Diaspor quruculuğu  yeni tarixi mərhələdədir

 

 

Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, mürəkkəb mərhələlərdən keçərək təkmilləşmiş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində mühüm rol oynamışdır.

Qloballaşan dünyada ayrı-ayrı xalqların, dövlətlərin sülh, əmin-amanlıq, tərəqqi məqsədi ilə yaxınlaşdığı, habelə bəşər sivilizasiyasının yeni mənəvi dəyərlər, humanizm çalarları ilə zənginləşdiyi, mədəniyyətlərarası dialoqun, etnomədəni müxtəlifliyin qorunmasının zərurətə çevrildiyi bir vaxtda milli özünüdərkin təsdiqi, insanların öz kökünə bağlılığı getdikcə daha böyük əhəmiyyət daşıyır. Vətənə bağlılıq duyğuları təkcə insanın doğulduğu coğrafi ərazi ilə şərtlənmir, o, eyni zamanda hər bir fərdin şəxsiyyət olaraq formalaşmasını, dünyaya münasibətini əsaslandıran, başlıca meyarları müəyyənləşdirən birləşdirici amil kimi çıxış edir.

Bütün bu gerçəkliklər fonunda əminliklə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, xalqımızın siyasi-iqtisadi və mədəni tərəqqisi baxımından son dərəcə vacibdir. Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal uğrunda birləşməsi, həmrəylik nümayiş etdirməsi tarixi missiya, dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçünsə ilk növbədə dünyanın müxtəlif ölkələrində, tarixi Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında fikir, əməl birliyinin yaradılması, möhkəmləndirilməsi son dərəcə zəruridir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətə başlamasının 20-ci ildönümü tamam oldu. Bu qurum Ulu Öndər Heydər Əliyevin müvafiq fərmanı ilə 5 iyul 2002-ci ildə yaradılmışdır. Komitənin təsis edilməsi dövlət müstəqilliyi tariximizdə mühüm yer tutur. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə diaspor quruculuğu sahəsində əldə etdiyimiz nailiyyətlərdə bu təşkilatın fəaliyyətinin də xüsusi rolu var.

 

 

 

Diaspor quruculuğunun banisi

 

 

Azərbaycanda diaspor quruculuğunun banisi Ulu Öndər Heydər Əliyevdir. Dövlət müstəqilliyinə nail olduğumuz dövrə qədər də xalqımızın təmsilçiləri dünyanın müxtəlif ölkələrində yaşayırdılar, amma onların diaspor quruculuğu imkanları məhdud olmuşdur. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində isə sərhədlərin açılmasından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın sayı daha da artmış, amma diaspor fəaliyyəti yenə də sistemli, koordinasiyalı şəkildə təşkil olunmamışdır. Bu sahədə müəyyən zaman itkisinə yol verilmişdir. Bunun ziyanını isə erməni lobbisinin və ermənipərəst qüvvələrin Azərbaycan ətrafında qurduqları informasiya blokadası zamanı hər birimiz hiss etdik.

Zaman o zaman idi ki, müstəqilliyini yenicə qazanmış, qonşu Ermənistan və onun havadarları tərəfindən işğala məruz qalmış, bütün çətinliklərə rəğmən müstəqil dövlət kimi gələcəyə doğru irəliləməyə qərar vermiş Azərbaycanın dünyada tanınmağa, öz tarixi həqiqətlərini, iqtisadi potensialını, resurslarını, mədəni sərvətlərini təqdim etməyə ehtiyacı vardı.

Baş verən qlobal siyasi hadisələr, ədalətsiz müharibəyə məruz qalmağımız, ölkəmizə və xalqımıza qarşı məkrli siyasi, ideoloji, hərbi təxribatlar planının bütün vasitələrlə hərəkətə gətirilməsi, 20 Yanvar, Xocalı soyqırımları, torpaqlarımızın 20 faizinin işğalı, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi xaricdəki həmvətənlərimizin ictimai fəallığını artırırdı. Bununla belə, bu ictimai fəaliyyətin düzgün istiqamətdə və sistemli qaydada yönəldilməsinə böyük tələb vardı. Xarici ölkələrdə yaşayan soydaşlarımız vətənpərvərlik hissi ilə Azərbaycan üçün nələrsə etmək istəyirdilər. Amma onların birgə fəaliyyəti hələ məhdud dərnəkçilik səviyyəsində idi. Bu çərçivədən çıxaraq milli-siyasi yöndə təşkilatlanmağa isə böyük ehtiyac görünürdü.

Ona görə də 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Heydər Əliyev diaspor quruculuğu işinə mühüm prioritet kimi yanaşdı. Müxtəlif ölkələrə çoxsaylı xarici səfərləri zamanı vaxtının məhdudluğuna baxmayaraq, mütləq Azərbaycan diasporunun təmsilçiləri ilə də görüşürdü. Onlarla səmimi söhbətlər aparır, dünya azərbaycanlılarını bir araya gətirməklə soydaşlarımızın milli həmrəyliyinə, özünüdərkinə, tarixi Vətənə bağlılıq hissinin gücləndirilməsinə çalışırdı. Eyni zamanda dünyada yaşayan azərbaycanlıların timsalında ölkə sərhədlərindən kənarda Azərbaycanın mənafelərini müdafiə edən böyük bir qüvvə formalaşdırırdı.

 

 

 

Fikirdə, əməldə birlik

 

 

 

Ulu Öndər Heydər Əliyev bilirdi ki, diaspor işində insanların təşkilatlanması, icma təfəkkürünün formalaşması, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətənin dəstəyini hiss etmələri çox mühümdür. Ümummilli Lider dünya azərbaycanlılarını fikirdə, əməldə birliyə, vəhdətə çağırırdı.

Diasporlobbi quruculuğuna göstərilən xüsusi diqqət böyük rəhbərin yüksək diplomatik və peşəkar siyasətçi keyfiyyətlərindən qaynaqlanırdı. Ümummilli Liderin böyüklüyü həm də onun bütün idarəçiliyi boyu xalqın milli mənlik şüurunu, özünüdərk hissinin, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyev bütün ömrünü Azərbaycan üçün yaşamışdı - bu xariqüladə şəxsiyyət həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdi. İstər sovet dövrü olsun, istərsə də müstəqillik illəri, fərqi yox idi - Heydər Əliyev hər zaman və hər yerdə Vətən üçün çalışır, həyatının ən böyük qayəsini milliliyin, həmrəyliyin qorunub saxlanmasında görürdü.

Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da böyük rəhbərin xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Şübhəsiz, bu mütəşəkkilliyi, birliyi yalnız vahid ideya, məqsəd prinsip ətrafında təmin etmək olardı. Heydər Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü azərbaycançılıq ideyası milli diasporun formalaşmasına ciddi ideoloji-siyasi və mənəvi zəmin yaratdı. Bu ideya möhkəm dayağa çevrilərək Azərbaycan diasporunun təşkili işini sürətləndirdi, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən formalaşmasını stimullaşdırdı. Ümummilli Lider dövlətin təkcə öz ərazisində yaşayanlar üçün deyil, həm də bütün dünyadakı azərbaycanlılar üçün çalışmalı olduğunu özünün əsas qayəsinə çevirdi.

Ulu Öndər bütün dövrlərdə milli dövlət quruculuğunun, dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində əməli görmək və fəaliyyətini milli mənafe kontekstində qurmaq üçün var gücü ilə çalışır, xalqımızı da bu yöndə səfərbər etməyə çağırırdı. Heydər Əliyevin idarəçilik fəlsəfəsinə görə, azərbaycançılıq məhz bu istinad nöqtəsindən başlayır. Çünki milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə ötürməyin ən mükəmməl forması milli dövlətçilikdir. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir.

Soydaşlarımızla görüşlərinin birində böyük rəhbər deyirdi: "...Mən demirəm ki, 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər... Mən Azərbaycanın Prezidenti kimi, xalqımızın mənə göstərdiyi etimada güvənərək respublikamıza rəhbərlik edən bir şəxs kimi bu gün deyirəm: Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti rəhni birlikdirbütün dünyada da soydaşlarımızın bir olması vacibdir".

Bir mühüm amilvar ki, insanlar, adətən, inanıb güvəndikləri şəxsiyyət ətrafında bir araya gəlirlər. Onun verdiyi istiqamətlə konkret hədəflərə doğru irəliləyirlər. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyət rəhbərliyinə qayıdışı və qısa müddətdə dövlət quruculuğu yönündə yaratdığı tarixi nailiyyətlərlə təkcə Azərbaycan vətəndaşları üçün ümid çırağı olmadı. Eyni zamanda dünya azərbaycanlıları üçün Vətənin gələcəyinə böyük ümidlər yaratdı. Həm ölkə daxilində, həm ölkə xaricində yaşayan soydaşlarımız arasında milli Azərbaycan dövlətçiliyinin varlığına və gələcəyinə sarsılmaz inam formalaşdırdı. İnsanları bu möhtəşəm gələcəyin birgə yaradılmasına cəlb etdi.

 

 

 

Tarixi qurultay

 

 

Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq, Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsinə qərar verildi. Ümummilli Lider Heydər Əliyevin bununla bağlı 2001-ci il 23 may tarixli sərəncamı çox mühüm tarixi addım idi. Müvafiq sərəncam əsasında 2001-ci ilin 9-10 noyabrında Bakıda Dünya Azərbaycanlılarının ilk qurultayı keçirildi. Qurultayda 36 ölkədən 200-dən çox təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak edirdi. Dünya Azərbaycanlılarının I Qurultayı möhtəşəm bir tədbir kimi tarixə yazıldı. Bu həm də xarici ölkələrdə yaşayan soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük nəticələr verdi. Xaricdəki həmvətənlərimizlə sistemli işin, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsinin təşkili məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası da elə bu qurultayda irəli sürüldü. Ulu Öndər Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu zəmində meydana gəldi.

 

 

 

Mühüm nailiyyətlər

 

 

Diasporla İş üzrə Dövlət Komitəsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli çağlarını yaşayan Azərbaycanın nailiyyətlərinə töhfələrini verməyə çalışır. Azərbaycan Prezidenti Ulu Öndərin milli inkişaf strategiyasını bu istiqamətdə də uğurla davaminkişaf etdirməkdədir. Müasir dünyamızın reallıqlarına, yeni vəziyyətlərə uyğun olaraq diaspor quruculuğu istiqamətində mühüm addımlar atılır.

Dövlət rəhbərimizin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması da bu addımlardan biridir. Fond ötən illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsinə və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib.

2020-ci ildə Nazirlər Kabineti tərəfindən "Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası" təsdiq olunub. Komitə ilə rahat əlaqə üçün müasir informasiya texnologiyalarının tətbiqinə başlanıb, qurum "Elektron hökumət" portalına inteqrasiya olunub.

Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və Azərbaycan evlərinin açılması sahəsində də çox ciddi nailiyyətlər var. Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə yaradılmış 18 Azərbaycan Evi fəaliyyətdədir. COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, eləcə də Ukraynada baş verən hadisələrə görə soydaşlarımızın təxliyəsi zamanı Azərbaycan evlərinin nə qədər böyük əhəmiyyət daşıdığını hər birimiz gördük. Həmvətənlərimiz həmin çətin vəziyyətlərdə məhz Azərbaycan evlərinə üz tutdular. Onlara lazımi kömək göstərildi.

Azərbaycana bağlılıq hissinin, icma təfəkkürünün xarici ölkələrdəki azərbaycanlı ailələrində böyüyən gənc nəslə ötürülməsi də çox əhəmiyyətli məsələdir. Bunu nəzərə alaraq diaspor gənclərinin fəallığının artırılması, xaricdəki gənclərimizin milli kimliyinin qorunub saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Diaspor Gəncləri şəbəkəsi də formalaşdırılıb.

Diaspor quruculuğu fəaliyyətində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə "Qarabağ" adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirməkdədir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən "Qarabağ məktəbi"ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır. 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış "Azərbaycan dili" dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib.

 

 

 

Dövlət-diaspor əməkdaşlığı

 

 

Azərbaycan və Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş Şuşa Bəyannaməsinə uyğun olaraq, Azərbaycan və türk diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi önəm verilir. Qloballaşan dünyamızda iki qardaş ölkənin bu sahədə də bir-birinə dəstək olması, ümumi hədəflərə doğru birlikdə irəliləməsi çox mühümdür. Azərbaycan və Türkiyə arasındakı "bir millət - iki dövlət" formulu diaspor fəaliyyətində də özünü doğruldur və xalqlarımızın burliyini daha da möhkəmləndirir.

Azərbaycan diasporunun birliyinə nail olmaqsistemli işin təşkili məqsədilə 2019-2023-cü illər üzrə Strateji Yol Xəritəsi hazırlanıb. Məhz vahid ideyamaraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün davamlı fəaliyyət göstərilməkdədir. Bu işlərin sistemli qaydada təşkil olunduğuna istər koronavirus pandemiyası dövründə, istərsə də Vətən müharibəsi dönəmində hər birimiz şahid olduq.

COVID-19 pandemiyası zamanı Dövlət Komitəsi tərəfindən 24/7 rejimində fəaliyyət göstərən qərargah yaradıldı. Azərbaycanlıların Koordinasiya Şuraları və Azərbaycan evləri gücləndirilmiş rejimdə fəaliyyət göstərdilər. Pandemiya dövründə təkcə Dövlət Komitəsinin qaynar xəttinə 18 minə yaxın zəng, Azərbaycan evlərinə, Koordinasiya Şuralarına ümumilikdə 51 ölkədən 9 minə yaxın müraciət daxil olub, 33 ölkə üzrə 6857 nəfər soydaşımıza maddi yardım edilib, sərhədlərin qapanması ilə əlaqədar azərbaycanlıların təxliyəsinə dəstək göstərilib.

Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması üçün mütəmadi olaraq mitinq və aksiyaların təşkili də diaspor fəaliyyətində xüsusi yer tutur. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində, 2020-ci ilin "Tovuz hadisələri"  Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə soydaşımızın iştirak etdiyi 300-dən artıq aksiya keçirilib. Bütün bunlar Azərbaycanın informasiya müharibəsində də qələbəsinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Dünyamız hər nə qədər qloballaşsa da, dövlətlər, xalqlar arasındakı fərqlər ortadan götürülsə də, insanlar yenə də hansısa toplumun təmsilçiləri kimi dünyaya gəlir, özlərini hansısa tarixi məkanlara mənəvi cəhətdən bağlı sanırlar. İnsanın bu duyğusunu dünyanın xoşbəxtliyi, xalqların milli-mənəvi dəyərlərinin, mədəni irsinin qorunması naminə nəcib məqsədlərə doğru yönəltmək bəşəriyyətin ali missiyasıdır. Azərbaycanın diaspor quruculuğu istiqamətində həyata keçirdiyi fəaliyyət də bu missiyaya xidmət edir.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2022.- 9 iyul.- S.6.