"Qarabağ"dan möhtəşəm qələbə

 

Ağdam klubu Polşa "Lex"ini məğlub edib Çempionlar Liqasında növbəti mərhələyə yüksəldi

 

 

 

UEFA Çempionlar Liqası,  1-ci təsnifat mərhələsi

 

"Qarabağ" - "Lex" - 5:1

 

Qollar: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)

 

Baş hakim: Endryu Medli (İngiltərə)

 

Tofiq Bəhramov adına Respublika Stadionu

 

İlk oyun - 0:1

 

 

Tofiq Bəhramov adına Respublika Stadionunda futbol bayramı yaşanırdı. Havanın çox isti olmasına baxmayaraq, tribunalarda boş yer qalmamışdı. Azarkeşlər Qarabağı tərənnüm edən şərqilər oxuyur, şüarlar səsləndirirdilər.

Bir sözlə, hamı qələbəyə çox inanırdı. UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Polşa "Lex"inə 0:1 hesabı ilə uduzan Ağdamın "Qarabağ"  komandasının növbəti mərhələyə çıxacağına inam böyük idi.

Əslində, oyun gərgin mübarizə şəraitində keçdi. Oyunu daha çox müdafiədən qurmaqla "Qarabağ"ı əks-hücumda yaxalamaq taktikası seçən qonaqlar 20-ci saniyədə müdafiənin arxasına atılan topdan sonra görüşdə hesabı açdı. Əslində, bu qol komandamızı daha fərqli motivasiya ilə oynamağa sövq etdi. Qarşılaşmanın ilk 10 dəqiqəsində "Lex" topu özündə daha çox saxlamaqla "Qarabağ"ın zəif nöqtələrini araşdırmağa çalışırdı. Düzdür, ilk dəqiqələrdə daha çox qonaq komanda fəal görünsə , vaxt ötdükcə komandamız rəqibə qarşı üstünlük qazanmağa başladı. Qurban Qurbanovun oyun planı meydançada uğurla tətbiq edildi.

Futbolda taktika, oyun planı sair  çox vacib məsələlərdəndir. Ancaq əzmkarlıq, ruh yüksəkliyi, qələbə qazanmaq inadkarlığı komandaları qarşılaşmağa daha fərqli motivasiya edir. Məhz "Qarabağ" - "Lex" matçında bunun şahidi olduq. Ağdam klubu meydançanın "Lex"ə aid hissəsində tətbiq etdiyi pressinqlə qonaqların oyun qurmasına imkan vermədilər.  Qısa ötürmələrlə oyunu meydançanın rəqibə aid olan hissəsində keçirən ağdamlılar itirilən hər topdan sonra demək olar ki, Polşa təmsilçisini boş zonaya buraxmadılar.

Onu da əlavə edək ki, müdafiənin mərkəzində daha sayıq görünən Polşa klubu cinahlarda heç uğurlu deyildi. Çünki sağya sol cinah müdafiəçiləri hücuma qoşularkən itirilən toplardan sonra geriyə dönməkdə ciddi problemlər yaşayırdılar. Belə ki, hücumda çoxalıb, müdafiə olunmaqda say baxımından geri qalan "Lex"in matçın 14-cü dəqiqəsində Kadi Borqesin vurduğu bərabərlik qolundan sonra "Qarabağ"a həm oyun, həm də psixoloji olaraq təslim olduğunu  gördük.

Xüsusilə cinah ötürmələrinə üstünlük verən komandamız ikili mübarizədə də Polşa klubundan güclü idi. Qapıya uzaqdan vurulan zərbələrdən sonra geri qayıdan topların hamısına "Qarabağ" futbolçuları yiyələndilər.

Bir sözlə, "Qarabağ" meydançanın bütün zonalarında sona qədər mübarizə apardı. Bunun ardınca gələn qollar sayəsində qazanılan 5:1 hesablı qalibiyyət "Qarabağ"ı UEFA Çempionlar Liqasında 2-ci tənsifat mərhələsinə yüksəltdi. Bu mərhələdə rəqib isə İsveçrə çempionu "Sürix" olacaq. Komandalar arasında ilk qarşılaşma iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda, cavab matçı isə bir həftə sonra İsveçrədə oynanılacaq.

Qarşılaşmadan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının çıxışını yüksək dəyərləndirib: "Çox möhtəşəm qələbə oldu. Bu cür qalibiyyətlər nadir hallarda olur. Sadəcə, hər şey istədiyimiz kimi alındı. Futbolçular çox mübariz idilər. İlk saniyələrdə qol buraxsaq da, sınmadıq. Oyun intizamını saxladıq. Çox yaxşı komandaya qalib gəldik. Onların fərqli, sürətli oyunçuları var. Yaxşı əks-hücuma çıxırdılar. Bu, bir başlanğıcdır. İlk oyundan sonra hamı Polşa azarkeşlərindən danışırdı. Bu gün gördük ki, bizim fanatlarımız onlardan üstündürlər. Dünən dedim ki, 10 milyon insan bizim arxamızdadır. Bu gün bunun şahidi olduq. Yerimizdə dayanmalı deyilik. Daha ciddi, məsuliyyətli olmalıyıq. Futbolçuların mübarizəsi alqışalayiqdir".

Sonda qeyd edək ki, "Lex"in bu günə qədər Azərbaycan, "Qarabağ"ın isə Polşa klubları önündə aşkar üstünlüyü var idi. Yəni indiyə qədər "Lex" qarşılaşdığı bütün Azərbaycan, "Qarabağ" isə bütün Polşa klublarından üstün olmuşdu. Bu statistikanı kimin öz tərəfindən davam etdirəcəyi böyük maraqla gözlənilirdi ki, o da "Qarabağ" oldu.

"Qarabağ"ı, Qurban Qurbanovu obyektiv və subyektiv səbəbdən bəyənməyənlər, paxıllıq edənlər ola bilər. Lakin Ağdam klubunun  Qurban Qurbanovun hazırda Azərbaycan futbolunda ən güclü olduğunu qəbul və etiraf etmək lazımdır.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 14 iyul.- S.11.