fazil Mustafa, Naqif Həmzəyev, Etibar Əliyev, Hikmət Məmmədov
və Razi Nurullayev çıxış ediblər.
Çıxış edənlər Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsinin Bakı Konfransının
keçirilməsinin əhəmiyyətindən söz
açıblar, Prezident İlham
Əliyevin sədrliyi
dövründə 60 illik tarixə malik olan Qoşulmama Hərəkatının
aktual beynəlxalq platformaya çevrilməsindən, hərəkatın
institusional inkişaf istiqamətində atılan uğurlu
addımlardan danışıblar. Deputatlar Azərbaycan
Prezidentinin təşəbbüsü ilə yaradılan
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə
Azərbaycan parlamentinin spikerinin sədrliyi dövründə
qurumun qlobal miqyasda parlamentlərarası əməkdaşlığa
töhfə verəcəyinə əminliklərini bildiriblər.
Deputatlar çıxışlarında dünyada və
regionda baş verən hadisələrə münasibətlərini
bildiriblər, həmçinin seçiciləri
düşündürən bir sıra aktual məsələlərlə
bağlı qeydlərini və rəylərini səsləndiriblər.
Sonra iclasda gündəlikdəki məsələlərin
müzakirəsi başlayıb. Parlamentin Sədri Sahibə
Qafarova diqqətə çatdırıb ki, iclasda müzakirə
olunacaq 15 məsələnin ilk üç məsələsi
Milli Məclisin qərar layihələridir.
Qeyd olunub ki, birinci məsələ Bakı Apellyasiya Məhkəməsinin
hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi haqqında Milli Məclisin
qərar layihəsidir. Məsələ ilə bağlı Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü Nizami Səfərov məlumat verib.
Bildirib ki, Azərbaycan Respublikası Prezidenti Konstitusiyanın,
"Məhkəmələr və hakimlər haqqında"
qanunun müvafiq maddələrini rəhbər tutaraq, Bakı
Apellyasiya Məhkəməsinin hakimi Elmira
Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl
xitam verilməsi məsələsini parlamentin müzakirəsinə
təqdim edib.
Deputat Tahir Kərimlinin məsələ ilə
bağlı qeydləri dinlənildikdən sonra qərar layihəsi
səsə qoyularaq qəbul olunub.
Gündəliyin
ikinci məsələsini müzakirəyə təqdim edən
spiker Sahibə Qafarova bildirib ki, bu, Milli Məclisin Əlcəzair
parlamenti ilə əlaqələr üzrə işçi
qrupunun yaradılması ilə bağlıdır. Sahibə Qafarova Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin Bakı Konfransında
iştirak edən Əlcəzair Milli Xalq Assambleyasının
sədri ilə görüşdə qarşı tərəfin
bu qrupun yaradılması istəyi ilə
çıxış etdiyini bildirib. Spiker
məsələyə dair məlumat vermək
üçün Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədr
müavini Sevinc Fətəliyevaya söz verib.
Sevinc Fətəliyeva Qoşulmama Hərəkatı və
İslam Əməkdaşlıq Təşkilatının fəal
üzvü, Afrika və ərəb ölkələrinin
qabaqcıl dövləti kimi Əlcəzairlə parlamentlərarası
əlaqələr üzrə qrupun yaradılmasının əhəmiyyətini
vurğulayıb. O, qərar layihəsində yeni yaradılan qrupun rəhbərinin
Milli Məclisin deputatı Mahir Abbaszadənin təyin edilməsinin
nəzərdə tutulduğunu bildirib.
"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası
əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin
seçilməsi haqqında" Azərbaycan Respublikası Milli
Məclisinin Qərarında dəyişikliklər edilməsi
barədə Milli Məclisin qərar layihəsi səsə
qoyularaq qəbul edilib.
İclasın gündəliyində olan "Azərbaycan
Respublikasının Milli Məclisi yanında Toponimiya
komissiyasının tərkibi haqqında" Azərbaycan
Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər
edilməsi barədə Milli Məclisin qərar layihəsi ilə
bağlı Toponimiya komissiyasının sədri İsa Həbibbəyli
məlumat verib. Komissiya sədri bildirib ki, "Azərbaycan
Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının
tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin
2020-ci il 30 mart tarixli Qərarında "Məmmədzadə
Aqşin Təvəkkül oğlu" sözləri
"İsgəndərov Cavid Nizami oğlu" sözləri
ilə, həmçinin "Dövlət quruculuğu üzrə
qanunvericilik" sözləri "Dövlət quruculuğu,
inzibati və hərbi qanunvericilik" sözləri ilə əvəz
edilir.
Milli Məclisin komitə sədri Siyavuş Novruzov və
deputat Etibar Əliyev məsələ ilə bağlı
fikirlərini səsləndirdikdən sonra qərar layihəsi
səsə qoyularaq qəbul edilib.
Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki,
gündəliyin növbəti iki məsələsi hökumətlərarası
sazişlərin təsdiqi və ləğvi haqqında qanun
layihələridir. Qanun layihələri beynəlxalq
müqavilələrlə bağlı olduğuna görə
"Normativ-hüquqi aktlar haqında" Konstitusiya Qanununun tələblərinə
əsasən bir oxunuşda qəbul olunacaq. Spiker bildirib ki, gündəliyin dördüncü məsələsi
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında bir müqavilənin təsdiqi və bir sazişin təsdiqinə
dair qanunun ləğv edilməsi haqqında qanun layihəsidir.
Məsələyə
dair məlumat verən Milli Məclisin Əmək və sosial
siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, müzakirəyə
təqdim olunan "Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq
haqqında" Müqavilənin təsdiq edilməsi və
"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya
Federasiyası Hökuməti arasında pensiya təminatı
sahəsində vətəndaşların
hüquqlarının zəmanətləri haqqında"
Sazişin təsdiq edilməsi barədə" qanunun ləğv
edilməsi haqqında qanun layihəsi vətəndaşların
pensiya təminatı sahəsində beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi prosesinin davamıdır.
Azərbaycanla Rusiya arasında 1999-cu ildə pensiya təminatı
sahəsində əməkdaşlıq sazişi imzalansa da, bu
sənədin tətbiqi mümkün olmayıb. Bu baxımdan Azərbaycan
Hökuməti və Rusiya Hökuməti arasında 26 aprel
2022-ci il tarixdə Bakıda
imzalanmış pensiya təminatı sahəsində yeni əməkdaşlıq
müqaviləsi hər iki dövlətin ərazisində əmək
miqrantı kimi çalışan şəxslərin pensiya
hüququ müdafiəsini gücləndirəcək.
Komitə sədri "Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində
əməkdaşlıq haqqında" Müqavilənin Rusiya
Federasiyasında əmək fəaliyyəti ilə məşğul
olan vətəndaşlarımızın pensiya hüququnun
yaranması və pensiya məbləğinin yüksəlməsi
imkanları barədə məlumat verib.
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva
sazişlə bağlı komitənin müsbət rəyini səsləndirdikdən
sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Mahir Abbaszadə "Azərbaycan Respublikası
Hökuməti ilə Litva Respublikası Hökuməti
arasında beynəlxalq avtomobil daşımaları
haqqında" Sazişin təsdiq edilməsi barədə
qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, Azərbaycanla
Litva arasında beynəlxalq avtomobil daşımaları
haqqında 2022-ci il mayın 18-də
Bakı şəhərində imzalanmış saziş tərəflərin
dövlətlərinin əraziləri arasında və ya
dövlətlərinin ərazilərindən tranzit keçməklə
beynəlxalq avtomobil daşımalarının sadələşdirilməsi
və inkişaf etdirilməsi üçün bağlanıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva
sazişlə bağlı komitənin müsbət rəyini
bildirib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki,
gündəliyin növbəti 4 məsələsi cənab
Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və
mahiyyətcə bir-birinə yaxındır. Qanun layihələrinin beynəlxalq
konvensiyanın müddəalarının milli qanunvericiliyə
implementasiyası ilə bağlı olduğunu və
uyğunlaşdırma xarakteri daşıdığını bildirən spiker ona görə
də bu layihələrin bir oxunuşda qəbul ediləcəyini
deyib. Əvvəlcə qanun layihələrinin təqdimatlarının
keçirilməsi, müzakirələrinin birgə
aparılması və sonra ayrı-ayrılıqda səsə
qoyulması qərara alınıb.
Gündəliyin
6-cı, 7-ci və 9-cu məsələləri - Mülki Məcəllədə,
Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində,
Cinayət Məcəlləsində, Cinayət Prosessual Məcəlləsində,
Cəzaların İcrası Məcəlləsində və
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsi, o cümlədən "Məhkəmələr və
hakimlər haqqında", "Əməliyyat-axtarış
fəaliyyəti haqqında", "Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında", "Dövlət rüsumu haqqında",
"Əmək pensiyaları haqqında", "Ədliyyə
orqanlarında qulluqkeçmə haqqında", "Bədən
tərbiyəsi və idman haqqında", "Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında",
"Dəniz limanları haqqında", "Məktəbəqədər
təhsil haqqında", "Peşə təhsili
haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə qanun layihəsi, həmçinin "Yol hərəkəti
haqqında", "Prokurorluq haqqında", "Vəkillər
və vəkillik fəaliyyəti haqqında", "Notariat
haqqında", "Yetkinlik yaşına çatmayanların
baxımsızlığının və hüquq
pozuntularının profilaktikası haqqında",
"İnformasiya əldə etmək haqqında",
"Biometrik informasiya haqqında", "Fərdi məlumatlar
haqqında", "Fövqəladə hallar orqanlarında
xidmətkeçmə haqqında" və
"Uşaqların zərərli informasiyadan qorunması
haqqında" qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihələri barədə Milli Məclis Sədrinin
birinci müavini, Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat
verib. Bildirib ki, bu qanun layihələri BMT-nin
"Əlilliyi olan şəxslərin hüquqları
haqqında" Konvensiyasının ratifikasiyası ilə əlaqədar
olaraq milli qanunvericiliyin həmin konvensiyaya
uyğunlaşdırılması tələbinin yerinə
yetirilməsi məqsədi ilə hazırlanıb.
Qeyd olunub ki, faktiki olaraq konvensiyanın bu müddəaları
sahəvi qanun olan "Əlilliyi olan şəxslərin
hüquqları haqqında" qanunda öz əksini tapıb. Amma
konvensiyanın tələblərinə əsasən, bu
qanunlar paketinin qəbulu milli qanunvericiliyin tam olaraq bu
konvensiyanın prinsiplərə uyğunlaşdırılması
prosesini tamamlayır.
8-ci məsələ
- 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunla təsdiq
edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə,
1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunla təsdiq
edilmiş "Hərbi xidmətkeçmə haqqında
Əsasnamə"də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli
Qanunla təsdiq edilmiş "Gömrük orqanlarında xidmət
haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli
168-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə
haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr
tarixli 930-IIIQ nömrəli Qanunla təsdiq edilmiş
"Miqrasiya orqanlarında qulluqkeçmə haqqında
Əsasnamə"də dəyişiklik edilməsi barədə
qanun layihəsi ilə bağlı Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsinin üzvü Arzu Nağıyev məlumat verib. Qeyd
edib ki, qanun layihəsi BMT-nin "Əlilliyi olan şəxslərin
hüquqları haqqında" Konvensiyasının
ratifikasiyası ilə əlaqədar olaraq Azərbaycan
hökumətinin üzərinə götürdüyü
öhdəliklərin, xüsusilə də milli qanunvericiliyin
həmin konvensiyaya uyğunlaşdırılması tələbinin
yerinə yetirilməsi məqsədi ilə hazırlanıb. Konvensiyanın sosial modelinin tələblərinə
uyğun olaraq əlilliyi olan şəxslərə
qarşı alçaldıcı və təhqiredici söz və
ifadələrin neytral, mənfi təsəvvürlər
yaratmayan sözlərlə əvəz edilməsi məqsədi
ilə layihədə bu dəyişikliklər təklif edilib.
Milli Məclis
Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri
Adil Əliyevin, Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynovanın, Elm və təhsil
komitəsinin sədri Bəxtiyar Əliyevin, Əmək və
sosial siyasət komitəsinin sədri Musa Quliyevin, İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin
müavini Əli Məsimlinin, İnsan hüquqları komitəsi
sədrinin müavini Tahir Kərimlinin təmsil etdikləri
komitələrin sənədlərlə bağlı müsbət rəyləri
dinlənildikdən sonra qanun layihələri
ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Milli Məclisin Sədri bildirib ki, gündəliyin
növbəti 4 məsələsi üçüncü
oxunuşda olan qanun layihələridir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədr müavini Əli Məsimli Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsi (üçüncü
oxunuş) barədə məlumat verib.
Bildirilib ki, layihə özəl
baytarlıq xidməti fəaliyyəti ilə məşğul
olan hüquqi şəxslərin və fərdi baytarlıq
xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin
vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə
hazırlanıb. Sənədə əsasən
özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi,
fərdi baytarlıq xidməti praktikası ilə məşğul
olan fiziki şəxslərin isə sadələşdirilmiş
vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə
cəlb edilməsi təklif olunur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul
edilib.
Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin
üzvü Nizami Səfərov Azərbaycan
Respublikasının Mülki Məcəlləsində,
Miqrasiya Məcəlləsində, "Yanğın təhlükəsizliyi
haqqında", "Yerin təki haqqında",
"Balıqçılıq haqqında", "Texniki təhlükəsizlik
haqqında", "Atmosfer havasının mühafizəsi
haqqında", "Tütün və tütün məmulatı
haqqında", "Telekommunikasiya haqqında",
"Damazlıq heyvandarlıq haqqında", "Təbii
müalicə ehtiyatları,
müalicə-sağlamlaşdırma yerləri və kurortlar
haqqında", "Pambıqçılıq
haqqında" və "Əqli mülkiyyət
hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında" qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihəsini (üçüncü oxunuş) təqdim
edib. Bildirilib ki, qanun layihəsi iki oxunuşda qəbul
edilib. Mətnlərdə hər hansı dəyişiklik
edilməyib. Qanun layihəsi
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" qanuna uyğun olaraq hazırlanıb.
Layihə
ilə bağlı Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin, Sadiq Qurbanov
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Əli
Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin,
Tahir Rzayev Aqrar siyasət komitəsinin, Fazil Mustafa Mədəniyyət
komitəsinin müsbət rəylərini diqqətə
çatdırıblar.
Qanun layihəsi üçüncü oxunuşda qəbul
olunub.
Əmək və sosial siyasət komitəsinin sədr
müavini Məlahət İbrahimqızı "Dövlət
sosial sığorta sistemində fərdi uçot
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə qanun layihəsini
(üçüncü oxunuş) təqdim edib. Bildirib ki,
layihə sığortaolunanların qanunvericilikdə nəzərdə
tutulan sosial müdafiə hüquqlarının təminatı
üçün zəruri məlumatların fərdi
uçotunun təşkili ilə bağlı tənzimləmənin
təkmilləşdirilməsi məqsədilə
hazırlanıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul
edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədr müavini Əli Məsimli "Daşınar əmlakın
yüklülüyü haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
qanun layihəsini (üçüncü oxunuş) diqqətə
çatdırıb. Bildirib ki, sənəd "Sosial sığorta
haqqında" qanunda dəyişiklik edilməsi barədə"
və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında" 2018-ci il 30 noyabr
tarixli qanunlara uyğun olaraq hazırlanıb və
uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihəsi üçüncü oxunuşda qəbul
olunub.
Parlamentin Sədri Sahibə Qafarova diqqətə
çatdırıb ki, gündəliyin növbəti iki məsələsi
Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə
daxil olub.
Birinci oxunuşda müzakirəyə təqdim olunan bu qanun layihələri
mahiyyətcə bir-birinə yaxındır.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədr müavini Əli Məsimli "İcbari
sığortalar haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat
verib.
Bildirilib ki, ölkədə sığorta sektorunun
inkişafının əsas strateji istiqamətlərindən
biri də
aparılan əməliyyatların rəqəmsallaşmasının
həyata keçirilməsi ilə sığorta
bazarının yeni biznes modellər və müasir xidmət təcrübələrinə
uyğunlaşdırılmasıdır. Qeyd
edilib ki, hazırda qüvvədə olan "İcbari
sığortalar haqqında" qanunun mövcud redaksiyasına
görə yalnız avtomobil nəqliyyatı vasitələrinə
münasibətdə bağlanan icbari sığorta müqavilələri
elektron sənəd formasında bağlanılır. Qanunla tənzimlənən daşınmaz əmlakın
icbari sığortası, daşınmaz əmlakın
istismarı ilə bağlı mülki məsuliyyətin
icbari sığortası və sərnişinlərin icbari fərdi
qəza sığortası üzrə sığorta
müqavilələri isə kağız formasında
bağlanılır. Müqavilələrin
kağız formasında bağlanılması bəzi hallarda
bir sıra problemlərin yaranmasına səbəb olur. Eyni zamanda layihədə hadisə
iştirakçıları tərəfindən doldurulan yol-nəqliyyat
hadisələri barədə protokolun elektron formada tətbiq
edilməsi imkanı da həmin protokola elektron
çıxış imkanlarının yaradılmasını
nəzərdə tutur.
Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin
üzvü Nurlan Həsənov isə "Yol hərəkəti
haqqında", "Notariat haqqında" və
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci
oxunuş) haqqında məlumat verib. Bildirilib ki,
layihə icbari sığorta informasiya sistemi ilə bir sıra
dövlət orqanlarının informasiya sistemlərinin
inteqrasiyasını nəzərdə tutur. Bu isə vətəndaş məmnunluğunun
artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına,
eyni zamanda sui-istifadə hallarının
qarşısının alınmasına xidmət edəcək.
Deputat adları göstərilən qanunlar
üzrə təklif olunan dəyişiklikləri nəzərə
çatdırıb.
Bu qanun
layihəsinə dair İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin rəyini bildirən deputat Əli Məsimli
qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər
"İcbari sığortalar haqqında" qanuna təklif
olunan dəyişikliklərə uyğunlaşdırılma
xarakteri daşıyır.
Sonra təqdim olunan son iki qanun layihəsi
ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul
edilib.
İclasda deputat Fəzail Ağamalı
çıxış edərək ölkə Prezidentinin təşəbbüsü
və rəhbərliyi altında yaradılmış
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin
Bakı Konfransını yüksək qiymətləndirib. Qeyd edib ki,
eyni zamanda Gənclər Şəbəkəsinin də
yaxın vaxtlarda toplantısının keçirilməsi nəzərdə
tutulur. Bu da çox ciddi bir təşəbbüsdür.
Deputat bildirib ki, Milli Məclisin Sədri Sahibə
Qafarovanın uzunmüddətli parlament təcrübəsi,
beynəlxalq təşkilatlarda fəaliyyəti onu deməyə
əsas verir ki, spikerin Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin sədri seçilməsi
qurumun işinin yüksək səviyyədə həyata
keçirilməsinə, Azərbaycan parlament təcrübəsinin
dünyada yayılmasına töhfə verəcək.
Çıxışının
davamında Fəzail Ağamalı son günlər kütləvi
informasiya vasitələrində vaxtilə Xəzər dənizini
hasarlamış ayrı-ayrı iş adamlarının qanunsuz
hərəkətlərinə qarşı Bakı Şəhər
İcra Hakimiyyətinin həyata keçirdiyi tədbirlər
barədə yayılan məlumatlardan bəhs edib. O, Bakı
Şəhər İcra Hakimiyyətinin xalqın maraqlarına
xidmət edən bu addımını yüksək qiymətləndirib
və bunun davamlı olmasının vacibliyindən
danışıb.
Gündəlikdəki məsələlərin qəbulundan sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, həm iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatdı. Növbədənkənar sessiya dövründə Milli Məclisin 5 iclası keçirilib, 38 qanun və 6 qərar qəbul edilib. Spiker bu qanunvericilik aktlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə xidmət edəcəyinə əminliyini ifadə edib.
Parlamentin Sədri bildirib ki, növbədənkənar sessiya dövründə qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb. O, həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlərin gələn sessiyanın uğurlarına da möhkəm zəmin yaratdığına inamını bildirib. Spiker səmərəli fəaliyyət üçün deputatlara təşəkkürünü çatdırıb.
Qeyd olunub ki, sessiyanın başa çatması gözəl bir bayram ərəfəsinə təsadüf edir. Xalqımız dünya müsəlmanlarını mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən müqəddəs Qurban bayramını qeyd edəcəkdir.
Sahibə Qafarova bayram münasibəti ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbriklərini çatdırıb, onlara dəyərli fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Spiker xalqımızı, deputatları və iclasda iştirak edən media nümayəndələrini də Qurban bayramı münasibətilə təbrik edib və Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib.
İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2022.- 9 iyul.- S.2-3.