"Bakıya SOCAR-ın tərəfdaşı kimi gəlirik..."

 

 

Azərbaycan və Özbəkistan neftçiləri indi daha sıx əməkdaşlıq edəcəklər

 

 

 

Azərbaycan və Özbəkistan neftçilərini mehriban dostluq və faydalı əməkdaşlıq  telləri birləşdirir. Son zamanlar bu münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə Prezident İlham Əliyevin bu ilin iyun ayında Özbəkistana rəsmi səfərindən sonra hər iki ölkənin neftçiləri qarşısında yeni əməkdaşlıq perspektivləri açılıb.

Dövlət başçısının tapşırıqlarının yerinə yetirilməsi məqsədilə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəfin rəhbərliyi ilə nümayəndə heyətinin cari ilin iyul ayında Özbəkistanda səfərdə olması bunun əyani təsdiqidir.

Səfər zamanı SOCAR-ın nümayəndə heyəti "Özbəkneftqaz" Səhmdar Cəmiyyətinin tərkibində fəaliyyət göstərən Modelləşdirmə Mərkəzində, həmçinin İstehsalDispetçer İdarəetməsi Mərkəzində olub. Azərbaycandan gələn qonaqlara mərkəzlərin fəaliyyət istiqamətləri və tətbiq olunan yeniliklər haqqında məlumat verilib. "Özbəkneftqaz"ın İdarə Heyətinin sədri Mehriddin Abdullayevlə görüşdə iki şirkət arasında  əməkdaşlığın perspektivləri, təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Xatırladaq ki,  Özbəkistanın  iqtisadiyyatında  neft-qaz sektorunun  xüsusi yeri var. İndiyədək  ölkənin ərazisində onlarca neftqaz yatağı aşkar edilib. Bu yataqların arasında onilliklərdir istismar edilənlər də, təzə kəşf olunanlar da var. Yataqların bəziləri özbək mütəxəssislər tərəfindən, bəziləri xarici şirkətlərlə birgə işlənir. Respublikada, eləcə də neftin və qazın emalı ilə məşğul olan müəssisələrin geniş şəbəkəsi fəaliyyət göstərir. Odur ki, "Özbəkneftqaz" genişmiqyaslı aparır. Onun fəaliyyətinə karbohidrogenlərin hasilatı, emalı və satışı daxildir. Cəmiyyət, eləcə də təbii qazın nəqli - idxalı və ixracını həyata keçirir. Qazın saxlanması və əhaliyə çatdırılması da "Özbəkneftqaz"ın üzərinə düşür. Bu, dinamik inkişaf edərək ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verən müasir şirkətdir. "Özbəkneftqaz" respublikanın büdcəsinə ən çox vergi ödəyən şirkətlər arasında ikinci yerdədir.

Özbəkistan, əsasən, qaz yataqları ilə tanınır. Ən zəngin mavi yanacaq mənbələrindən biri "Qazlı"dır. Burada az miqdarda neftkondensat ehtiyatları da mövcuddur. Neft-qaz emalı sahəsinə gəldikdə isə, Şurtan, Mübarək, Üstyurd, Buxaradakı qaz-kimya komplekslərini, qaz emalı zavodlarını misal göstərmək olar. Bunlar böyük layihə gücü olan müəssisələrdir.

Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında dost ölkənin dövlət başçısı Şavkat Mirziyoyev demişdir: "Fikrimcə, bizim ümumi səylərimiz və daha yaxınlaşma istəyimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında münasibətlər açıq, geniş əhatəli xarakter kəsb edib, ticari-iqtisadi, parlamentlərarası, mədəni-humanitar və regionlararası əməkdaşlıq fəallaşıb. Bir daha demək istəyirəm, budəfəki danışıqlar göstərdi ki, biz xalqlarımızın mənafeyi naminə qarşılıqlı fəaliyyəti bundan sonra da hərtərəfli möhkəmləndirməyə hazırıq… Biz qarşılıqlı fəaliyyətimizi əsaslı şəkildə fəallaşdırmaq barədə razılığa gəldik. Bundan ötrü bizim geniş imkanlarımız, hər şeydən əvvəl iqtisadiyyatlarımızın qarşılıqlı tamamlanması amili var... Kooperasiya layihələrinə xüsusi diqqət yetiriləcək. Bildiyiniz kimi, biz Hacıqabulda avtomobillərin birgə istehsalını uğurla nizamlamışıq. İpəkçilik sahəsində əməkdaşlığı inkişaf etdiririk. Hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihə üzərində işləyirik. Bu məqsədlə artıq cari ildə birgə investisiya fondunu işə salmaq barədə razılığa gəldik".

SOCAR-ın nümayəndə heyətinin Özbəkistana səfəri zamanı "Özbəkneftqaz" Səhmdar Cəmiyyəti ilə  imzalanan əməkdaşlığın genişləndirilməsinə dair "Yol xəritə"si də məhz nəzərdə tutulan işlərin artıq gerçəkləşməyə başladığını göstərir. Bu sənəd neft-qaz sahəsində birgə layihələrin reallaşdırılması və treydinq, neft emalı, neft-kimya sahəsində əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması və bu kimi digər önəmli istiqamətləri əhatə edir. Sənəd, eləcə də "Özbəkneftqaz"ın əməkdaşlarının SOCAR-ın müəssisələrində təcrübə keçmələrini, şirkətlərin mütəxəssisləri arasında mütəmadi görüşlərin təşkilini, birgə işçi alt qruplarının yaradılmasını, rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutur.

Sözügedən səfər çərçivəsində R.Nəcəf Özbəkistanın energetika nazirinin birinci müavini, energetika naziri vəzifəsini müvəqqəti icra edən Azim Axmedxadjayev ilə də görüşüb. Görüşdə SOCAR ilə "Özbəkneftqaz" arasında imzalanan "Yol xəritə"sinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda ölkələrimiz arasında enerji sahəsində əlaqələrin möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

SOCAR nümayəndə heyətinin Daşkənddə həmçinin Özbəkistanın Dövlət Geologiya Komitəsinin rəhbərliyi ilə də görüşü olub. Görüş zamanı geologiya sahəsində əməkdaşlıq və Özbəkistanda həyata keçirilən layihələrdə bizim mütəxəssislərin iştirak imkanlarının araşdırılması məsələləri nəzərdən keçirilib.

Qeyd edək ki, Özbəkistan neftçiləri həmişə azərbaycanlı həmkarları ilə qürur duyur, onların təcrübəsini yüksək qiymətləndirirlər. "Özbəkneftqaz"ın Azərbaycanda keçirilməsi artıq ənənə halını almış Beynəlxalq Xəzər NeftQaz Sərgisində dəfələrlə iştirak etməsi bunu bir daha təsdiqləyir. Özbəkistanın sözügedən şirkəti bu ilin iyun ayında Bakıda keçirilən "Bakı Enerji Həftəsi"nin, o cümlədən 27-ci Xəzər NeftQaz Sərgisinin də fəal iştirakçısı idi. Burada özbək mütəxəssislər Azərbaycanın və bir sıra digər ölkələrin neft-qaz işçiləri ilə sıx təmasda oldular, işgüzar söhbətlər apararaq gələcək uğurlu əməkdaşlığın, tərəfdaşlığın konturlarını müəyyənləşdirdilər.

"Özbəkneftqaz" Səhmdar Cəmiyyətinin Biznesin perspektiv inkişafı departamentinin aparıcı mütəxəssisi Əlyor Abdulacanov onunla birlikdə paytaxtımıza gələn nümayəndə heyətinin fikrini ifadə edərək dedi: "Bizim azərbaycanlı həmkarlarımızla birgə işlərimiz var. Odur ki, bu, sərgidə ilk iştirakımız deyil. Biz  Bakıya SOCAR-ın tərəfdaşı kimi gəlirik!"

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 9 iyul.- S.9.