Ermənistan postmüharibə dövrünün reallıqlarını qəbul etməlidir

 

 

Əks təqdirdə Azərbaycanın "dəmir yumruğ"u işğalçının başını yenidən əzməli olacaq

 

 

Azərbaycan 44 günlük Vətən müharibəsi sayəsində Dağlıq Qarabağ münaqişəsini birdəfəlik həll edib və artıq beynəlxalq aləm də bu reallığı qəbul edib.

Buna görədir ki, rəsmi Bakının qalib tərəf olaraq postmünaqişə dövründə müəyyənləşdirdiyi bütün diplomatik danışıqların gündəliyi də aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Cənubi Qafqazda məhz Azərbaycanın sülhün qarantı olduğu danılmaz faktdır.

Azərbaycanın 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatları ilə qazandığı diplomatik uğurlar ötən ilin dekabrında Avropa İttifaqının vasitəçiliyi ilə başlayan "Brüssel prosesi" ilə davam edib və üçtərəfli bəyanatlarda nəzərdə tutulan məsələlərin real müstəvidə həll olunması üçün dövlət rəhbərləri səviyyəsində görüşlər keçirilib, danışıqlar aparılıb. O da faktdır ki, Ermənistan 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda əks olunmuş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəlikləri pozmağa yönəlik davranışlar sərgiləyir. Belə ki, kommunikasiyaların açılmasını,  sərhədlərin delimitasiyasını yubadır, Birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar barədə məlumat verməkdən yayınır və digər bu kimi öhdəlikləri pozur.

Amma işğalçı Ermənistan da artıq anlayır ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələblərini qeyd-şərtsiz yerinə yetirməyə məhkumdur və  bölgədə sülhə mane olacaq bu cür uğursuz cəhdlər etməsi yersizdir.

 

 

 

Ağılsız davranışları Ermənistana baha başa gələ bilər

 

 

Bölgədə əbədi sülhün var olması üçün diplomatik müstəvidə aparılan danışıqlar ərəfəsində Ermənistan tərəfi yenə də öz bədnam və çirkin xislətini nümayiş etdirməkdən əl çəkmir. Ermənistan rəhbərliyinin son günlərdəki davranışı, əsassız "status" iddiaları və Zəngəzur dəhlizinin açılması istiqamətindəki fəaliyyətsizliyi, eyni zamanda Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində ordumuzun mövqelərini mütəmadi atəşə tutması bunun bariz nümunələridir.

10 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun qarşısında diz çökərək məğlubiyyət aktına imza atmağa məcbur olan Ermənistanın bu davranışı isə onun rəhbərliyinin ağılsızlığından irəli gəlir və ölkə üçün acı və ağır nəticələr doğura bilər.

Müzəffər Ali Baş Komandan kimi 26 İyun Silahlı Qüvvələr Günündə Şərqi Zəngəzura səfəri zamanı İlham Əliyev bir daha işğalçı Ermənistana və revanşist qüvvələrə  xəbərdarlıq etdi ki, heç kim Azərbaycanın qabağında dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir: "Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın".

 

 

 

Azərbaycan Ordusu gücünə güc qatıb

 

 

Kəlbəcərdəki komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə Müzəffər Ali Baş Komandan bir daha vurğuladı ki, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Ermənilər hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər.

Hadrutdan sonra Kəlbəcərdə komando tipli hərbi hissənin yaradılması təbii ki, Azərbaycanın Vətən müharibəsindən sonra ordu quruculuğunu daha da gücləndirdiyinin əyani sübutudur. Komando qüvvələri digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Vətən müharibəsindən sonra Azərbaycan Ordusu gücünə güc qatıb. Həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərindən ordumuzun inkişafı üçün ciddi addımlar atılıb. Qarşıda da bu istiqamətdə görüləcək mühüm işlər var. Yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və bundan sonra da gətiriləcək. Ermənistanla sərhəddə mövqelərimiz möhkəmlənib və daha da möhkəmlənəcəkdir.

Ali Baş Komandan hərbçilər qarşısındakı çıxışında bir daha bəyan etdi ki, Azərbaycan müharibə istəmir və heç vaxt da istəməyib. Ölkəmiz istəyir ki, bizim maraqlarımız təmin olunsun, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin: "Deyə bilərəm ki, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətlərini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir".

Prezident İlham Əliyevin haqlı olaraq bəyan etdiyi kimi, əgər Ermənistan üçtərəfli bəyanatlarla üzərinə düşən öhdəliklərini yerinə yetirməsə, sülh haqqında danışmaq çətin olacaq. Nəticədə məğlub ölkənin bədnam əməlləri yenə də onu "dəmir yumruğ"un zərbəsini almağa gətirib çıxarda bilər.

 

 Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 9 iyul.- S.2.