"Ağ ölüm" millətin sağlam
həyat tərzi üçün çox təhlükəlidir
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində mühüm tədbirlər həyata keçirilir. İctimaiyyəti ciddi narahat edən narkomaniyaya qarşı Bakıda, eləcə də respublikamızın digər şəhər və rayonlarında maarifləndirici işlər aparılır. Narkotik maddələri gizli yolla əldə edib satanlara və ondan istifadə edənlərə qarşı hüquq-mühafizə orqanları tərəfindən mübarizə gücləndirilir.
Əməkdaşımız narkotikdən qorunmaq mümkündürmü, bunu hamı bilirmi kimi suallarla bu sahədə çoxillik təcrübəyə malik həkim-psixoloq Fidan Feyzullayevaya müraciət etmişdir. O demişdir:
- Psixoloqların, bir çox valideynlərin üzləşdiyi ən ağrılı problemlərdən biri narkomaniyadır. Bəzən valideynlər övladlarının gizli aludə olduğu bu bəladan xəbərsiz halda uşağının davranışında, əməllərində xoşagəlməz hallar barədə psixoloq kimi mənə də müraciət edirlər. Həkim, bəlkə başı pozulub, bəlkə qorxub, yıxılıb, bəzən günün müəyyən vaxtı özündən çıxır, həddindən artıq əsəbi gərginlik keçirir, özü də yaxşı oxuyan şagird olub, indi də tələbədir, son vaxtlar dərslərində də geriləmə hiss olunur və digər suallarla narahatlıqlarını bildirirlər. Müəyyən müayinələrdən və analizlərdən sonra valideynə deyəndə ki, oğlun, ya qızın narkotik maddə aludəçisidir, az qalır ürəyi getsin... Biz isə o kateqoriyadan olan "xəstələri" xüsusi ixtisaslaşdırılmış müəssisələrə müalicəyə yönləndiririk.
Televiziyada bəlkə də hər gün görürük, rəsmi mənbələrdən eşidirik ki, nə qədər belə maddə satanlar, narkokuryerlər saxlanılır. "Ağ ölüm" kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı təəssüf ki, ildən-ilə artmaqdadır. Narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Hazırda Yer kürəsinin 250 milyondan çox sakini planetimizin ən qlobal problemlərindən birinə çevrilən "ağ ölüm"ün əsirinə çevrilib. Bu statistikanın 47 milyon nəfəri Latın Amerikası ölkələrinin payına düşür. Təkcə Meksikada narkomaniyanın bəlasına düçar olmuş insanların sayı 1 milyon 200 min nəfəri ötmüşdür. Avropa Birliyi ölkələrinə gəldikdə isə orada da 750 minə yaxın insan narkotik maddə istifadəçisidir. MDB və Asiya ölkələrində isə bu göstərici 26 milyondan çoxdur. Yeri gəlmişkən, ekspertlərin fikrincə, bu rəqəm tam real gerçəkliyi əks etdirmir. Çünki narkomanların heç də hamısı qeydiyyata düşmür.
Görünən odur ki, narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Tibbi araşdırmalara görə, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminin, qaraciyər və böyrək kimi daxili orqanların ciddi zədələnməsinə yol açır. Əsəbi gərginlik və pozğunluq yaradır. Sonda ölüm halları baş verir. Erkən vaxtdan narkotik qəbul edən şəxslərin ömrü təxminən 35-40 yaş arası olur.
Narkotik maddə qəbuluna aludəçiliyin əsas səbəbləri bu maddələrə olan maraq, aşırı stres, kənar təzyiqlər və digər psixi asılılıqlardır. Müşahidələrdən o da məlum olur ki, narkotik maddələrdən istifadə edən gənclərin valideynləri əksər hallarda lazımi qədər sevgi, diqqət, qayğı, nəzarət və ailədaxili qaydaları olmayan ana-atalardır. Bəzi ailələrin isə basqın xarakterli, avtoritar olduğu üzə çıxır. Boşanmış, ayrı yaşayan, valideynlərdən birinin itirildiyi ailədən olan uşaqlar arasında bu cür maddələrin istifadəsi daha çox yayılmışdır. Ana-atanın düzgün nümunə və model olmaması da bu sahədə özünü biruzə verir. Problemlər qarşısında aciz qalan, yeni üsul və yollar axtarmayan, bu cür maddələr haqda yaxşı fikirdə olan ailələrin uşaqları risk qrupuna daxildirlər.
Ailə daxilində yeniyetmənin problemlərini bölüşə biləcəyi insanın olmaması da problemi gərginləşdirir.
Neçə illik təcrübədə görmüşəm ki, həddindən artıq qoruyuculuq və nəzarətin olduğu ailənin uşaqlarında da narkotik maddəyə meyillilik yaranır. Övladlarına qulaq asmayan, onları başa düşməyən, öz dəyərlərini davamlı olaraq təlqin edən, uşağın şəxsi xarakterinin formalaşmasına imkan verməyən valideynlər gələcəkdə uşaqları ilə bu və digər formada problemlər yaşayırlar.
Spirtli içki və narkotik maddə istifadəsi kişilərdə qadınlara nisbətən daha çox təsadüf edilir. Bəzən bunu davranış pozuntuları, qorxusuzluq, digər insanlarla hesablaşmamaq kimi qələmə verirlər. Psixoaktiv maddələrdən asılılığı olan insanlardan danışarkən "yetkinləşməyən", "nəfsinin qurbanı olan", "özünə inamı olmayan və özünü olduğu kimi qəbul edə bilməyənlər", "üsyankar", "insanlarla münasibət qurmaqda çətinlik çəkən" və digər ifadələr işlədilir. Psixoanalizə görə, psixoaktiv maddələrdən istifadə bu cür maddələrin beyinə təsiri nəticəsində istədiyi vaxtda həzz almaq, bunun nəticəsində yetkinliyin məsuliyyət və çətinliklərindən qaçmaq istəyən şəxslər üçün "ən yaxşı yol və hədiyyədir".
Statistik məlumatlara görə, bir sıra dünya ölkələri ilə müqayisədə Azərbaycanda narkotizm o qədər geniş yayılmasa da, amma fakt faktlığında qalır ki, dövlətin, ictimaiyyətin və hüquq-mühafizə orqanlarının ciddi mübarizəsinə baxmayaraq, respublikamızda da istifadəçilərin sayı və coğrafiyası artmaqdadır.
Ölkəmizdə narkomaniya ilə mübarizə məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, bu mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Azərbaycan Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" təsdiq edilib. Sərəncamın tələb və tövsiyələri baxımından narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir. İstər ali təhsil müəssisələrində, istərsə də orta məktəblərdə "Narkomaniyaya yox deyək!", "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" devizi ilə yığıncaqlar, görüşlər təşkil olunur. Tədbirlərdə narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığı, aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu diqqətə çatdırılır. Eyni zamanda narkotik asılılığın aradan qaldırılmasının çətin olmasına baxmayaraq, bunun mümkün olduğu və narkotiklərdən istifadə edənlərin erkən müraciəti müalicənin əksər hallarda uğurlu olması ilə müşahidə edildiyi xüsusi vurğulanır.
Narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu mümkündür. Fikrimcə, heç bir şagirdə şpris, maddə adı, deformasiyaya uğramış sümük, bədən göstərməyin faydası yoxdur. Biz gəncin daxili-xarici resurslarını aktivləşdirməliyik, onda idmana, istəyində olduğu məşğuliyyətə, kitaba, mütaliəyə meyillilik yaratmalıyıq. Birmənalı olaraq başa düşülməlidir ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükəlidir. Narkomaniya ilə əvvəl psixoloji, sonra isə sosial və tibbi mübarizə aparılmalıdır. Doğrudur, bəzən dərmanlar qəbul etməyi, yaxud qanda narkotiklərin yuyulması prosesini həyata keçirməyi müalicə hesab edirlər. Lakin bu, müalicə deyil. Bu, narkotiklə zəhərlənmədən xilasdır, yaxşı halda xəstə zəhərlənmədən xilas olur, amma narkotikdən asılılıq qalır. Həmin asılılıqdan xilas olmaq üçün çoxşaxəli müalicə alqoritmi qurulmalıdır, çünki bu zaman mütləq depressiya əleyhinə müalicə aparılmalıdır. Narkotiklərdən istifadə edənlərin erkən müraciəti çox hallarda uğurlu müalicə ilə nəticələnir. Narkotik istifadəçiləri çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatını itirmiş olurlar. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər. Dövlətimiz lazımı kömək göstərir, eyni zamanda gənclərə yardım etməyə hazır olan xeyriyyəçilər, mütəxəssislər var.
Söhbəti yazdı:
Rəhman SALMANLI,
Azərbaycan.-2022.- 14 iyul.- S.8.