Ürəklərdə yaşayan lider

 

 

Tanrı onu sanki bir millətin taleyini dəyişmək üçün yaratmışdı. Ən çətin məqamlarda xalqını bəlalardan, təhlükələrdən xilas etmək üçün göndərmişdi. Birinci dəfə hakimiyyətə gəlməmişdən öncə də elə idi... Azərbaycan ümidsizlik  girdabına düşüb son günlərini yaşayan talesiz bir xəstəyə bənzəyirdi. İqtisadi tənəzzül, sosial vəziyyətin ağırlığı adamları yormuşdu. Bir tərəfdən də sovet repressiya maşını insanların gözünü qorxutmuşdu. Heç kim səsini çıxara bilmirdi.

Keçmiş SSRİ-i rəhbərliyində, dövlətin ən yüksək eşalonunda vəzifə tutan ermənilər də Azərbaycanın düşdüyü bu vəziyyətdən məharətlə istifadə edərək ölkəmizi məkrli niyyətlərinin poliqonuna çevirə bilmişdilər. Ötən əsrin 60-cı illərində respublikamızda nəinki SSRİ-nin, Avropanın ən iri kimya kombinatlarının inşasına başlanmışdı. Artıq 1968-ci ilədək Bakının bir addımlığında, Sumqayıtda  bir-birinin ardınca kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu işə salınmışdı. Şəhər əsl kimya laboratoriyasını xatırladırdı. Hələ neçə-neçə kimya zavodunun da tikintisi planlaşdırılırdı. Özü də şəhərin ya mərkəzində, ya da  mərkəzə yaxın yerlərdə. Bunun nəticəsi olaraq o zaman Sumqayıtın ekologiyası artıq fəlakət həddinə çatmışdı. Atmosferə hər il  orta hesabla 96,5 min ton  zəhərli maddə buraxılırdı. Sumqayıt dünyanın yeganə şəhəri idi ki, üç müəssisəsində  xlor istehsal edilirdi. Küləyin sürəti saniyədə 15-20 metr, orta hesabla ilin 75 gününun küləkli keçdiyi şəhərin ekoloji vəziyyətini təsəvvür etmək o qədər də çətin deyildi. Elə bunun nəticəsi olaraq, Sumqayıt o dövrün ölü şəhəri statusu qazanmışdı. Şəhər əsl fəlakət zonasına, ölüm koordinatına çevrilmişdi. Uşaq ölümünə, qan xəstəliklərinə, şikəst  doğulan körpələrin sayına görə keçmiş SSRİ-də liderlik edirdi.

Belə bir zamanda Tanrı Azərbaycanı Heydər Əliyevlə mükafatlandırdı. Xalqımızın xilaskar oğlu  Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Təsadüfi deyil ki, Ümummilli Lider hakimiyyətə gəlişinin ilk ilində Mərkəzi Komitənin Plenumunu Sumqayıtda keçirdi. Bu, çox ciddi  bir mesaj idi. Qısa vaxtda Sumqayıt tikinti meydançasına çevrildi. Şəhərdə səkkiz mikrorayon salındı, məktəblər tikildi, mədəni-maarif, elm, istehsal müəssisələri inşa edildi. Yüngül sənaye və maşınqayırma sənayesinin inkişafına diqqət artırıldı. Qısa bir zaman kəsiyində o dövrdə SSRİ-nin ən iri trikotaj fabriklərindən biri hesab edilən Sumqayıt Trikotaj Fabriki tikilərək məhsul istehsalına başladı. Əhalinin həyat şəraitini yaxşılaşdırmaq, şəhərin fasiləsiz su təminatını təchiz etmək məqsədilə Samur-Abşeron su kanalı çəkildi, şəhərətrafı yaşıllıqlar salındı.

Proqmatik və uzaqgörən liderin bütün şüurlu fəaliyyəti Azərbaycanın gələcəyinə, istiqlalına yönəlmişdi. SSRİ-nin ümumi büdcəsindən Azərbaycana bacardıqca daha çox  vəsait ayrılmasına çalışan  respublika rəhbəri Heydər Əliyev gələcəkdə ölkənin özünü müstəqil idarə etməsi, iqtisadiyyatının asılılıqdan qurtarması üçün bütün qüvvəsini sərf edir, müstəqil iqtisadi sistemin yaranması üçün var gücü ilə çalışırdı. Uzaqgörən dahi şəxsiyyət öz şəxsi nüfuzundan ölkəmizin maraqları naminə istifadə edərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini N.Tixonovu ölkəmizə dəvət edərək neft-kimya sənayesinin yeni Avropa texnologiyası əsasında qurulmasına nail oldu. AlmaniyaÇexoslovakiya istehsalı olan layihə gücü etilenə görə 300, propilenə görə 138 min ton olan EP-300 qurğusunu respublikamıza gətizdirməyə nail oldu. SSRİ dövrü üçün bu, əsl iqtisadi hadisə idi. 1970-1980-ci illər Azərbaycan öz iqtisadi potensialına görə ittifaqın iqtisadi cəhətdən ən qüdrətli respublikasına çevrildi. Qısa zamanda respublikamız ölkənin ixracat bazarının əsl təminatçısı oldu. Azərbaycanda istehsal olunan məhsul SSRİ-nin 700-dən çox şəhərinə ixrac edilirdi.

Respublikamız əsl intibah dövrünü yaşayırdı. Bütün sahələrdə inqilabi dəyişikliklər baş vermişdir desək, mübaliğə etmiş olmarıq. İnsanların yaşam həvəsi artmışdı. Adamlar əməyə yaradıcı münasibətlə yanaşırdılar. Sözün yaxşı mənasında, ölkədə bir rəqabət var idi. Azərbaycanda elmin inkişafına xüsusi diqqət, qayğı göstərilirdi. Gənclərimizin SSRİ-nin ən yaxşı ali təhsil müəssisələrində təhsil almaları üçün dövlət qayğısını bir an belə əsirgəmirdi. Azərbaycan  ədəbiyyatında yeni bir mərhələ başlanmışdı. Şair və yazıçılarımızın əsərləri müxtəlif dillərə tərcümə edilərək dünyada tanıdılırdı. Azərbaycan musiqisi dünyanı fəth edirdi. Yeni bəstəkarlar nəsli yetişməkdə idi... Ölkəmizin tanınmış ədəbiyyat, elm, sənət adamlarına o dövrün ən yüksək fəxri adları, Sosialist Əməyi Qəhrəmanı adlarının verilməsi artıq bir ənənə halını almışdı.

Respublikamızda işsizliyin səviyyəsini minimuma endirmək məqsədilə yeni yerləri yaradılırdı. Azərbaycan aqrar bir respublikadan sənaye ölkəsinə çevrilmişdi. 1970-ci illərdə respublikamızda keçmiş SSRİ-də ilk dəfə Yaponiyanın "Hitaşi"  firmasının lisenziyası əsasında məişət kondinsionerləri zavodu fəaliyyətə başlamışdı. Zavodda ildə 500 min ədədə qədər məhsul istehsal olunurdu. Bu  zavodun istehsal etdiyi məhsullar keçmiş SSRİ ilə yanaşı, dünyanın bir sıra ölkələrinə, o cümlədən Kuba, Çin, İran, Misir, Avstraliyaya da ixrac olunurdu. Keçmiş SSRİ-nin neft sənayesində istifadə olunan avadanlıqların əksəriyyəti Azərbaycan zavodlarında istehsal edilirdi. Eləcə də respublikamızın inşaat sektorunda da təkamül baş vermişdi. İnşaatçılar 1 saylı evtikmə kombinatının keçmiş ittifaqın müxtəlif şəhərlərində möhtəşəm layihələr həyata keçirirdilər.

Ulu Öndər Heydər Əliyevin bir qayəsi də olub: Azərbaycanı müstəqil görmək. Təbii ki, SSRİ kimi bir imperiyanın tərkibində fəaliyyət göstərib bunu dilə gətirmək o zaman mümkün deyildi. Bunun bədəli olduqca ağır olardı. Amma görülən işlər, uzaqgörən siyasət müstəqilliyimizə hesablanmışdı. Bununla bağlı bir faktı göstərmək kifayət edər. 19 aprel 1971-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması Ulu Öndərin həmin məqsədindən irəli gəlirdi. Bu gün ölkəmizin hərbi, müdafiə qüdrətinin artmasında, torpaqlarımızın işğaldan azad olunmasında bu məktəbin məzunu olmuş hərbçilərimizin, zabitlərimizin müstəsna xidmətləri var.

Tanrı ona böyük zəka, yüksək idarəetmə qabiliyyəti, qətiyyət, güc, qüdrət vermişdi. Dahi rəhbər bunlardan xalqımızın işıqlı gələcəyi, dövlətimizin bu günü üçün istifadə edirdi. Tükənməz enerjisini, biliyini, bacarığını Azərbaycana sərf edirdi. Fitri istedadı, bacarığı onu SSRİ kimi nəhəng bir dövlətin ən yüksək vəzifə iyerarxiyasının zirvəsinə apardı. Ulu Öndər SSRİ rəhbərliyində yüksək vəzifə tutarkən də bütün fəaliyyəti boyu Azərbaycan xalqını dünyaya tanıtdırmaqla məşğul idi. Bu xalqın oğlu olduğuna görə qürur duyurdu. Adı və əməli fəaliyyəti ilə tandem yaradırdı. Heydər Əliyev adı çəkiləndə Azərbaycan, Azərbaycan adı çəkiləndə Heydər Əliyev başa düşülürdü. Bəzən Azərbaycanı tanımayanların, harada yerləşdiyini bilməyənlərin yanında kifayət edirdi ki, Ulu Öndərin adı çəkilsin.

Ürfan fəlsəfəsinə görə, bu dünyada heç nə təsadüfi deyil. Hər bir insan dünyaya bir missiyanı yerinə yetirmək üçün gəlir. Tanrı Ümummilli Lideribu milləti, bu dövləti xilas etmək üçün yaratmışdı. Ən çətin məqamlarda meydana çıxıb bu ağır missiyanı yerinə yetirmək təsadüfi ola bilməz. Sözsüz ki, burada bir İlahi hikmət var... Birinci hakimiyyəti illərində Azərbaycanı iqtisadi bataqlıqdan, yoxsulluqdan, məkrli insanların məngənəsindən çıxarıb dünyaya tanıtdı. Müstəqilliyimizin ilk illərində isə qarşıdurmadan, vətəndaş müharibəsindən, vətəni parçalanmaqdan, dövləti məhv olmaqdan xilas etdi. Ömrünü xalqına həsr etmiş, örnək bir həyat yaşayıb xalqın qəlbində əbədi məskən salmış Ulu Öndər öz həyatı haqqında danışarkən "Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam" demişdir. İllər, əsrlər keçəcək, xalqının şərəfli tarixini yaradıb, adını yaddaşa yazan bu böyük İnsan həmişə ürəklərdə yaşayacaq, ehtiramla anılacaq.

 

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 14 iyul.- S.6.