Cənnət görmək istəyən...

 

Qarabağ və Şərqi Zəngəzurda görülən quruculuq işləri həm bu bölgənin turizm potensialına hesablanıb

 

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə xatırlatmışdır: "Mən turizmiixrac növü hesab edirəm. Respublikamızda neftdən sonra ikinci gəlirli sahə turizmdir". Odur ki, ölkənin iqtisadi qüdrətinin daha da artması və Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün bu sahəyə xüsusi diqqət yetirilir.

Bu gün ölkəmizdə səyahətçilər üçün dünya standartları səviyyəsində şərait yaradılıb. Müasir nəqliyyat strukturu - gözoxşayan beşulduzlu Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də turistlərin daha çox üz tutduqları bölgələrdəki beynəlxalq hava limanları qonaqların xidmətindədir. Biz hələ paytaxt Bakıdan tutmuş bölgələrədək bir-birindən rahat yolları, gözəl hotelləri demirik. Demək olar ki, ölkəmizdə dünyanın bütün aparıcı hotellərinin brendləri fəaliyyət göstərir. Əsas məsələ odur ki, Azərbaycanda sabitlik var və gələn turistlərin təhlükəsizliyinə, səmərəli istirahətinə və gəzintisinə ciddi təminat var.

İndi MDB məkanında turistlərin daha çox üz tutduğu 10 ən yaxşı kurort və səyahət ölkəsi sırasında Azərbaycanın da adı çəkilir. Təbii ki, turizm sənayesinin çoxşaxəli olması, istirahətin təşkili üçün normal şəraitin mövcudluğu onların seçimində əsas amillərdəndir. Son illər ölkəmizdə bu sahənin inkişafı üçün Xəzərətrafı ərazilərdə və bölgələrdə sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərin inkişafına xüsusi diqqət yetirilib. Dövlət başçısının məqsədyönlü və balanslı xarici siyasəti, habelə uğurlu daxili siyasəti nəticəsində turistlər üçün Azərbaycan bu gün dünyada ən təhlükəsiz ölkə hesab edilir. Respublikamızda ilboyu turizm xidmətlərinin təqdim olunması onların təkrar bu yerlərə dönməsinə təsir göstərir. Dünyada olan 11 iqlim qurşağından 9-u Azərbaycandadır. Ölkəmizin tarixi mədəniyyət abidələri sırasında Qız qalası, Şirvanşahlar sarayı, Qobustan qayaları, Beşbarmaq dağı, Şəki xan sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Talış dağları və s. bu kimi ünvanlar turistlər üçün maraqlı olan məkanlardır.

Ötən ayın sonlarında Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə "Nuh diyarı - Naxçıvan": 2020-2023-cü illər üçün Birgə Fəaliyyət Planı" mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətləri və media nümayəndələri Naxçıvanda olublar. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etdikdən sonra Naxçıvan Biznes Mərkəzində keçirilən mərasimdə B2B (Biznesdən biznesə) formatlı görüşlərdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Daha sonra hər üç ölkəni təmsil edən assosiasiya rəhbərləri arasında ikitərəfli görüşlər olub.

Qonaqlar həmçinin Ordubad rayonuna səfər edərək qədim diyarın turizm imkanları ilə yaxından tanış olublar. Turizm şirkətləri və media nümayəndələri "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi, "Nuh Peyğəmbərin məzarüstü türbəsi" və "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksini ziyarət edərək bu məkanlar barədə ətraflı məlumat əldə ediblər. Bundan sonra iştirakçılar Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, "Duzdağ" Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə də tanış olublar.

Azərbaycanın turizm məkanları sırasında Qəbələnin öz yeri var. Son dövrlər aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr Qəbələni daha da füsunkar edib. Bu yerlərin turizm-istirahət mərkəzləri dağ, çay, meşə zolaqları ilə əhatə olunub. Hər bir obyektdə istirahət üçün gözəl şərait yaradılıb. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, alpinizm məşğələləri hər bir turisti maraqlandırır. Qonaqlar Qəbələnin adət-ənənələri, milli mətbəxi, mədəniyyət və tarixi, təbiəti ilə bağlı məlumat əldə edir, istirahətləri yüksək səviyyədə təşkil olunur. Statistika göstərir ki, öz məzuniyyətini Qəbələdə keçirən turistlərin sayında ilbəil artım müşahidə olunur.

Oğuz da turizm məkanı kimi məşhurdur. Son illər bu rayonda turizmin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Rayonun turizm mərkəzinə çevrilməsi üçün lazımi infrastruktur yaradılıb. Yenidənqurma işləri bu gündavam etdirilir. Çoxları gözəlliyinə görə bu rayonu "Azərbaycanın İsveçrəsi" adlandırırlar. Ərazisinin az qala yarısı meşələrlə örtülü Oğuzda çoxlu şəlalə, kükürdlütermal su bulaqları var. Ərazidə qədim tarix və memarlıq abidələrimövcuddur.

Bu günlər Qazaxıstanın "Weproject.media" internet portalında ölkəmizin geniş turizm potensialından bəhs edən "Qədim sivilizasiyaların izləri, nadir təbiət hadisələri və zəngin mətbəxi ilə tanış olmaq üçün Azərbaycana səfər etmək lazımdır" adlı məqalə yer alıb. Yazıda respublikamızın görməli yerləri, mətbəxi, təbiəti, turizmi və mədəniyyəti, eləcə də tarixi haqqında oxuculara ətraflı məlumat verilib. Daha sonra müəllif Azərbaycanı nadir Qarabağ atlarının vətəni olduğunu, ölkə ərazisində doqquz iqlim qurşağının mövcudluğunu, möcüzəli "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun, dünyadakı palçıq vulkanlarının demək olar ki, yarısının Azərbaycanda olduğunu da səyahətsevərlərin diqqətinə çatdırıb, Qobustan qayaüstü rəsmlərinin UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edildiyini qeyd edib, hər kəsə bu gözəl məkanda istirahət etməyi və gəzməyi məsləhət görüb.

İlyarım əvvəl əldə etdiyimiz Zəfər qələbəsindən sonra erməni işğalından azad edilmiş bölgələrə səfəri zamanı dövlət başçısı ictimaiyyət nümayəndələri ilə görüşlərində demişdir: "Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində... Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək".

Ötən ayın sonlarında Prezident İlham Əliyev Göygöl, Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı bir sıra obyektlərin açılışı ilə yanaşı, Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimində də iştirak etmişdir. Burada 34 hektar ərazidə salınacaq "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, dünya standartlarına uyğun 10 kottec tikiləcək. Ekspertlərin də qeyd etdiyi kimi, Prezident tərəfindən burada "İstisu" sanatoriyasının əsasının qoyulması onu göstərir ki, erməni işğalından azad edilmiş bütün bölgələrdə ən qısa zamanda turizm infrastrukturu bərpa ediləcək və dünyanın turizm həvəskarları bu cənnətməkan ərazilərə axın edəcək.

 

 Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 15 iyul.- S.11.