Dövlət dayaq olanda

 

Sosial müdafiəyə ehtiyacı olan heç kəs diqqət və qayğıdan kənarda qalmır

 

 

Ölkəmizdə sosial-iqtisadi islahatların paralel aparılması iqtisadi inkişafı təmin etməklə yanaşı, əhalinin sosial müdafiəsini də genişləndirir. Bu baxımdan  cari ilin büdcəsinə yenidən baxılarkən ən çox vəsait ayrılan sahələrdən birinin  sosial sfera olması təsadüfi deyil.

Dövlətin bu istiqamətdə həyata keçirdiyi islahatlar həssas təbəqədən olan bütün insanları, xüsusən 44 günlük Vətən müharibəsi iştirakçılarını, o cümlədən qazilərini əhatə edir. Bunun üçün hətta qanunvericilikdə dəyişikliklər olunub. Məqsəd Vətənin müdafiəsində fədakarlıq edən insanların sosial müdafiəsini daha da yaxşılaşdırmaqdır.

Etiraf edək ki, bunun üçün ölkəmizin əlavə maddi imkanları da var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 9 faizya 238 milyon manat artmaqla 2 milyard 806 milyon manat təşkil edib. Cari ilin yanvar-iyun aylarında DSMF-nin sosial sığorta daxilolmalarında 12 faiz (236 milyon manat) artım qeydə alınıb. Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz (120 milyon manat) artaraq 2 milyard 591 milyon manata çatıb.

Əhalinin sosial müdafiəsi çoxsahəlidir. Belə ki, insanların dövlətin maddi dəstəyinə ehtiyacının yaranmasının səbəbləri müxtəlif ola bilir. Bu üzdən hər kateqoriyadan olan insanlara fərdi yanaşılır. Sosial sığortanın çoxşaxəli olması da bununla bağlıdır.

İnsanların işləməsi və öz güzəranını bu hesaba yaxşılaşdırması dövlətin marağındadır. Çox sadə bir səbəbdən - işləyib yaxşı gəlir əldə edən vətəndaşın dövlətin maddi yardımına ehtiyacı olmur. Üstəlik, dövlətə vergi ödəməklə ümumi inkişafa töhfə verir. Digər tərəfdən sosial sığorta ödəməklə özünün gələcək pensiya təminatını təmin etmiş olur. Bu səbəblərdən işləmək qabiliyyətində olan hər bir şəxsin məşğulluğunun təmin olunması hər iki tərəf üçün sərfəlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluğu Agentliyinin icra etdiyi "İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi" proqramı üzrə cari ilin 5 ayı ərzində 850 işsiz şəxsə yerinə göndəriş verilib. Onlardan 300-dən çox namizəd işə qəbul prosesini tamamlayıb. Bu proqram üzrə cari ilin ötən dövründə 80-dək, ümumilikdə isə 262 işəgötürənlə əməkdaşlığa başlanılıb və onlarla müqavilələr imzalanıb. Bağlanan müqavilə üzrə, əsasən, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 841 şəxs işlə təmin edilib. Onu da bildirək ki, işəgötürənlərlə bağlanan müqaviləyə görə, onların 1 il ərzində əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Qeyd edildiyi kimi, dövlət bütün kateqoriyadan olan vətəndaşların qayğılarının həll edilməsinə dəstək verir. O cümlədən köməyə ehtiyacı olan uşaqların problemləri  daim diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan uşaqların  əlilliklərinin müəyyən edilməsi, onlara reabilitasiya xidmətlərinin göstərilməsi üçün ölkəmizdə hər cür şərait var.  Göstərilən xidmətləri təkmilləşdirmək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, bu sahədə ən müasir avadanlıqlardan istifadə olunur. Bununla yanaşı, reabilitasiya mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Məqsəd hər bir uşağın yaşadığı ünvana yaxın ərazidə bu növ xidmətlərdən rahat istifadəsini təmin etməkdir.

Ötən ilin dekabrında fəaliyyətə başlayan Qəbələ Uşaq Reabilitasiya Mərkəzi də  bunun üçün yaradılıb. Müasir cihazlartibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş mərkəzdə hər cür şərait yaradılıb. Mərkəz tibbi, sosial, reabilitasiya tədbirlərinin aparılması yolu ilə 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial statusunun bərpası və onların cəmiyyətə inteqrasiya olunmasında önəmli rol oynayır. Onu da qeyd edək ki,  25 çarpayılıq müəssisədə ötən dövr ərzində regiondakı 1000-dən çox uşağa ambulatorstasionar formada  fizioterapevtik üsullar əsasında, həmçinin müasir avadanlıqlardan istifadə etməklə xidmətlər göstərilib.

 

 Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 14 iyul.- S.9.