Azərbaycan iqtisadi sahədə daha bir rekorda imza atmaq ərəfəsindədir

 

İlin sonunadək valyuta ehtiyatlarımızın 60 milyard dollara yaxınlaşacağı gözlənilir

 

 

BMT-nin ekspertləri bildirirlər ki, 2022-ci ildə qlobal inflyasiya 6,7 faizə çatacaq. Təhlükəli məqam ondan ibarətdir ki, bu rəqəm 2010-2020-ci illərdəki 2,9 faizlik orta göstəricini iki dəfədən artıq üstələyə bilər. Çünki Qərbi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində inflyasiya artmaqdadır və statistik rəqəmlərdə təskinlik gətirən göstəriciləri axtarmaq mənasızdır.

Ekspertlər hesab edirdilər ki, qlobal inflyasiya müvəqqəti xarakter daşıyacaq. Bu da ondan xəbər verir ki, onlar Ukraynadakı uzunsürən münaqişənin, bazarların təkliflərində yaranan fasilələrın qlobal bohranı dayanıqlı prosesə çevirəcəyini öncədən görə bilməmişlər. BMT-nin mütəxəssisləri etiraf edirlər ki, ərzaq və enerji qiymətlərinin artması iqtisadiyyatın qalan hissəsinə təsir edirbu da öz növbəsində baza inflyasiyasının artmasına səbəb olur.

Ən ağır zərbə isə aqrar sektora dəyir. Belə ki, cari il boyu əmtəə qiymətlərinin yüksək qalacağı ehtimal edilir. Rusiya Federasiyası və Belarusdan gübrə ixracının azalması ilə yanaşı, 2021-ci ilin ortalarından Çindən gübrə ixracının məhdudlaşdırılması bütün planetin aqrar sektorunda məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Bir sözlə, qlobal inflyasiya davam edəcəkmi sualına nikbin cavab vermək mümkün deyil. Üstəlik, inkişaf etmiş ölkələrdə bugünkü rekord səviyyədə aşağı işsizlikişçi qüvvəsi çatışmazlığı da inflyasiya təzyiqlərini artırır. İnkişaf edən ölkələrdə isə inflyasiya təzyiqləri tədiyyə balansında problemlərin yaranmasına səbəb olur. Yerli valyutalar zəiflədikcə bu proses daha da güclənir. BMT-nin ekspertlərinin son sözü belədir ki, bütün əlamətlərinə görə cari inflyasiya dövrü 2007-2008-ci illərdəkindən daha uzunmüddətli olacaq.

Bu davamlı inflyasiya təzyiqi mərkəzi bankları pul siyasətini sərtləşdirməyə sövq edir. Yüksək faiz dərəcələri olan ölkələrdə, xüsusilə Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrində böyük faizlər artıma zərər verəcək. Bu ona görə baş verəcək ki, daha yüksək borclanma xərcləri nəinki investisiyaları azaldacaq, həm də inkişaf etmişinkişaf edən ölkələr arasında kapital axınındakı fərqləri qütbləşdirəcək.

Azərbaycan iqtisadçıları və ekspertləri də öz baxış bucaqlarından bu məsələni araşdırırlar. O cümlədən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi  (İİTKM) dünyada gedən qlobal prosesləri nəzarətdə saxlayır, mütəmadı və maraqlı analizləri və ekspert rəyləri ilə çıxış edir, proqnozlar verirlər.

Sözügedən məsələ barədə İİTKM bildirir ki, bu gün nəinki ən zəif ölkələr, hətta aparıcı dövlətlər belə, qlobal böhranın məngənəsindədir. İİTKM-in icraçı direktoru, professor  Vüsal Qasımlı belə hesab edir ki, bu gün qlobal iqtisadiyyatın əsas problemlərindən biri inflyasiyadır. Bu zəmində ərzaq məhsullarının bahalaşması  daha ciddi  problemlərin yaranmasına səbəb olur. Və artıq dünyada ərzaqla bağlı üsyanların baş verdiyini müşahidə etmək mümkündür.

Professor V.Qasımlı dünyanın inflyasiyadan əziyyət çəkdiyi bir dövrdə Azərbaycanın atdığı addımları yüksək qiymətləndirir və Prezidentin göstərişi ilə bu ilin əvvəlində Nazirlər Kabinetinin  antiinhisar tədbirləri paketini qəbul etdiyini bildirir: "Bir neçə istiqamətdə yeniliklərin tətbiq edilməsi qərara alınıb: ərzaq səbətinin tərkibi yenidən nəzərdən keçiriləcək, vacib ərzaq məhsulları idxal edilməkdənsə, ölkədə istehsal olunacaq, idxal olunan ərzaq məhsulları isə əlavə dəyər vergisindən və bir çox rüsumlardan azad ediləcək. Bazarlarda süni qiymət artımının qarşısının alınması üçün monitorinqlər hazırlanacaq".

Hazırda Azərbaycanda 13 faizlik inflyasiya müşahidə olunur. Hədəf isə inflyasiyanın 2-5 faiz civarında saxlamaqdır. Əgər qonşu dövlətlərə nəzər salsaq, Türkiyədə və Rusiyada inflasiyanın faiz hədlərinin bizdən daha çox olduğunu görəcəyik. Çünki  İİTKM-in ekspertlərinə görə, Azərbaycanda inflyasiyanın təhlükəli həddi keçməsinə imkan verilmir. Vüsal Qasımlının mövqeyi belədir: "Çalışırıq ki, bu inflyasiya insanların həyat tərzinə daha az mənfi təsir göstərsin, biznes gözləntiləri ilə bağlı problem yaratmasın. İnflyasiya bizdə 13,7 faiz olduğu halda, ilk beş ayda insanların nominal gəlirləri 19 faizdən çox artmışdır".

Azərbaycanda inflyasiyanın nisbətən aşağı olmasının əsas səbəblərindən biri də manatın sabitliyinin qorunması ilə bağlıdır. V.Qasımlıya görə, iqtisadiyyatda hər bir şeyin öz qiyməti mövcuddur:  "Ümumiyyətlə, iqtisadi artımın da öz qiyməti vardır.  İqtisadi artımı həyata keçirən ölkə xarici borclanmaya gedə bilər. Azərbaycanda xarici borcun ÜDM-ə nisbəti 12,5 faizdir. Bu rəqəm orta dünya göstəricilərindən 7-8 dəfə aşağıdır".

İİTKM-in araşdırmasında göstərilir ki, əgər Azərbaycanda manatın sabitliyi qorunmasaydı, ev təsərrüfatları və biznes ziyan çəkər, gözləntilər pisləşər, proqnoz vermək qabiliyyəti aşağı düşərdi. Azərbaycan ikinci yola getməmək üçün manatın sabitliyini qoruyur.  Professor V.Qasımlı belə hesab edir ki, bizim  iqtisadi artım daha keyfiyyətlidir, o, devalvasiyanın və inflyasiyanın, eləcə də milli təhlükəsizliyin hesabına deyil, daha çox iqtisadiyyatın səmərəli qurulması, düzgün istiqamətləndirilməsi, gəlirlərin daha düzgün bölünməsi və dövlət malliyyəsinin daha yaxşı idarə olunması sayəsində baş verir: "Azərbaycan Prezidentinin apardığı islahatlar burada daha səmərəli rol oynayır.  Ona görə də Azərbaycan bu gün digər dövlətlərlə müqayisə edildikdə daha rahat və əmin görünür. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan artıq MDB məkanında liderdir. Bu gün Azərbaycanın valyuta ehtiyatları 54 milyard ABŞ dollarını keçmişdir. Gözləntilər ondan ibarətdir ki, ilin sonunadək bu rəqəm 60 milyard dollara yaxınlaşacaq. Beləliklə yeni bir tarixi rekord əldə olunacaq. Azərbaycan valyuta ehtiyatlarına görə də regional liderdir.  bu valyuta ehtiyatlarının vacib elementidir".

Hərbi xərclərin məbləğinə gəldikdə isə bu dəfə büdcəni artıranda əsas istiqamətlərdən biri də milli təhlükəsizlik məsələləri ilə bağlı olmuşdur, çünki biz indi  Qarabağ azad edildikdən sonra milli təhlükəsizlik və müdafiə xərclərinin nə qədər səmərəli olduğunu gördük. 44 günlük Vətən müharibəsində iqtisadiyyat Azərbaycan Ordusuna işləyirdisə, indi ordu Azərbaycan iqtisadiyyatına işləyir.

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2022.- 14 iyul.- S.9.