Baş nazir Əli Əsədov Yaponiyanın ölkəmizdəki
səfirliyinə gedərək sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar
başsağlığı verib
Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də
Yaponiyanın ölkəmizdəki səfirliyinə gedərək
görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo
Abenin ölümü ilə əlaqədar
başsağlığı verib.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, Baş nazir Ə.Əsədov səfirlikdə
açılan matəm kitabına Şinzo Abenin sui-qəsd nəticəsində
ölməsi xəbərini sarsıntı və dərin kədər
hissi ilə qarşılandığını yazıb.
Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şinzo Abenin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğu qeyd edilib. Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında onun böyük xidmətləri təqdir olunub.
Həmçinin mərhumun ailəsinə və
yaxınlarına, dost Yaponiya
xalqına dərin hüznlə başsağlığı verilib.
Azərbaycan.-2022.- 14 iyul.- S.2.