Muğamın VIII sehri
Bu
müsabiqədə artıq kiçikyaşlı
ifaçılar da iştirak
edirlər
Həzrət "Bayatı-şiraz" oxuyurdu...
Əslində, oxuyurdu demək bəlkə də yerinə düşməz. Sanki bu balaca ifaçının ruhu dil açmışdı. Məşq zalında olanlar da bu həzin musiqinin sehrinə düşüb durduqları yerdəcə "donub" qalmışdılar. "Musiqi - insanı Tanrı ilə danışdıran dildir", - deyib müdriklər.
Həzrət üzünü göylərə tutub sanki Tanrı ilə danışırdı. Bu söhbəti duyan balabansa nalə çəkib ahu-fəğan edirdi...
Doğru deyiblər ki, musiqi təkcə hissləri ifadə etmir, həm də yeni hisslər yaradır. İnsan səsi ilə musiqi alətlərinin yaratdığı harmoniya qəlbi riqqətə gətirirdi...
Biz Beynəlxalq Muğam Mərkəzində olanda burada canlanmanın şahidi olduq. Bir azdan geniş tamaşaçı auditoriyasına çıxacaq gənc ifaçılar üzərlərində ciddi şəkildə çalışırdılar. Söhbət VIII muğam müsabiqəsinin iştirakçılarından gedir...
Muğama
olan maraq ilbəil artır
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 2005-ci ildən ölkəmizdə Muğam Televiziya Müsabiqəsi keçirilir. Builki müsabiqəyə mayın 10-da start verilib.
Lahiyənin bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Rövnəq Həsənzadə ilə söhbət edirik:
- Bu il respublikamızın müxtəlif şəhər və rayonlarından müsabiqədə iştirak etmək üçün 300 nəfərə yaxın muğam həvəskarı müraciət etmişdi. Təbii ki, bu qədər adamın müsabiqədə iştirakını təmin etmək mümkün deyildi. Biz müsabiqənin qəbul olunmuş şərtləri çərçivəsində iki turdan ibarət seçimlər aparırdıq. İlk turda 74 nəfər seçildi. Son seçimlərdə 18 ifaçı müsabiqədə iştirak etmək imkanı qazandı. Builki müsabiqə əvvəlki illərdəkindən özəlliyi ilə bir qədər fərqlənir. Belə ki, bu il kiçik yaş qrupu üzrə 10 nəfər muğam ifaçısı da müsabiqədə iştirak edir. Müsabiqənin ilk həftələrində xalq mahnıları, təsniflər, zərb muğamları oxunsa da, sonrakı dövrlərdə Azərbaycan muğamının müxtəlif şöbələri ifa edilir. Artıq müsabiqənin doqquzuncu həftəsi keçirilir. Böyük yaş qrupu üzrə 10 nəfər, kiçik yaş qrupu üzrə 5 nəfər müsabiqəni tərk edib. Onu da deyim ki, kiçik yaş qrupu üzrə ifaçılar qəzəl seçimində sərbəst olsalar da, böyük yaş qrupuna aid olanlara qəzəllər tərəfimizdən seçilib verilir. İfaçılar verilən tapşırıq üzrə hazırlaşırlar. Müsabiqənin yekun mərhələsində 3 azyaşlı, 6 nəfər isə böyük yaş qrupu üzrə ifaçı iştirak edəcək. Bura gələnlərin hamısının qalib olmaq arzusu var. Bu da olduqca təbii bir hissdir. Onların istedadlarını nümayiş etdirmək üçün əlimizdən gələni etməyə çalışırıq.
Məşq zalında olanların üzlərində həm həyəcan, həm də inam var idi... Sözsüz ki, sənət yollarında ilk debütünü edən gənc ifaçılarda bu inamı onlarla birlikdə çalışan müəllimlər, musiqiçilər, bir də ki, muğam müsabiqəsinə təşkilatçılıq edən şəxslər yaradıblar.
Muğam müsabiqəsinin keçirildiyi qısa zamanda televiziya ekranlarından tanıdığımız, bənzərsiz ifa tərzi ilə muğamsevərləri öz səsinin sehrinə salmağı bacaran Həzrət Əzizli ilə söhbətləşirik:
- Mən yaranmış imkandan istifadə edib muğam müsabiqəsinin təşkilatçılarına, xalqımızın mədəni irsinin, mənəvi dəyərlərinin qorunub saxlanmasında müstəsna xidməti olan Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Yarışmaya Biləsuvar rayonundan qatılmışam. Əvvəllər məni yalnız öz rayonumuzda tanıyırdılarsa, indi bütün dünyada yaşayan muğam həvəskərları ifamı dinləyirlər. Məqsədim heç də birinci olmaq deyil. Arzum yaxşı ifaçı olmaqdır. Mən burada həm öyrənirəm, həm də bacarığımı nümayiş etdirirəm. Burada musiqiçilər, muğam müsabiqəsinin musiqi rəhbəri Çingiz Abbasov bizə öz doğma övladları kimi qayğı göstərir. Zəhmət çəkib bizi televiziya qarşısında izləyən, bura gəlib vaxtını bizimlə keçirən hər bir tamaşaçıya, zəhmətimizi çəkən hər kəsə təşəkkür edirəm.
Musiqi mənəviyyatla hissiyyat arasında olan vasitədir
Əgər bir millətin xarakterini bilmək istəyirsənsə, o millətin
musiqisini dinlə, - deyib aqillər. Bu gün bu zalda
məşq edənlərin
içindən gələcəyin
tanınmış, Azərbaycanımızı
dünyada təmsil edə biləcək xanəndələrin, muğamımızı
daha da inkişaf
etdirəcək sənətkarların
çıxacağına inanırıq.
Muğam müsabiqəsinin
musiqi rəhbəri, Əməkdar incəsənət
xadimi Cingiz Abbasovla da söhbətimiz
bu barədə oldu:
- İllərdir ki,
muğam müsabiqəsinə
musiqi rəhbərliyi
mənə həvalə
edilir. Muğamımıza, bu qiymətli
mənəvi sərvətimizə
yenidən həyat verilməsində Mehriban xanımın müstəsna
xidməti var. Klassik musiqi, muğam unudulub gedirdi. Yüngül,
bayağı musiqilər
muğamımızı küncə
sıxışdırmışdı.
Ruhumuza yad musiqilər meydan sulayırdı.
Keçirilən muğam müsabiqələri
nəticəsində yeni
nəsil muğam ifaçıları yetişdi.
Bu gün xanəndə
sənəti arasında
şöhrətlənmiş muğam ifaçılarımız
var. Həmin sənətkarların
tanınıb sevilməsində,
uğur qazanmasında
keçirilən muğam
müsabiqələrinin böyük
rolu olub. Gənc ifaçılarımız səhnə
davranışlarını, musiqi ilə ifanın vəhdətini, obraz yaratmaq xüsiyyətlərini burada
öyrəniblər. Bugünkü gənc ifaçıların
sırasında gözəl
səsi, ümidverici gələcəyi olan gənclərimiz var. İnanırıq
ki, onlar milli sərvətimiz olan muğamı yaşadıb, gələcək
nəsillərə ötürəcəklər.
Musiqi rəhbəri Çingiz Abbasov söhbət əsnasında bildirdi ki, həftənin çərşənbə axşamı və cümə axşamı günləri yarışma keçirilsə də, ifaçılar həftənin bütün günləri növbə ilə məşq edirlər. Onlara yalnız yarışma keçirilən gün məşqlər zamanı mikrofondan istifadə etmələrinə imkan verilir. Gənc xanəndələri muğam müsabiqəsinin öz ansamblı müşayiət edir. Ansamblın idarə olunmasında da qayda var. Tarla kaman ifaçıları növbə ilə bir-birilərini əvəz etsələr də, digər alətlərdə ifa edənlər növbəsiz çalışırlar.
Səhnədə yeni bir ifaçı görünür. Ağsu rayonundan gəlmiş Daşqın Kürçaylı "Şikəsteyi-fars" oxuyur. Təmkini, mükəmməl ifa tərzi, məlahətli səsi, adamı özündən alan zəngulələri ilə Daşqın həm yarışma iştirakçılarını, həm musiqiçiləri, həm də məşqdə iştirak edən azsaylı tamaşaçıları və jurnalistləri ifası ilə heyran edir. Məşqlər başa çatandan sonra Daşqınla da söhbət etmək imkanımız oldu.
- Muğam müsabiqəsinin təşkilatçılarına təşəkkürümü bildirirəm. Buraya gələndən muğamın çox sirlərini öyrənmişəm. Məsuliyyət hissim daha da artıb. Tamaşaçı tələbkarlığını hiss edirəm. Öz üzərimdə daha çox çalışıram. İnanın ki, birinciliyə o qədər də can atmıram. Hədəfim o deyil. Məqsədim yaxşı xanəndə olmaqdır. Muğamımızın yaşamasında mənim də azacıq rolum olarsa, bu, mənə bəs edər. Dostlarımdan kim uğur qazansa, onu özümünkü bilib çox sevinərəm.
Beynəlxalq Muğam Mərkəzində olduğumuz müddətdə Nərgiz Cabbarovanın, Ülkər Abdullayevanın, Fuad Əzizzadənin, Vüsal Qasımovun ifasında bir-birindən maraqlı muğamlar, təsniflər dinlədik. Musiqi bütün insanların, dünyanın anlayacağı, danışa biləcəyi dildir. Kaş ki, dünyanın hər yerində silahlar yox, musiqi alətləri dil açıb danışaydı. Körpələr güllə səsinə yox, musiqi sədaları ilə sabahlarını açaydılar...
Elşən
QƏNİYEV,
Azərbaycan.-2022.- 9 iyul.- S.12.