Əmək Münasibətlərinin
Tənzimlənməsi və Koordinasiyası
Komissiyasının növbəti iclası keçirilib
Prezident
İlham Əliyevin 2017-ci il 17 mart tarixli Sərəncamı ilə
yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi
və Koordinasiyası Komissiyasının növbəti
iclası keçirilib.
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr və kommunikasiya şöbəsindən
AZƏRTAC-a bildirilib ki, iclasda “Azərbaycan Respublikasında
qeyri-formal məşğulluğun qarşısının
alınmasına dair Tədbirlər Planı”nın və bu
sahədə verilmiş digər tapşırıqların
icrası, nəticələri və qarşıda duran vəzifələr
müzakirə edilib.
Baş
nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi
və Koordinasiyası Komissiyasının sədri Əli
Əhmədov qeyri-formal məşğulluğun
qarşısının alınması sahəsində
görülmüş işlər və əldə edilən
nailiyyətlər barədə məlumat verib. Hesabat
dövründə “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun
qarşısının alınmasına dair Tədbirlər
Planı” çərçivəsində verilmiş
tapşırıqların icrasının davam etdirildiyi
bildirilib, bu sahədə nəzarəti həyata keçirən
orqanların fəaliyyətinin əlaqələndirilməsi,
qəbul olunmuş qanunvericiliyin icrasına nəzarətin
gücləndirilməsi, qeyri-formal məşğulluqdan formal
məşğulluğa keçidin
stimullaşdırılması, maarifləndirmə tədbirlərinin
həyata keçirildiyi vurğulanıb.
İclasda,
həmçinin avtomobil nəqliyyatı və pərakəndə
ticarət sahələrində qeyri-formal məşğulluğun
qiymətləndirilməsi və aradan qaldırılması
yolları ilə bağlı məruzələr dinlənilib.
Əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev,
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd
Musayev və Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ülvi Mehdiyev çıxış edərək, müzakirə
olunan məsələlərə münasibət bildiriblər.
İclasda
Əmək Münasibətlərinin Tənzimlənməsi və
Koordinasiyası Komissiyasının 2022-ci ilin birinci
yarımilliyi üzrə fəaliyyətinə dair Azərbaycan
Respublikası Prezidentinə təqdim ediləcək
hesabatın layihəsi müzakirə edilərək qəbul
olunub.
Sonda
Komissiyanın sədri qarşıda duran vəzifələrin
icrasının gücləndirilməsi istiqamətində
müvafiq tapşırıqlar verib.
Azərbaycan.-2022.- 14 iyul.- S.2.