"Nəyi gözləyirsiniz... Qələbə var, tərənnümü isə zəifdir"

 

"Azərbaycan"a cavab verirlər... və vermirlər

 

 

"Azərbaycan" qəzetinin 13 aprel 2022-ci il tarixli nömrəsində "Nəyi gözləyirsiniz..." adlı məqalə dərc etmişdik. Məqalədə gərəkli və ağrılı, daha çox narahatedici bir məsələyə toxunulmuşdu:

 

 Qələbə var, tərənnümü isə zəifdir!

 

 Başqa sözlə, kifayət qədər vaxt keçməsinə baxmayaraq, 44 günlük Vətən müharibəsi dövründə qeyri-adi qəhrəmanlıqlar göstərərək, 30 il erməni işğalında qalmış torpaqlarımızı azad edən qəhrəman əsgər və zabitlər, generallar və komandirlər haqqında, bütövlükdə xalqın bu şücaəti, müharibəsi və qələbəsi ilə bağlı ən müxtəlif janrlarda, yüksək tələblərə cavab verən əsərlərin yaradılmamasından narahatlıq ifadə olunurdu.

 

 Məsələ həm də kəskin və prinsipial qoyulurdu:

 

 Niyə sənət adamları real həyatda baş verənləri, şahidi olduqları hadisələri, eşitdiklərini, gördüklərini və bildiklərini "sənətin dilinə" çevirərək yenidən xalqa, bu hünəri və fədakarlığı göstərənlərə qaytarmırlar, beləliklə, sənət əsərlərində əbədiyaşarlılığı təmin etmirlər!

 

***

 

 Məqalədə qaldırılan problemlər və tutulan iradlarla bağlı müxtəlif qurumların mövqeyini öyrənmək üçün bir neçə ünvana məktublar da göndərmişdik.

 

 Həmin məktublara cavab verən də oldu, verməyən də...

 

 Cavablarda bizi qane edən məqamlar da oldu, etməyənlər də...

 

 Sən demə, bu problemi qaldıranlarla onu çözməli olanların mövqeləri fərqli, baxışları müxtəlif imiş...

 

 Əvvəlcə redaksiyamıza gələn cavab məktublarını müəyyən ixtisarlarla (həcmləri böyük olduğuna görə) diqqətinizə təqdim edirik:

 

 

"Sizin 15.04.2022-ci il tarixli "Azərbaycan" qəzetində yaradıcı təşkilatlara ünvanladığınız məqalənizə münasibət bildirərək qeyd edirəm ki, 44 günlük Vətən müharibəsi günlərində təşkilatımızı təmsil edən bəstəkar və musiqişünaslarımız daim baş verən hadisələri izləyərək bu tarixi şəraiti öz əsərlərində tərənnüm ediblər. Belə ki, 2020-ci il sentyabrın sonundan başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi dövründə Azərbaycan Bəstəkarlar İttifaqı xalqımızla birgə olmuş, baş verən hadisələrə ciddi reaksiya verərək, bir sıra bəyanatlar qəbul etmişdir...

 2020-ci il sentyabr-oktyabr aylarında Qarabağ uğrunda şanlı Azərbaycan Ordusunun apardığı Vətən müharibəsində xalqımızın hərbi-vətənpərvərlik ruhlu mahnı və marşlara tələbatının daha da artmasını nəzərə alaraq bu tələbatı ödəmək məqsədi ilə Azərbaycan bəstəkarlarının son dövrdə yaranmış vətənpərvərlik mahnıları və marşları toplanaraq, notları və səs yazıları Mədəniyyət Nazirliyinə təqdim olunub.

 2021-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Zəfər bayramının 1-ci ildönümü münasibətilə bir sıra tədbirlər həyata keçirilib...

 2021-ci il 2 noyabr tarixində Heydər Əliyev Sarayında keçirilmiş "Zəfər Günü"nə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı konsertdə bəstəkarlarımızın bu tarixi qələbəmizə həsr olunmuş əsərləri səsləndi.

 

 

Firəngiz Əlizadə,

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor"

 

***

 

"Azərbaycan" qəzetinin 15 aprel 2022-ci il tarixli 11 nömrəli məktubuna əsasən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun, o cümlədən şəhid olmuş və sağlamlıqlarını itirmiş əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıqlarının təbliği istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən görülmüş və görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumatı diqqətinizə təqdim edirik.

 

 Qoşma:5 vərəq.

 

Elnur Əliyev,

Mədəniyyət nazirinin birinci müavini"

 

***

 

"İlk öncə Rəssamlar İttifaqına ünvanladığınız maraqlı və dolğun məzmunlu məktubunuza görə Sizə təşəkkür edirik. Məktubda qeyd etdiyiniz bəzi nüanslarla biz də razıyıq. Sizin Azərbaycanda baş verən hadisələrə düzgün baxışınız sübut edir ki, yalnız şanlı Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və mükəmməl rəhbərliyi altında igid və qəhrəman ordumuz doğma Qarabağımızı işğal altından azad etdi.

Azərbaycan Rəssamlar İttifaqı son 30 il ərzində heç vaxt kənarda qalmayıb. Əsgərlərimizin qəhrəmanlıq və şücaətini, vətənpərvər xalqımızın mətanətini əks etdirən mövzularda rəssamlarımız tərəfindən əsərlər yaranmış, sərgi-müsabiqələr, sərgilər, simpoziumlar keçirilmişdir.

I Qarabağ müharibəsində rəssamlarımız qrup şəklində cəbhə bölgələrinə səfər edərək özləri ilə zəruri olan dərmanlar, daşnaklara qarşı təbliğat plakatları və karikaturalar aparıblar. Onlar həmin yerlərdə əsgərlərin portretlərini, döyüş səhnələrini çəkib, qayıtdıqdan sonra həmin eskizlər əsasında sərgilər təşkil olunub.

Qeyd edək ki, bütün bu 30 il ərzində Rəssamlar İttifaqı tərəfindən "Xocalı", "Soyqırımı" illik sərgiləri, eləcə də Azərbaycan və Qarabağ tarixinə aid sərgilər və sərgi-müsabiqələr keçirilir, ən yaxşı əsərlər Azərbaycan Rəssamlar İttifaqının diplom və mükafatları ilə təltif olunur.

 

Müzəffər Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük qəhrəmanlıq müharibəsi erməni işğalı qarşısında böyük qələbə ilə başa çatdı və torpaqlarımız azad olundu.

Azərbaycan Rəssamlar İttifaqı Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və qəhrəman ordumuzun mətanət və şücaətini təsviri sənət vasitəsilə nümayiş etdirmək məqsədi ilə rəssamlara müraciət etdi.

Rəssamlar tərəfindən Müzəffər Ali Baş Komandana, onun qəhrəman ordusuna həsr edilmiş plakatlar silsiləsi yaradılmış, karikatura sərgiləri açılmışdır.

Rəssamlar İttifaqı tərəfindən Şuşa şəhərinin tarix və mədəniyyətini əks etdirən "Şuşa ili" sərgisi üçün eskizlərin yaradılması məqsədi ilə müsabiqə elan edilib və bir sıra sərgi və tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

 

 

Fərhad Xəlilov,

Azərbaycan Rəssamlar İttifaqının sədri"

 

***

 

Hər məktuba görülən işlərlə bağlı geniş arayış da əlavə edilmişdir.

Təəssüf ki, həcmləri böyük olduğundan və bir də əsərlər əvvəlki dövrlərdə ərsəyə gətirildiyindən, başqa sözlə, qaldırılan problemin tələblərinə cavab vermədiyindən onları dərc etmək imkanımız olmadı!

Amma...

Məktubumuza cavab verməyənlər (sonralar telefon zəngləri ilə xatırlatmalar olsa da belə), problemə öz münasibətlərini bildirməyənlər də oldu.

Səbəbini yalnız ehtimal edə bilərik:

 

 

 

AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQI

 

Bu təşkilat hələ başı hayındadır! Təşkilati məsələlərlə məşğul olduqlarından yəqin ki, kimin məktuba münasibət bildirəcəyini öz aralarında həll edə bilməyiblər.

 

 

 

AUDİOVİZUAL ŞURA

 

Görünür, bu qurum yenə də telekanalların "yaradıcılıq siyasətinə" müdaxilə etmədiyini əsas gətirərək problemə münasibət bildirməkdən çəkinib. Üstəlik, özəl telekanallardakı məişət mövzusundakı bol-bol serialların daha vacib və gərəkliliyini dəstəkləyir.

 

 

 

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ

 

Yəqin bu mövzuda qələmə alınmış şeirlər və müxtəlif bədii nümunələr əsasında hazırlayıb, operativ qaydada buraxdıqları "Qarabağ dastanı" adlı kitabla kifayətləniblər.

 

***

 

Biz isə qaldırılan məsələnin öz aktuallığını hələ də saxladığını, 44 günlük Zəfər müharibəsi ilə bağlı say, keyfiyyət, sanbal, məzmun, mövzu rəngarəngliyi baxımından çox cüzi əsərlər meydana çıxdığını hesab edirik!

Yaradıcı insanlar qəhrəman Azərbaycan əsgərinə, zabitinə, general və komandanına çox borcludurlar!

Təbiidir ki, əsgərlərimiz, xüsusən şəhidlərimiz barədə çox deyilib, yazılıb, müxtəlif süjetlər çəkilib!

Amma bu şücaətə, bu qəhrəmanlığa layiq əsərləri hələ də görmürük!

Odur ki, mövzunu davam etdiririk!

 

 

 

KİMİ GÖZLƏYİRSİNİZ, YAXUD SİZİN İŞİNİZİ ƏVƏZİNİZƏ BAŞQASIMI GÖRMƏLİDİR?!

 

 

Son illər dövlət qurumlarında qəribə şakər yaranıb:

Qəzetin tənqidi çıxışlarına cavab verməmək!

Tənqidi yazıları görməzliyə qoymaq!

Yaxud ümumi sözlərlə cavab məktubu göndərərək, məsələni bağlamaq!

Tənqidi materiallardan 2-3 dəfə böyük yazını "cavab" kimi redaksiyaya ünvanlayaraq dərcini istəmək də yeni şakərlər sırasındadır.

Sanki tənqid edilən nöqsanlar bunlara aid deyil!

Elə bil həmin nöqsan və çatışmazlıqlarla bağlı heç bir ölçü də götürülməməlidir.

Sicilləmə cavabın üstüörtülü mənası isə budur ki, "baxın, biz işləyirik, siz isə nahaqdan bizləri tənqid edirsiniz, bu yazılanları özünüz də oxuyun, oxucularınız da!"

Əlbəttə, sağlam tənqidə sağlam da münasibət olmalıdır.

 

"Azərbaycan" qəzeti heç zaman heç kəsi haqsız yerə, tənqid xatirinə tənqid etmir!

 

İstəyirik ki, hər işimiz yaxşı olsun, diqqətdən kənarda qalan, yaddan çıxan, yaxud insanların umduğu, nəticə gözlədiyi məsələlər tez bir zamanda həllini tapsın!

Üstəlik, həmin nəticədən ayrı-ayrı insanlar da razı qalsınlar, ölkə vətəndaşları da!

Yaxanı qırağa çəkməklə heç bir problem həll olunmur, heç bir nöqsan və çatışmazlıq düzəlmir!

Bəli, biz də etiraf edirik:

Əsərlər var, tamaşalar var, musiqi var, seriallar var!

Keçilməz maneələri dəf edən, sıldırım qayalara dırmaşan, cığırlarla hərəkət edərək Şuşanı əlbəyaxa döyüşdə, düşməni məhv edərək geri qaytaran qəhrəmanlara layiq, onları vəsf edən nəsr və nəzm əsərlərimiz necə, varmı?

Yoxdur!

Qaçqın həyatından bəhs edən, mükafatlar alan səhnə əsərlərimiz var!

Azərbaycanın əsgər və zabitinin, şəhidlərin şücaətindən danışan dram əsərləri necə, yazılıbmı, varmı?!

Yoxdur!

Düşündürən simfonik əsərlər, qəlboxşayan bəstələr, ayaq üçün yazılan diringə mahnılar kifayət qədər olsa da, milyonların qanını coşduran, hamı üçün hitə çevrilən, çalınanda xorla oxunan marşlarımız necə, varmı?!

Yoxdur!

Hər gün saatlarla vaxtımızı alan, məişət dedi-qodularından bəhs edən, mənəvi dəyərlərimizi təhrif edən, bütün kanallarla yüzlərlə seriyası nümayiş etdirilən primitiv seriallarımız var!

Zəfər müharibəsindən söhbət açan, möcüzəvi qəhrəmanlıqlar göstərən, düşməni rəzil günə qoyan, canı-qanı bahasına Qarabağı geri qaytaran sərkərdə, general, zabit və əsgərlərin rəşadətindən bəhs edən seriallar necə, varmı, çəkilirmi?!

Yoxdur!

Xalqımız nə istəyir?

Bu qələbəni bizə nəsib edənlər - adi əsgərdən tutmuş Müzəffər Ali Baş Komandana qədər hamısı vəsf edilsin, şəhidlər, döyüşçülər, qəhrəmanlar barədə gözəl sənət əsərləri meydana çıxsın!

Həm də lap indi!

Sonraya saxlamadan!

Çünki I Qarabağ müharibəsindən yazmaq üçün "üstündən illər keçəndən sonra əsl əsərlər meydana çıxacaq" vədini verənlər sözlərinə əməl etmədilər.

Deməli, hadisələrdən isti-isti yazmaq, qəhrəmanlığı dərhal tərənnüm etmək lazımdır!

Yazmaqları bir yana, heç bu barədə çıxışlara, tənqidi məqalələrə, məktublara belə reaksiya vermirlər.

 

***

 

Azərbaycan bir dövlət olaraq bütün dünyanın gözü qarşısında 30 illik işğala son qoydu, 44 günlük Zəfər müharibəsində erməni faşistlərini torpaqlarından qovdu, ərazi bütövlüyünü bərpa etdi!

 

Bu şanlı qələbə:

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin şücaəti, hərb meydanında, diplomatiya və informasiya müharibəsində qəhrəmanlığı sayəsində qazanıldı.

İndiyədək Azərbaycan Ordusunun, əsgər və zabitlərinin, Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı və rəşadəti barədə hamının zövqünü oxşayan və razı salan, milyonların qəlbinə yol tapan, hitə çevrilən, məzmunu və sanbalı ilə seçilən, insanların həm qəlbinə, həm hisslərinə təsir göstərən əsərlər isə hələ də yoxdur!

Halbuki ölkəmizdə kifayət qədər adlı-sanlı, titullu, hətta deyərdik ki, daha artığına iddia edən yazıçı, şair, dramaturq, bəstəkar, rejissor, ssenarist, rəssam və digərləri vardır!

Gəlin bir qədər də açıq danışaq:

Əməkdar və Xalq artisti adları, Prezident təqaüdü almaq üçün yaxa cıran, bütün aşkar və gizli vasitələrə əl atan, telekanallarda, sosial şəbəkədə ah-vay edən, peşəkarlıqlarından, xidmətlərindən, istedadlarından yorulmadan söhbət açanlar indiyədək ortaya bir dəyərli əsər qoya bilməyiblər!

Ola bilsin ki, kimsə nəsə yazıb və özlüyündə onu şedevr hesab edir!

Amma 44 günlük Zəfər müharibəsindən sonra meydanda hamının bəyəndiyi və sevdiyi, dillərə düşüb ürəklərə yatan əsər görməmişik və görmürük də!

 

***

 

Şuşanın əlbəyaxa döyüşlə, topsuz, tanksız, raketsiz alınması bütün dünyanı heyrətə saldı, hərb tarixinə qızıl hərflərlə yazıldı.

Erməniyə sağalmaz yara vurdu, gözdağına çevrildi.

Azərbaycansevənlərin heyrət və məhəbbətinə səbəb oldu!

Prezident İlham Əliyev Şuşaya mədəniyyət paytaxtı statusu verdi!

2022-ci il "Şuşa ili" elan olundu!

2023-cü il üçün Şuşa Türk dövlətlərinin mədəniyyət paytaxtı adına layiq görülüb!

 

Bu gün Şuşaya dünyanın hər yerindən gələn qonaqların, bu qədim şəhərdə keçirilən yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin sayı-hesabı yoxdur!

Şuşaya gələn hər bir insan ona vurulur, sevgi və heyrətini gizlətmir.

Amma bütün hiss və duyğular mükəmməl bir əsərə, gözəl bir mahnıya çevrilməyib!

İki əsrdir Xan Şuşinskinin düzüb-qoşduğu "Şuşanın dağları başı dumanlı..." mahnısı dillərdən düşmür.

Az qala Şuşa şəhərinin himninə çevrilib!

Belə bir mahnı yazmaq olmazmı?!

Şuşanı geri qaytaran qəhrəmanları vəsf edən, qeyri-adi igidlikləri tərənnüm edən, Şuşada, Şuşa ilə bağlı tədbirlərdə hamının birlikdə, xorla oxuyacağı mahnını, marşı kim yazmalıdır?

Nə vaxt yazılacaq bu mövzuda əsər?

Yoxsa Xan Şuşinskidən başqa daha Azərbaycanda bəstəkar yoxdur?!

Qara Qarayev, Fikrət Əmirov, Mayestro Niyazi Azərbaycan muğamları əsasında qeyri-adi simfonik əsərlər yazdılar!

Bütün dünyanı heyrətə saldılar!

Əsərləri dünyanın ən böyük dövlətlərinin ən məşhur konsert salonlarında səsləndirildi.

Bu əsərlərin mayasında Azərbaycan muğamları ilə bərabər, xalq mahnıları, aşıq musiqisi də vardı.

 

Qəhrəmanlıq dastanlarından doğan, qan coşduran saz havaları, qədim musiqi aləti zurnada səsləndirilən, Koroğlu nərəsini, at kişnərtilərini xatırladan döyüş musiqiləri timsalında marşlar yazmaq, 44 günlük Zəfər müharibəsi qəhrəmanlarını şöhrətləndirmək, hörmətləndirmək, dillər əzbərinə çevirmək olmazmı?

 

***

 

Meydana girib dövlətdən umacaqlarını yorulmadan bəyan edənlər, özlərini qeyri-adi istedad sahibi sayanlar harda qalıblar?

Niyə səsləri eşidilmir?

Niyə meydana əsər qoymurlar?

Xalq misalında deyildiyi kimi: bu meydan, bu da şeytan!

Yoxsa yenə yazıb-yaratmaq üçün daha 30 il vaxt istəyirsiniz?

Əgər birinci 30 ilin heç bir məhsulu, faydası olmadısa, xalq onlara daha bir 30 illik "yaradıcılıq dövrü" verməlidirmi?

Görünür, artıq fəxri adların və imtiyazların ləğv edilməsi zamanı da çatıb!

Dünyanın demokratik ölkələrində olduğu kimi...

Sənətkarı əsəri tanıtmalı, şöhrətləndirməli, hörmət sahibinə çevirməlidir!

Dövlətin verdiyi fəxri adlar və titullar yox!

 

***

 

Biz qalib dövlətik!

Biz alnıaçıq, üzügülər xalqıq!

Biz "məğlubedilməz" Ermənistan ordusunu məhv etmişik!

Biz "məğlubedilməz erməniləri" torpaqlarımızdan iti qovan kimi qovmuşuq!

Biz XXI əsrin ən yeni müharibəsini aparmışıq!

Biz bütün dünya üçün örnəyə, nümunəyə çevrilən müharibənin müəllifləriyik!

 

Bizim bu qələbəni yaradan, bu qüruru, bu fəxarəti bizə yaşadan Müzəffər Ali Baş Komandanımız da, Ordumuz da, əsgər və zabitlərimiz də, qızıl qanları ilə bu qələbəni təmin edən şəhidlərimiz də ən yüksək tərifə, ən yüksək təltifə, ən yüksək mükafatlara layiqdirlər və ən dəyərli sənət əsərləri vasitəsilə tərənnüm edilməlidirlər!

Bu, onların halal haqqıdır!

Elə isə bir daha sual edirik:

Nəyi gözləyirsiniz?!

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2022.- 15 iyul.- S.3.