Dünya Bakıya gəlir

 

 

Gör nə qədər ölkələrin

ali-ali qonaqları

yığışaraq gəlir bizə -

Odlar yurdu ölkəmizə -

Bakı adlı evimizə.

Hamısının bir arzusu,

bir istəyi, niyyəti var:

İstəmirlər Yer üzündə

bir savaş,

müharibə, dava olsun,

təlaş olsun.

İnsan oğlu sülh içində

ömür sürsün,

yaşa dolsun,

xoşbəxt olsun.

Qoşulmama Hərəkatı ölkələri

nümayəndə heyətləri

qarşısına

gül qoyulub

bu tədbirdə.

Yer üzünə, kainata,

hər millətə, hər insana,

hər ölkəyə, hər canlıya

təmənnasız həyat verən,

nəfəs verən

Günəş adlı bir varlığın

 görkəmini əks etdirən

Günəbaxan.

Dördbucaqlı masanın da

ortasında ayrı-ayrı

qitələrdən, ölkələrdən

yaradılmış Yer kürəsi

xəritəsi.

Reallıqda fərqli ikən

hər bir qitə, hər bir ölkə,

başdan-başa bürünübdür

gül-çiçəyə,

bənzəri var bir çələngə.

Diləyimiz budur bizim -  

belə görmək istəyirik

dünya adlı evimizi.

 

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2022.- 9 iyul.- S.9.