Koronavirus geri qayıdır, meymunçiçəyi isə
sürətlə yayılır
Ümumdünya
Səhiyyə Təşkilatı son iki həftə ərzində
xəstəliyə yoluxma hallarının 30 faiz
artdığını bəyan edib
Son həftələrdə dünyada COVID-19-a yoluxma halları artmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına görə,
son iki həftədə
xəstəliyə yoluxma
halları 30 faiz artıb.
Bununla belə, indiyədək aparılan vaksinasiya prosesi nəticəsində
xəstəxanalara yerləşdirmələrin
və ölüm hallarının az
olduğu bildirilir. ÜST-ün baş
direktoru Tedros Adhanam Gebreyesus pandemiyanın hələ heç yerdə bitmədiyini açıqlayıb.
Avropa Dərman Agentliyi də (EMA) Avropa İttifaqında COVID-19 epidemiyasının
yeni dalğasının
başladığını və
bu dalğanın
Aİ-nin bir çox ölkəsində
"Omikron" ştamının
yüksək yoluxucu mutasiyaları ilə idarə olunduğunu bildirib. Qeyd edilir ki,
BA.4 və BA.5 variantlarının
bütün qitədə
dominantlığı gözlənilir
və bu variantlar iyulun sonuna kimi digər
növləri əvəz
edə bilər.
Bu səbəbdən də əksər ölkələrin səhiyyə
qurumları əhalini
koronavirus əleyhinə
peyvənd olunmağa,
eyni zamanda qaydalara əməl etməyə çağırırlar.
Avropada dördüncü doza vaksininin tətbiqinə başlanılır
Görülən tədbirlər sırasında
infeksiya əleyhinə
peyvəndin vurulması
əsas yer tutur. Eyni zamanda peyvəndin
müəyyən müddət
sonra qoruyuculuğunun azalması nəzərə
alınaraq, bəzi ölkələrdə artıq
dördüncü doza
vaksinin tətbiqinə
başlanılıb. Avropa Dərman
Agentliyi də dördüncü doza peyvəndin vurulmasını
tövsiyə edir.
İtaliya Səhiyyə Nazirliyinin qərarına əsasən,
ölkədə COVID-19 infeksiyası
əleyhinə aparılan
vaksinasiya kampaniyasının
növbəti mərhələsi
çərçivəsində yaşı 60-dan yuxarı
xroniki xəstələr
və yaşlılar üçün peyvəndin
dördüncü dozası
tətbiq olunacaq. İlk buster dozanın
qəbulundan ən azı 120 gün sonra infeksiya əleyhinə vaksinin ikinci gücləndirici dozasını qəbul etmək tövsiyə olunur.
Azərbaycanda COVID-19-la bağlı vəziyyət
Azərbaycanda COVID-19-a yoluxma halları son həftələrdə artıb. Təbii ki,
insanların mövsümlə
əlaqədar istirahət
üçün müxtəlif
ölkələrə gediş-gəlişi,
bir yerdə çox vaxt keçirməsi ilə təmasların artması
yoluxma sayına təsir edir. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi
Bölmələrini İdarəetmə
Birliyinin (TƏBİB) birgə
məlumatında da qeyd olunur ki,
dünya ölkələrinin
bütün səylərini
koronavirus infeksiyası
ilə mübarizəyə
və profilaktik tədbirlərə yönəltmələrinə
baxmayaraq, pandemiyanın
qarşısını tam almaq
hələ də mümkün olmayıb.
Dünyada müşahidə olunan infeksiyanın yüksək
artım fonunda ölkəmizdə həyata
keçirilən mühüm
preventiv tədbirlər,
eyni zamanda əhalinin vaksinasiya prosesində aktiv iştirakı nəticəsində
son bir neçə ay
ərzində Azərbaycanda
epidemioloji vəziyyətin
sabit saxlanılmasına
nail olunub. Amma buna baxmayaraq,
ölkəmizdə COVID-19-a yoluxma hallarının sayında artım var. Odur ki, epidemioloji
vəziyyət səhiyyə
qurumları tərəfindən
diqqətlə izlənilir
və nəzarətdə
saxlanılır. Yoluxma dinamikası
intensivləşdiyi təqdirdə
müvafiq addımların
atılması məsələsinə
baxıla bilər.
Məlumatda o da qeyd olunur ki,
respublikada virusla mübarizə tədbirləri
çərçivəsində mövcud maddi-texniki baza, dərman təchizatı və kifayət qədər çarpayı fondu var. Vəziyyətlə əlaqədar
səhiyyə qurumları
vətəndaşları virusdan
qorunmaq üçün
ikinci dozadan və yaxud xəstəliyə
yoluxub sağaldıqdan
6 ay sonra qoruyucu immunitetin səviyyəsinin
azalmasını nəzərə
alaraq gücləndirici
(buster) doza ilə peyvəndləməyə çağırır.
Vaksinasiya ilə yanaşı,
xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir.
Koronavirusdan qorunmağın yeganə
yolu
COVID-19 infeksiyasına yoluxmuş şəxslər
əksər hallarda xəstəliyi yüngül,
lakin bəzi insanlar, xüsusən yaşı 65-dən yuxarı
və hər hansı yanaşı xəstəliyi olanlar nisbətən ağır
keçirirlər. Risk qrupuna daxil olan
vətəndaşlara sanitar-gigiyenik
qaydalara ciddi əməl etmələri,
koronavirusun əlamətlərini
duyduqda isə ilk növbədə sahə həkimlərinə məlumat
vermələri və
test nümunələrinin götürülməsi
üçün müraciət
etmələri tövsiyə
olunur.
Mütəxəssislər qeyd edirlər ki, hazırda yeni dalğa başlayıb və bu dalğanı yüngül keçirmək
üçün peyvənd
vurdurmalı və maska taxılmalıdır. Yəni xəstəlikdən
qorunmağın tək
yolu budur.
TƏBİB koronavirusa yoluxma saylarında artımları nəzərə
alaraq, əhalini bir daha diqqətli
olmağa çağırıb. Müraciətdə
qeyd olunub ki, sabun, su
və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əlləri yumaq, öskürərkən və
ya asqırarkən ağzı bükülmüş
dirsək və ya salfet parçası
ilə örtmək, daha sonra isə
həmin salfet parçasını dərhal
bağlı zibil qutusuna atmaq lazımdır: "Başqaları
ilə aranızda ən az bir
metr məsafə saxlayın, telefonlar, qapı dəstəkləri
kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin, qapalı məkanları tez-tez havalandırın, kütləvi toplaşma hallarından yayının,
bunun mümkün olmadığı zaman maskadan istifadə edin, ikinci dozadan
və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra
buster doza peyvənd vurdurun".
Meymunçiçəyinə yoluxanların sayı 10 minə yaxınlaşır
COVID-19-la yanaşı, dünyada yeni bir pandemiyanın da olduğunu unutmamalıyıq. Meymunçiçəyi virusu da yayılmaqda davam edir. Onun COVID-19 kimi pandemiya
olmadığı deyilsə
də, lakin infeksiya ilə əlaqədar həyəcan
təbili çalınır.
Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyilə bağlı son məlumatları paylaşıb. Təşkilatdan bildirilib ki, artıq dünya üzrə virusa yoluxanların sayı 10 minə yaxınlaşıb.
Qurumun baş direktoru Tedros Adhanom Gebreyesus təşkilatın Cenevrədəki baş qərargahında keçirilən mətbuat konfransında xəstəliklə bağlı son vəziyyəti dəyərləndirib. O, virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə yayıldığını deyib. Gebreyesus rəhbərlik etdiyi təşkilatın meymunçiçəyinə qarşı peyvəndlərin hazırlanması və yayılması ilə bağlı müvafiq ölkələrlə danışıqlara başladığını da açıqlayıb.
Qeyd edək ki, bu günə qədər bu virusdan 3 nəfər ölüb.
Virusun yayılma
yolları COVID-19-dan daha
genişdir. Yayılma sürətinin aşağı,
amma aqressivliyinin yüksək olduğu bildirilir. Xəstəlik, əsasən, Avropada
geniş yayılsa da, artıq qonşu ölkələrdə
- Türkiyə, Gürcüstan,
Rusiyada da ilk yoluxma faktları qeydə alınıb.
Bu da xəstəliyin
qısa zamanda Azərbaycana da gələ biləcəyi
ehtimalından xəbər
verir.
Səhiyyə Nazirliyindən ölkədə
meymunçiçəyinə yoluxma faktının qeydə alınmadığı,
hazırda durumun stabil olduğu və epidemioloji vəziyyətin izlənildiyi
bildirilib. Eyni zamanda yoluxma
faktı qeydə alınmadığından ölkəyə
gətirilən diaqnostik
testlərdən istifadə
edilmədiyi qeyd olunub.
Hər iki xəstəliyin yayılmasına
şərait yaradan isə insanların özləridır. Buna görə
də fiziki məsafənin saxlanılması
və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq ondan qorunmağın yeganə yoludur.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 14 iyul.- S.8.